10 saylı Regional Maliyyə Müfəttişliyi rəisi Ədalət Nəbiyev indi də bu rayonun orta məktəblərindən pul yığdırır
Azərbaycanın ən strateji dövlət qurumlarından biri olan Maliyyə Nazirliyinin adı artıq neqativ işlərdə hallanmağa başlayıb. JAM.AZ xəbər verir ki, nazirliyin yerli regional idarələrinin rəhbərləri sözün həqiqi mənasında bölgələrin başının bəlasına çevrilib. Bütün dövlət idarə və müəssisələri bu qurumun əlindən zinharə gəlib və etdikləri şikayətlərə isə baxan yoxdur.
Qeyd edək ki, Maliyyə Nazirliyinin 10 saylı Regional Maliyyə Müfəttişliyi artıq Ağcabədi, Beyləqan və daha bir neçə rayonun bəlasına çevrilib. JAM.AZ-a verilən məlumata görə, müfəttişliyin rəisi Ədalət Nəbiyev sözün həqiqi mənasında region üçün Eldar Mahmudovun «MTN-i» funksiyasını həyata keçirir.
Belə ki, Ədalət Nəbiyev son iki ay ərzində Beyləqan Təhsil Şöbəsində yoxlama apararaq, bütün məktəb direktorlarını borclu çıxarıb. Bu məsələləri ört-basdır etmək üçün isə həmin məktəblərin direktorlarından pul tələb edib. JAM.AZ-a verilən məlumatlarda iddia olunur ki, 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi həmin vaxt təkcə Beyləqan təhsilində çalışanlardan «nazir Samir Şərifova çatacaq» adı altında 200 min manat pul toplamışdı.
Hal hazırda isə analoji vəziyyət Ağcabədi rayonunda yaşanır. Verilən məlumata görə, hal hazırda rayonun Təhsil Şöbəsində aparılan yoxlamalar biabırçılıqlarla müşahidə olunur. Belə ki, Ədalət Nəbiyevin rəhbərliy etdiyi yoxlama komissiyasının üzvləri bütün orta məktəblərdə neqativ hallar aşkarladıqlarını və bunu ört-basdır etmək üçün «maliyyə nazirinə hesab çatdırmaq lazımdır» deyimini dilə gətirməyə başlayıblar.
JAM.AZ-a verilən məlumata görə, müfəttişliyin rəisi artıq Ağcabədi Təhsil Şöbəsinin müdirini divara dirəyərək, ondan hər məktəbdən külli miqdarda pul yığaraq, ona verməsini tələb edir. İddia olunur ki, Ədalət Nəbiyev Beyləqandan fərqli olaraq, Ağcabədidən daha çox pul toplamağı düşünür. Maraqlıdır ki, bu addımları da məhz Maliyyə naziri Samir Şərifovun təlimatı əsasında atdığını deyir. Bəzi iddialara görə, bu rayonun təhsilindən yığılacaq pul 3-4 yüz min manata yaxın olacaq.
Xatırladaq ki, Maliyyə Nazirliyinin 10 saylı Regional Maliyyə Müfəttişliyi Ağcabədi, Beyləqan, Füzuli, Xocavənd, İmişli, Laçın və Zərdab rayonlarını əhatə edir. Onu da qeyd edək ki, müfəttişliyin rəisi Ədalət Nəbiyev Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun kadrı olaraq tanınır.
JAM.AZ-ın əldə etdiyi bir başqa məlumata görə. Ədalət Nəbiyev Quba rayon İcra Hakimiyyətində müavin vəzifəsində çalışıb. Bununla paralel olaraq, onun YAP-ın Quba rayon təşkilatının sədri olduğu da deyilir. Bildirilir ki, 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi təyin olunandan sonra partiya fəaliyyətini bir kənara buraxaraq, Ağcabədi rayonuna köçüb. Nəticədə, partiyanın yerli təşkilatının fəaliyyətində çətinliklər yaranmağa başlayıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.