Saatlı rayon Mədəniyyət və Turizm Şöbəsində özbaşınalıq pik həddə çatıb. Bu barədə gundelik-baku.com-a rayon sakinləri məlumat veriblər. Onların sözlərinə görə, şöbə müdiri Şərqiyyə Şahpələngova və onun tabeliyi altında işləyən İlham adlı baş mühasib qurumun fəaliyyətini iflic vəziyyətə salıb. Bu barədə bir qədər sonra. Məlumat üçün demək istəyirik ki, Saatlı rayonunda 1 Mərkəzləşdirilmiş Kitabxana sistemi, 1 Uşaq kitabxanası, 54 kitabxana filialı, 13 klub, 14 mədəniyyət evi, 1 Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi, Bayraq muzeyi və 1 Mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, şöbə müdiri vəzifədə olduğu ötən müddət ərzində rayonun mədəniyyət və turizm sektorunun inkişafı məqsədilə heç bir iş görə bilməyib: «Bu xanım göz görə-görə rayon mədəniyyətini uçuruma aparır. Bu sahənin irəliləməsi üçün heç bir töhfə vermir. Rayonda fəaliyyət göstərən mədəniyyət evlərində bir sıra çatışmazlıqlar mövcuddur. Ölkədə korrupsiyaya və rüşvərxorluğa qarşı aparılan mübarizə sanki Saatlı rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbərliyinə hələ də çatmayıb. Bu sahədə çalışan təcrübəli işçiləri ixtisar adı ilə işdən xaric edirlər. Həmçinin mədəniyyət və turizm şöbəsinin işçilərindən əməkhaqqının artırılması ilə əlaqədar da pulyığma əməliyyatı həyata keçirilir. Şöbə müdiri işçiləri tez-tez attestasiyadan keçirərək müəyyən maraqlarını reallaşdırmış olur. Hər dəfə attestasiya keçirilməsi məsələsi ortalığa atılanda işçilərin hər biri 150-200 dəfə şöbə müdirinin qəbuluna getməyə məcbur qalırlar. Hər ayın sonunda "əmək intizamını" yoxlayanlar aylarla qapısı açılmayan kitabxana işçilərindən və adı olub özü olmayan kənd mədəniyyət evlərinin işçilərindən aldıqları toyuq-cücə, qaz, ördək və hinduşkaların səs-küyünü eşidənlər dərhal bilirlər ki, mədəniyyət və turizm şöbəsinin rəhbərliyi kəndlərdə əmək intizamını yoxlamağa çıxıblar. Hələ işçilərin hansı meyarlar əsasında kitabxanaya və kənd mədəniyyət evlərinə işə qəbul olunmasına toxunmuruq. Rayon Mədəniyyət və Turizm Şöbəsində bir əldə iki və daha çox qarpız tutmaq da ənənə halını alıb. Bunun əsas məqsədi kimi isə bütün vəsaitin bir əldə cəmlənməsi və eyni adamlar tərəfindən xərclənməsini göstərir». Araşdırmalar nəticəsində öyrəndik ki, Şərqiyyə Şahpələngova bütün bu qanunsuzluqları tək yox, şöbənin İlham adlı baş mühasibi ilə birlikdə həyata keçirir. Deyilənə görə, adıçəkilən baş mühasib Saatlı Rayon İcra Hakimiyyətinin rəhbər işçilərindən birinin adamıdır: «Rayonda son 7 il ərzində bütün idarə və müəssisə rəhbərləri, habelə baş mühasiblərin hamısını məhz həmin şəxs təyin edib. Hamısı da öz adamları olub. Şərqiyyə xanım baş mühasiblə birlikdə şöbəyə ayrılan büdcə vəsaitlərini özünəxas qaydada «xərcləyir». Bu səbəbdən Saatlı rayon Mədəniyyət və Turizm Şöbəsinin balansında olan mədəniyyət evləri, kənd klubları və kitabxanaların vəziyyəti olduqca acınacaqlıdır. Şərqiyyə xanımın vəzifəsinə göstərdiyi biganə münasibət rayonun mədəniyyət ocaqlarının məhvə sürüklənməsinə səbəb olub. Bir vaxtlar müxtəlif mədəniyyət tədbirlərinin keçirildiyi mədəniyyət evləri və klublar indi boş qalıb. Bəzi klubların binası illərdir təmir olunmadığına görə qəzalı vəziyyətə düşüb. Mədəniyyət evlərində də vəziyyət eynidir. Şöbə müdiri sadəcə, görüntü yaratmaq naminə bəzi mədəniyyət evlərini əsaslı şəkildə təmir etdirib. Digərlərinin durumu isə qənaətbəxş sayıla bilməz. Saatlıdakı mədəniyyət obyektlərinin cari təmirinə hər il büdcədən külli miqdarda vəsait ayrılır. Lakin həmin pulların hara xərcləndiyini, hansı işlərə sərf olunduğunu bilən yoxdur. Rayonun mərkəzində yerləşən kitabxana oxucu üzünə həsrət qalıb. Çünki həmin kitabxanada normal şərait yoxdur. Baxımsızlıq üzündən kitabxana binaları yararsız hala düşüb. Bir neçə kitabxananın dam örtüyü sıradan çıxıb və bu səbəbdən yağış yağanda kitablar pis günə düşür. Şöbə müdiri isə mövcud problemlərlə maraqlanmır». Növbəti yazımızda Saatlı rayon Mədəniyyət və Turizm Şöbəsindəki «ölü can»lar, baş mühasiblə birlikdə həyata keçirilən maxinasiyalar, Şərqiyyə Şahpələngovanın yaxın qohumları ilə münasibətinin nəyə görə pis olması və nazir Əbülfəs Qarayevin adından yığılan «şirinlik»lə bağlı ətraflı məlumat verməyə çalışacağıq. Yazı ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var. P.S. Redaksiyamıza 055 326-39-65 nömrəsindən zəng açan şəxs bir müddət əvvəl saytımızda getmiş «Saatlı rayonunda inanılmaz maxinasiyalar» adlı yazı ilə bağlı etirazını bildirib. Özünü vəkil kimi təqdim edən şəxs ağıllı-ağıllı danışıb. Bizim bildiyimiz qədərilə isə həmin şəxs bir vaxtlar onun-bunun haqqında müxtəlif orqanlara şikayət yazmaqla məşğul olub. İndi isə özünü vəkil, hüquqi nümayəndə adlandırır. Hələ bir görək bu şəxsin kiminsə hüquqlarını müdafiə etməsi barədə etibarnaməsi filan varmı?..