Ilham Əliyev Ziya Məmmədovla nələri müzakirə edib?
Nəqliyyat naziri Ziya Məmmədovun ölkə başçısı Ilham Əliyevlə görüşü barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Xatırladaq ki, ötən saylarımızda Ilham Əliyevin Ziya Məmmədovu qəbul etdiyi barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, ölkə başçısı ilə nazirin görüşü 90 dəqiqə çəkib.
Yeni məlumatlara görə, görüşdə əsasən Nəqliyyat Nazirliyi və Ziya Məmmədovun gələcək taleyi barədə müzakirə aparılıb. Ziya Məmmədov hakimiyyətə sadiqliyini ifadə edib. Bildirilir ki, nəqliyyat naziri rəhbərlik etdiyi qurumun saxlanılması ilə yanaşı baş nazirin müavini postuna təyin olunmaq istəyir. Bildirilir ki, görüşdə bu məsələ də müzakirə olunub. Ilham Əliyevin qərarının nədən ibarət olduğu bəlli deyilir. Qaynağımız onu da deyib ki, görüş Ziya Məmmədovun israrlı xahişləri nəticəsində baş tutub.
Qeyd edək ki, Ziya Məmmədov hazırda faktiki olaraq portfelsiz nazirdir. Avropa Oyunlarına bir gün qalmış Atletlər kəndində baş verən qəzadan sonra nəqliyyat naziri hədəfə gəlib. Həmin hadisədən sonra Ziya Məmmədovun demək olar ki, bütün səlahiyyətləri əlindən alınıb. Bu günlərdə onun adı yenidən gündəmə gəlmişdi. Yayılan məlumatlarda bildirilirdi ki, Nəqliyyat Nazirliyinin ləğvi ilə bağlı sənədlər artıq hazırdır. Nazirlikdə yüksək vəzifə tutanlara əşyalarını toplamaq tapşırılıb. Bildirilirdi ki, Yaxın günlərdə nazirliyin ləğv olunması barədə qərar elan olunacaq.
Digər məlumatlarda isə bildirilirdi ki, Ziya Məmmədovun səlahiyyətlərini itirməsinə rəğmən hələ də nazir postunda saxlanılması ABŞ-da keçiriləcək prezident seçkisi ilə bağlıdır. ABŞ-ın prezidentliyə namizədi Donald Trampın Ziya Məmmədovla yaxın münasibətlərinin olması Prezident Administrasiyasında nəqliyyat naziri ilə bağlı yekun qərarın yubanmasına səbəb olub. Hakimiyyət düşünür ki, Tramp prezident seçiləcəyi təqdirdə Ziya Məmmədov onlar üçün əhəmiyyətli fiqura çevrilə bilər.