İcra başçısının oğluna qarşı verilmiş şikayət təmin edilmədi
maqsud-mirziyev-donaldsBu gün Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlham Əsgərli və Əhliman Süleymanovun barələrində olan məhkəmə qərarından mərhumun hüquqi varisi Maqsud Mirzəyevin verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
“Report”un məlumatına görə, hakim İmran Hacıqayıbovun sədriliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə 2014-cü il sentyabrın 27-də Xəzər rayonunda baş verib. İ.Əsgərlinin idarə etdiyi “Mercedes” markalı avtomobil Ə.Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib.
2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Əsgərli 5 il 6 ay, Ə.Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Həmin il iyunun 29-da Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin İ.Əsgərli barəsində çıxardığı hökm – 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası 3 il müddətinə endirilib.
2015-ci il noyabrın 12-də isə Sabunçu Rayon Məhkəməsi cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə İ.Əsgərlinin cəzadan azad edilməsi haqda qərar qəbul edib. Həmin qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi – qəzada dünyasını dəyişən S.Mirzəyevin atası Maqsud Mirzəyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Xatırladaq ki, “Mercedes” markalı avtomobili idarə edən İ.Əsgərli Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun (Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı) oğludur. Dünyasını dəyişən S.Mirzəyevin atası M.Mirzəyev isə “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru vəzifəsində çalışır.