Ziya Məmmədovun keçmiş müşavirilə bağlı ilginc məlumatlar
Nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin xalası oğlunun həbs etdirməsinin səbəbləri barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, Çingiz Baxşıyevin üzdə olmayan, heç yerdə qeyddiyyatda olmayan, qanuniliyinə böyük şübhələr olan çox böyük dövriyyəsi olan biznesi var.
Həmin biznesin hərəkətli fiquru isə Rövşən Əhmədov olub. Ç.Baxşıyevin şübhəli biznesində apar-gətir işləri ilə məhz o, məşğul olub. Gecəyarısı Rövşən Əhmədovu yanına çağıran Çingiz Baxşıyev ona içində pul və ya digər maddələr olması ehtimal olunan bağlamalar verib və konkret ünvanlara aparıb çatdırmasını tapşırıb. Xalası oğlunun tapşırıqlarını canla-başla yerinə yetirən R.Əhmədovdan həmin bağlamaları tanımadığı şəxslər alıb. Həmin qaydada da R.Əhmədova içində nə olması bilinməyən bağlamalar verilib. Ç.Baxşıyevin göstərişi ilə R.Əhmədov həmin bağlamaları evində saxlayıb, verilən tapşırıqlara uyğun ünvanlara çatdırıb. Günlərin birində isə R.Əhmədov apar-gətirdən bezdiyini, sakit həyat sürmək haqda qərar verib. Bu qərarı açıqlayandan sonra isə xalası oğlu ona ölkədən getmək haqda təklif edib. Deyib ki, astronomik bir əmək haqqı qarşılığında Iran, Dubay və ya Qırğızstanda yaşayıb işləri davam etdirməlidir. Təklif olunan aylıq əmək haqqı 500 min dollar olub. R.Əhmədov gördüyü işlərin təhlükəli ola biləcyi ehtimalını, öldürülə biləcəyini xalası oğluna dedikdən sonra qara günləri başlayıb. Ç.Baxşıyev sirlərini xırdalıqlarına qədər bilən xalası oğlunu xeyli dilə tutmağa, özündən kənarlaşmasına imkan verməməyə çalışıb. Buna nail olmadıqda isə 50 kiloqram qızılın oğurlanması ərizəsi ortaya çıxıb. R.Əhmədov bu gün həbsdədir və onun öldürülməsi planının varlığı haqda ölkə rəhbərliyinə vəkili vasitəsi ilə məlumat ötürülüb.
“Yeni Müsavat” qəzetinin dünənki sayında da Ç.Baxşıyev barədə ilginc məlumatlar dərc olunub. Məlumatlarda bildirilir ki, Ç.Baxşiyev Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) Bakının ortasında güllələnən komandanı, general-leytenant Rail Rzayevin qətl işi ilə bağlı MTN-də dindirilib. R.Rzayevin qətl işindən dolayı 3 dəfə MTN-də dindirilən Ç.Baxşıyevin orada hazırda həbsdə olan general Akif Çovdarovla münasibətləri yaranıb. Həmin vaxt Ç.Baxşıyev A.Çovdarovdan Bakının Qala qəsəbəsində, HHQ HHMQ-nın hərbi hissəsi yaxınlığında 4 hektar torpaq sahəsi alıb. Ç.Baxşıyev aldığı torpağın hər hektarına görə Akif Çovdarova 1 milyon manat ödəməsi haqda da bilgi var. Hazırda həmin torpaqlarda villalar tikilərək satışa çıxarılıb.
Bildirilir ki, Ç.Baxşıyevin torpaq alqı-satqısı işlərinə Samir adlı qeyri-rəsmi işçisi təşkilatçılıq edir. Samirin günü Ç.Baxşıyevin yanında keçsə də, onun torpaq alqı-satqısı işindən savayı nə işlə məşğul olması bilinmir.
Bilinən odur ki, Samir ev, torpaq sahələrinin alış satışında Ç.Baxşıyevə köməklik edir.