İki icra başçısı təyinatında Cavid Qurbanovla Ziya Məmmədovun “əl izi”

25-05-2016, 08:23   
İki icra başçısı təyinatında Cavid Qurbanovla Ziya Məmmədovun “əl izi”
Bir neçə gün əvvəl prezident İlham Əliyev iki rayona icra başçısı təyin etdi. Qazaxın icra başçısı Ayaz Əsgərov vəzifəsindən azad olunaraq, Yardımlının icra başçısı postuna sahibləndi. Onun Qazaxda boşalan postuna isə Rəcəb Abas oğlu Babaşov təyin edildi.
İddiaya görə, hər iki təyinatda keçmiş dostlar – nəqliyyat naziri Ziya Məmmədovla “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanovun “əl izi” var. Məlumatda bildirilir ki, Ayaz Əsgərov “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri, hazırda nəqliyyat naziri Ziya Məmmədovun müavini olan Arif Əsgərovun qardaşıdır: “Ayaz Əsgərov Qazaxa başçı təyin olunana qədər Nəsimi rayonunda, məhz Ziya Məmmədovun ən inanılmış kadrlarından olan Nəsib Məhəməliyevin (hazırda deputatdır-red.) dövründə icra başçısının müavini olub. Onun icra strukturunda yüksəlişi bundan sonraya təsadüf edib.
Ziya Məmmədovun son iki ildə yaşadığı siyası sıxıntılardan sonra onun komanda üzvlərinin çoxu mövqelərini itirsə də, son 3-4 aydır ki, onların yenidən toparlandığı müşahidə edilir. Xüsusiylə Arif Əsgərovun qardaşının Qazaxın icra başçısı vəzifəsindən azad edilərək, məşhər ayağına çəkiləcəyi haqqında xəbərlər dolaşsa da, bu, baş vermədi. Əksinə, o, digər bir rayona təyinat almaqla iddiaları alt-üst edə bildi.
Bu fakt göstərir ki, artıq Ziya Məmmədov və onun ətrafı ilə bağlı yaşanan sıxıntı və basqılar qismən arxada qalıb. Artıq bu qruplaşma yenidən yüksəlişə qədəm qoymaqdadır”. Məlumatlı şəxs Qazaxın icra başçısı təyin edilən Rəcəb Babaşovla bağlı da maraqlı faktlar açıqlayıb: “Qazaxın yeni icra başçısını bəziləri vergilər naziri Fazil Məmmədovun kadrı kimi xarakterizə edir. Bunu isə daha çox onun bu vəzifəyə qədər Vergilər Nazirliyinin İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentində rəis müavini vəzifəsində işləməsi ilə izah edirlər. Əslində isə belə deyil. O, daha çox Cavid Qurbanovun himayəsi ilə yüksələn məmurdur”.
Məlumatda bildirilir ki, R.Babaşovla C.Qurbanovun birgə biznesləri, şərikli obyektləri və s. sahələr üzrə iş birlikləri var. Hətta buna görə onu bir neçə dəfə Vergilər Nazirliyindən uzaqlaşdırmağa cəhd də ediblər: “Onu “MTN işi” ilə bağlı adı hallanan Vergilər Nazirliyinin istintaq idarəsinin sabiq rəisi Vidadi Məmmədovla əlaqələndirib, həbsinə zəmin hazırlamaqda maraqlı qüvvələr də olub. Ancaq o, Cavid Qurbanovun sayəsində bu təhlükədən xilas ola bildi. Məhz Cavid Qurbanovun “təqdimatı” ilə Rəcəb Babaşov icra başçısı təyin edilməklə, gözlənilən təhlükədən sığortalandı”.
Məlumatlı şəxs deyib ki, C.Qurbanovla Z.Məmmədovun hakim dairələrdə yenidən güclənməsi digər qrupları narahat etməyə bilməz: “Düşünürəm ki, bu narahatlıqlar tezliklə özünü biruzə verəcək”. /Reyting.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar