“Meliorasiya və Su Təsərrüfatı” ASC-ninn sədri Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadənin rəhbərlik etdiyi rayonda Azərbaycanınn tarixi abidələrinə qarşı ögey münasibət yerli sakinləri narazı salıb.
Bu barədə Strateq.az-a yerli sakinlər tərəfindən şikayət məktubu və çoxsaylı maraqlı fotolar daxil olub.
Məktubda bildirilir ki, Mübariz Əhmədzadə Zaqatala rayon İcra hakimiyyətinin başçısı təyin ediləndən sonra rayonda nəinki yaşıllıq ərazilər məhv edilərək, yerlərində ticarət məqsədli obyektlər tikilib, hətta rayonun tarixi abidələri də biznes məqsədiylə ayrı-ayrı şəxslərin sərəncamına verilib:
“Bəli, Mübariz Əhmədzadə bu dəfə Azərbaycanın tarixi abidələrini məhv etmək fikrinə düşüb. Sizə göndərdiyimiz fotolara diqqət edin: o, Azərbaycanın qədim ərazilərindən olan Zaqatala şəhərinin mərkəzində yerləşən, böyük bir tarixi özündə əks elətdirən, Azərbaycanın qədim tarixinin bariz nümunələrindən olan V-VI əsrə aid Alban kilsəsini çay evi kimi icarəyə verib. Təsəvvür edin ki, kilsənin bir otağı hörülərək dəmir qapı qoyulub, qapı qıfıl ilə bağlanaraq anbar kimi istifadə edilir. Bu özbaşınalıq və cinayət tərkibli əməlinə isə Mədəniyyət və Turizm Nazirliyinin Zaqatala üzrə nümayəndəsi Zümrüd Atakişiyeva və Tərlan Əhmədov şərait yaradır. Yəqin buna görədir ki, adıçəkilənlər dəfələrlə “içtimai-siyasi həyatda fəal iştiraklarına görə” mükafat alıblar. Bunun adı rüsvayçılıqdır, Azərbaycann tarixinə qəsddir.
Bu insanların əməli “sapı özümüzdən olan balta” misalına uyğundu və içimizdə olan belə vandallar, tariximizi yox etməyə çalışanlar olduqca, bizlərə düşmən lazım deyil”.
Sonda yerli sakinlər mətbuatda xahiş ediblər ki, tariximizin məmurlar tərəfindən məhv edilməsinə imkan verməyək: “Biz işğal altındakı torpaqlarımızda olan abidələrin dağıdılması ilə bağlı dünyaya səs salırıq, bunlar isə Zaqatalanı işğal edib, qədim abidəni çay evi edirlər”.
Şikayətdə adı çəkilənlərin mövqeyini də dinləməyə hazırıq.
Strateq.az rayondakı abidələrə göstərilən ögey münasibəti əks etdirən fotoları da təqdim edir: