Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov Vasif Talıbovdan qurtulmağa və daha sonra qisas almağa çalışır.
Qeyd edək ki, Vəli Ələsgərov bu il martın 7-də həbs oıunub. Ona qarşı irəli sürülən rəsmi ittiham dövlət əmlakını talama, qulluq mövqeyindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşmadan ibarətdir. Lakin qeyri-rəsmi ittiham da var. Vasif Talıbob hesab edir ki, Vəli Ələsgərov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla ona qarşı işbirliyində olub. Vəli Ələsgərovun məhz buna görə həbs olunduğu deyilir. Yerli rəhbərliyin ona qarşı amansız davranışı da bununla izah edilir. Vəli Ələsgərovun vəkili Vüqar Xasayev də mətbuata açıqlamalarında rəsmi ittihama rəğmən Vəli Ələsgərovun həbsinin “MTN işi” ilə bağlı olduğunu bildirib. Vəkil bu günlərdə deyib ki, Vəli Ələsgərova qarşı işgəncələr dayandırılıb.
24saat.org-a daxil olan məlumata görə, Vəli Ələsgərov bununla kifayətlənmək istəmir. O, hər vəchlə işə Baş Prokurorluğun baxmasını, özünün də Kürdəxanıya köçürülməsinə çalışır. Məlumatda deyilir ki, keçmiş nazir bu yolla Vasif Talıbovdan qurtulmaq, həmçinin fürsətdən istifadə edib Ali Məclis sədri barədə bildiyi həqiqətləri müxtəlif yollarla hakimiyyətin zirvəsinə çatdırmaq istəyir. Vasif Talıbov da bunun fərqində olduğu üçün Vəli Ələsgərovu Naxçıvanda faktiki olaraq girov saxlayıb.