4 günlük Qarabağ savaşından “fərarilik” edən komitə sədri – Nazim İbrahimov

3-05-2016, 09:06   

Azərbaycanın dövlət büdcəsindən hər il diaspora fəaliyyətinin effektiv qurulması, lobbiçilik missiyasının genişləndirilməsi məqsədilə kifayət qədər böyük məbləğdə vəsaitlər ayrılır. Bəs, bu vəsaitin xərclənməsində şəffaflıq nə dərəcədə qorunur, sözügedən sahəyə birbaşa məsul olan dövlət qurumu – Diasporla İş üzrə Komitənin fəallığı ayrılan vəsaitə adekvatdırmı?
Mövzunu araşdıran 24saat.org-un əməkdaşı qəbuledilməz mənzərə ilə qarşılaşıb. Söhbət Qarabağda aprel döyüşləri zamanı Nazim İbrahimovun rəhbərlik etdiyi Diaspora ilə İş üzrə Dövlət Komitəsinin reallaşdırdığı (əslində reallaşdırmadığı) tədbirlərdən, xaricdə Azərbaycanın haqq işini təbliğ edən addımlardan gedir. Paradoksal olsa da reallıq bundan ibarətdir ki, bütün dünyanın gözünü Azərbaycana, cəbhədəki atışmalara dikdiyi həmin gərgin günlərdə Diasporla İş üzrə Komitəsi demək olar ki, heç bir tədbir təşkil etməyib, bu yöndə hər hansı təbliğati addımlar atmayıb. Əvəzində isə, qarşı tərəf kifayət qədər operativ işləyib və beynəlxalq ictimai rəydə haqsız olmalarına rəğmən müəyyən fikir formalaşdıra bilib. Xatırlatmağa heç ehtiyac da yoxdur ki, 4 günlük döyüşlərlə müşahidə olunan son Qarabağ gərginliyi tək hərbi yox, həm də diplomatik savaş idi. Görünən isə odur ki, həmin savaşın fəal iştirakçısına çevrilməli olan Nazim İbrahimov ortada görünməməkklə bu döyüşün “fərari”sinə çevrildi. Bildirək ki, xarici diaspor təşkilatlarımızın fəaliyyəti əsasən əlamətdar günlər və ərazilərimizin işğal ildönümləri ilə bağlı tədbirlər düzənləməklə işini yekunlaşdırmış sayır ki, əslində bu işlər üçün böyük paraların xərclənməsinə ehtiyac yoxdur, həmin tədbirləri hansısa dərnək Nazim İbrahimovdan heç də aşağı səviyyədə təşkil etməzdi.
Sonda Nazim İbrahimovun özünü ifşa edən bir fikrinə nəzər salaq. Komitə sədri müsahibələrinin birində buyurur: “Ermənilərin Azərbaycan əleyhinə təbliğatı daima aparılır. Ona görə də biz həmişə “döyüş hazırlığı” vəziyyətindəyik”. Onun hansı “döyüş hazırlığı”nda olduğunu isə aprel savaşı əyani şəkildə göstərdiyindən əlavə şərhə ehtiyac duymadan mövzuya nöqtə qoyuruq.
Orxan, 24saat.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar