Laçın rayon sakini, hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında müvəqqəti məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu prezident İlham Əliyevə, təhsil naziri Mikayıl Cabbarova, baş prokuror Zakir Qaralova və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib. O müraciətin bir surətini də gundelik-baku.com-a göndərib. Müraciətdə deyilir: «Bildirirəm ki, təhsil nazirinin müavini Ceyhun Bayramov Laçın rayon Təhsil Şöbəsinin müdri Malik Vəliyevin yol verdiyi ciddi qanun pozuntularına göz yumur. Malik müəllim Təhsil Şöbəsindəki vakant dövlət qulluğu vəzifələrini Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (indiki Dövlət İmtahan Mərkəzi-red) gizlədərək müsabiqəyə verməyib. Müsabiqədə keçid balı toplaya bilməyən 4-5 namizədin hər birindən 5000 manat alaraq təhsil şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin edib. Diplomu saxta olan müəllimlərdən hər tədris ilində 800 manat alaraq müəllim işləmələrinə şərait yaradıb. Şöbəyə tabe olan təhsil müəssisələrində 100-dən çox diplomu saxta olan müəllim var. Diplomu olmayan, düzgün yazıb-oxumağı bacarmayan şəxslərdən 2000 manat alaraq hərbi biletlə hərbi-hazırlıq müəllimi götrüb. Hər il Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə boş (vakant) yerləri verməyib və müsabiqədə uğur qazanmayan namizədlərə 2500-3000 manat alaraq satıb. Ümumtəhsil məktəblərindəki bütün texniki ştatları direktorlar vasitəsi ilə hər birini 500 manata satıb. O təhsil haqqında qanunları pozaraq yeni işə düzəlmiş müəllimləri 3 il tamam olmadan kənar məktəblərdən mərkəzələrə 1500 manat müqabilində yerdəyişmə edib. Cənab Prezidentin müvafiq sərəncamına əsasən yaşı 65-dən yuxarı olan müəllimlər zərurət olmadığı halda birmənalı şəkildə işdən azad edilməlidirlər. Lakin Malik Vəliyev heç bir zərurət olmadığı təqdirdə həmin ixtisas müəllimlərindən 500-1000 manat alaraq 1 illik müqavilə ilə müəllim işlədir. Şöbə müdiri saxta diplomları olan şəxslərdən nəysə alaraq çox asan yollarla əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir, sonradan qeyri-qanuni olaraq həmin şəxslərə dərs tədris etdirir və hətta bununla kifayətlənməyərək bu şəxsləri direktor, direktor müavini vəzifələrinə təyin edir. Laçın rayon Təhsil Şöbəsində araşdırma aparılsa, 100-dən çox belə korrupsiya faktı və ciddi qanun pozuntularına yol verildiyi aşkar olar. Şöbə müdiri bütün imkanlarından istifadə edərək yeni yaradılmış Tərtər Regional Təhsil İdarəsinə müdir təyin olunmağı hədəfləyir». Vətəndaş yazır ki, ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı bir vaxtda Laçın Təhsil Şöbəsinin müdiri Malik Vəliyevin belə özbaşına işlər törətməsi onları məyus edir: « Cənab prezident, Malik Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi korrupsiya faktları və qanun pozuntuları haqqında sizə və aidiyyəti dövlət orqanlarına etdiyimiz müraciətlərə görə təzyiqlərə məruz qalırıq. Şöbə müdiri bizi şər-böhtan ataraq həbs etdirəcəyi ilə hədələyir. Sizdən təhlükəsizliyimizin təmin olunmağına göstəriş verməyinizi xahiş edrik. Sizin hər dəfə korrupsiyaya qarşı mübarizə ilə bağlı çıxışlarınızda ictimai nəzarətin gücləndirilməsi üçün vətəndaşları bir daha fəallığa səsləməyiniz və bu nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə qalib gəlməyin mümkün olmayacağını deməyiniz biz vətəndaşları cəsarətləndirir». Qarşı tərəfi də dinləyə bilərik.