Təhsildəki acınacaqlı vəziyyət hər birimizi narahat edi

6-05-2016, 09:13   
Təhsildəki acınacaqlı vəziyyət hər birimizi narahat edi

Mikayıl Cabbarovun fikirlərinə sözardı
Yaxud ölkə bütövlükdə qeyri-peşəkarların əlində deyil

Təhsildəki acınacaqlı vəziyyət hər birimizi narahat edir. Çünki, bir dövləti məhv etmək üçün onun təhsilini məhv etmək yetərlidir. Məhz buna görədir ki, normal ölkələrdə təhsil ən çox diqqət göstərilən sahədir, ən yüksək əmək haqqı təhsil işçilərinə verilir, dövlət ən çox maliyyəni elm və təhsilə ayırır. Bəli, təhsil sistemi güclü olmayan ölkədə heç bir sahə inkişaf edə bilməz.

Bizim ölkədə isə ən böyük zərbələr təhsilə vurulub. 17000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəblərdən kənarlaşdırılıb, xaricdə təhsil proqramı ləğv edilib, büdcədən ən az vəsait təhsilə ayrılıb, təhsil işçiləri 150-200 manatın girovuna çevrilib və əlahəzrət korrupsiya özünü bu sahəyə də pərçim edə bilib.


Amma yazımızın əsas məğzi təhsil naziri Mikayıl Cabbarovun peşəkarlıqla bağlı fikirlərinə şərh verməkdi. “Müəllimlərin diaqnostik qiymətləndirilməsi ölkənin digər şəhər və rayonlarında da aparılacaq. Bundan sonra strategiyaya uyğun olaraq, əmək haqqı islahatının ikinci mərhələsinə – differansial, yəni peşəkarlıq səviyyəsindən və əməyin nəticələrindən asılı olan əmək haqqı sisteminə keçməyi palnlaşdırırıq”- deyə Mikayıl Cabbarov bildirib.

Bəli, nazir deyir ki, əmək haqları peşəkarlığa görə veriləcək. Peşəkarlıq yaxşı şeydir və peşəkarlar qiymətləndirilməlidir. Amma yanlış təhsil siyasətini, yanlış kadr siyasətini, təhsili məqsədli şəkildə iflic etməyi bununla sığortalamaq olmaz.

Bugünə qədər minlərlə insana diplom verilib, minlərlə insan testlərdən, diaqnostik qiymətləndirmədən keçib. Əgər bu adamlar peşəkar olmayıbsa, niyə diplom verilib, niyə uzun illər təhsil sahəsində çalışa bilib? Bugünlərdə məlum oldu ki, elmi adları olan müəllimlər imtahanda yalnız 5-6 suala cavab verə bilib. Belə “savadlı” adamlara elmi adı kimlər verib? Ümumiyyətlə, bu qədər savadsız müəllimin auditoriyaya qədər gəlib çıxmasında məsuliyyəti kim daşıyır?

Demək istəyirik ki, təhsildəki problemləri həll etmək üçün başqa yollar fikirləşmək lazımdır. Peşəkarlığa doğru gedən yollara əngəl törədən amillər aradan qaldırılmalıdır. Korrupsiyanın tüğyan etdiyi yerdə peşəkarlıq mühüm amilə çevrilə bilmir.

Amma etiraf etmək lazımdır ki, Mikayıl Cabbarov yaxşı mövzuya toxunub. O biri sahələrdə də peşəkarlığa görə qiymətləndirmə olmalıdır. Məsələn, dövlət qurumlarının hamısında qeyri-peşəkarlar üstünlük təşkil edir. Peşəkarlıq rüşvət ala bilməklə ölçülür. Yaxud 20 il parlamenti zəbt etmiş, amma heç bir fəaliyyəti olmayan deputatlar da, sifarişlə hökm oxuyan hakimlər də, əyri yollarla milyonçuya çevrilmiş icra başçıları, komitə sədrləri, nazirlər də bu sistemə uyğun qiymətlənidirilsin. Yəqin ki, o zaman hökumət komandasının 90 faizi maaşsız qalar. Çünki, komanda qeyri-peşəkarlardan ibarətdir və dövlət strukturlarında çalışanların böyük əksəriyyəti bu qeyri-peşəkarların qohum-əqrabalarıdı.

Ölkədə elə bir sahə yoxdur ki, peşəkarların əlində olduğunu iddia edə bilək. Səhiyyə xəstə vəziyyətdə, təhsil savadsız vəziyyətdə, hüquq sistemi hüquqsuz vəziyyətdə, iqtisadiyyat neftdən asılı vəziyyətdə, yollar yolsuz vəziyyətdədir. Deməli, ölkə bütövlükdə qeyri-peşəkar komandaya təslim edilib. Komanda yalnız korrupsiya məsələsində peşəkarlığa yiyələnə bilib.

Bir sözlə, bütün sahələrdə peşəkarlığa üstünlük verilsə, problemlərin həlinə nail olmaq mümkündür. Bu dövlətə peşəkar talançılar yox, peşəkar dövlətsevərlər, xalqsevərlər, vətənsevərlər lazımdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar