Cənab nazir, əvvəlcə səhiyyənin xəstəliyini sağaldın…

20-05-2016, 09:15   
Cənab nazir, əvvəlcə səhiyyənin xəstəliyini sağaldın…
Sonra regionlardan gələn xəstələrə məhdudiyyət qoyarsız

Səhiyyə Nazirliyinin göstərişilə aprel ayından Azərbaycanda vətəndaşların xəstəxanalara qəbulu yeni qaydada həyata keçirilir. Belə ki, rayonlardan xəstələrin paytaxta üz tutması yalnız göstəriş əsasında mümkün olacaq. Nazirlik qaydaların sərtləşdirilməsini bununla izah edir ki, rayonlarda yeni diaqnostika mərkəzləri tikilib, müasir avadanlıqlar quraşdılıb və bütün növ xəstəliklərin müalicəsi üçün şərait yaradılıb.

Əvvəla qeyd edək ki, Səhiyyə Nazirliyinin belə bir qərar qəbul etməsi vətəndaşın hüquqlarınnı tapdanmasıdır. Yəni istənilən şəxs harda müalicə və müayinə olunacağına özü qərar verir və buna məhdudiyyət qoymaq yanlışdır.

Ikincisi, Azərbaycanda səhiyyənin hansı vəziyyətdə olduğu göz qabağındadır. Nəinki rayondakı diaqnostika mərkəzlərinə, heç paytaxtda fəliyyət göstərən klinikalara, xəstəxanalara da əhalinin etimadı yoxdur. Məhz bunun nəticəsidir ki, hər il yüz minlərlə ölkə vətəndaşı müalicə və müayinə üçün Gürcüstana, Irana və digər ölkələrə gedir. Sirr deyil ki, Azərbaycanda xəstələr diaqnozun dəqiqliyinə əmin olmaq üçün bir neçə klinikada yoxlamadan keçirlər. Təbii ki, əyalətlərdə vəziyyət mərkəzdən də pisdir və xəstələr məcburən paytaxta üz tuturlar. Əyalətlərdə peşəkar həkimlər olsa, heç kim uzun yolu qət edib Bakıya gəlməz.

Üçüncüsü, Azərbaycan reallığında təsdiq olunub ki, binanın təmirli olması, avadanlığın müasir olması, işin keyfiyyətli olması anlamına gəlmir. Ona qalsa, Azərbaycanda dəbdəbəli məktəb binaları da var, amma içində elm yoxdur. Dəbdəbəli məhkəmə binaları da var, amma içində ədalət yoxdur. Dəbdəbəli bank binaları da var, amma bank sektoru iflic vəziyyətdədir. Yəni rayonlarda diaqnostika mərkəzlərinin tikilməsi səhiyyənin inkişaf etməsi anlamına gəlmir. O mərkəzlərdə xəstə sağaltmaqdan çox, pul qazanmaq prioritetdir.

Necə olur ki, yüksək vəzifəlilərin başı ağrayanda da, təzyiqi qalxanda da Almaniyaya, ABŞ-a müayinəyə gedə bilir, amma əyalətdəki xəstə Bakıya gələ bilmir? Hökumətin “anti-böhran” tədbirləri kimi, Səhiyyə Nazirliyinin islahatları da “möhtəşəm”di.

Səhiyyə Nazirliyi rayondan paytaxta gələn xəstələrə əngəl yaratmaq əvəzinə, korrupsiyanın səhiyyədə çiçəklənməsinə, savadsız həkimlərin iş başına keçməsinə, pusluz xidmətlərin pulla göstərilməsinə əngəl yaratmalıdır. Onsuz da rayondan gələn xəstələri Bakıda qəbul etməsələr, bu xəstələr Gürcüstana, Irana üz tutacaqlar. Yəni bütün mənalarda belə bir qərarın qəbul edilməsi zərərlidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar