Azərbaycanın iqtisadi cəhətdən ən imkanlı və potensiallı rayonlarından biri olan Qubada qəribə vəziyyət yaranıb. JAM.AZ xəbər verir ki, rayonda son 3 ayda heç bir iş görülmədiyi, İcra Hakimiyyətinin də bu aylar ərzində əlini ağdan qaraya vurmadığı diqqəti çəkir.
Qeyd edək ki, Quba rayon İcra Hakimiyyətinin rəsmi saytında yer almış xəbərlərdən belə başa düşülür ki, sözügedən qurum konkret olaraq işlə məşğul olmayıb. Məsələn, sonuncu dəfə rayonda tədbirin fevralın əvvəlində təşkil olunduğu yazılıb. Ondan sonra isə rayonda görülən işlərlə bağlı bircə kəlmə də yer almayıb.
Nazirə görə depressiyaya düşən icra başçısı...
JAM.AZ xəbər verir ki, icra başçısı Yaşar Məmmədovun əl-qolunun «bağlanması»nın səbəbi onun əsas himayədarı, nəqliyyat naziri Ziya Məmmədovun mövqelərinin zəifləməsidir. Son dövrlər hakimiyyət dairələri tərəfindən sıxışdırılan nazirin demək olar ki, bütün səlahiyyətləri əlindən alınıb. Bu vəziyyət isə təkcə Qubanın icra başçısına deyil, eyni zamanda Ziya Məmmədovla bağlı olan digər icra başçılarını ruhdan salıb. Çünki onlar aqibətlərinin necə olacağını belə bilmirlər.
Bəzi məlumatlara görə, Yaşar Məmmədov demək olar ki, iş otağından kənara çıxmır. İstisna hallarda bəzi işlərlə bağlı otağını tərk etsə də, qısa müddətdən sonra geri dönüb, yenidən otağına qapanır. Bunun səbəbini bilən isə yoxdur. Ehtimal edilir ki, icra başçısı bundan sonrakı mərhələdə perspektivinin olmadığını düşünür. Çünki Ziya Məmmədov zəiflədikcə, onların da vəzifədə qalmaq məsələləri sual altına düşür. Hətta onun nazirə görə depressiyaya düşdüyü deyilir.
Qarşı tərəfi də dinləməyə hazırıq.