MERO-ların rəisi bütün yerli şöbələrin rəislərinə sürücülük vəsiqəsinə görə aylıq «plan» qoyub
Azərbaycanda son illərin statistikasına diqqət yetirdikdə durumun vahiməli olduğunu görməmək mümkün deyil. Hər il artan avtomobil qəzaları və bu zaman dünyasını dəyişənlərin sayının sürətlə çoxalması əsl terrordur və bu prosesin bəlli səbəbləri var.
TİA.AZ xəbər verir ki, ölkəmizdə baş verən yol-nəqliyyat hadisələri bir neçə səbəbə bağlıdır. Birinci səbəb, əsas avtomobil yollarının hələ də lazımi standartlara cavab verməməsidir. Ki, son bir neçə ildə bu sahədə durum xeyli düzəlib. Artıq ölkənin bütün iri rayonlarını birləşdirən magistral yollar avtobana çevrilib. Bircə, Bakı-Astara yolunun 200 km-ə qədər hissəsi qalıb ki, onun da iki il içində təhvil veriləcəyi deyilir.
İkinci səbəb kimi yolların böyük əksəriyyətinin işıqlandırma sistemi ilə təhciz olunmamasıdır. Əsas magistral yolların mütləq hissəsində işıqlandırma sisteminin olmaması gecələr avtomobil qəzalarının risqini artırmaqla yanaşı, həm də statistik göstəricilərə əsasən üstünlük təşkil edir.
Ən əsası isə üçüncü amildir. Sürücülərin naşılığı.
Bu artıq ümumi bəlaya çevrilib. Ona görə ki, pul verib sürücülük vəsiqəsi alan, uzaq yol sürmək təcrübəsi olmayanların Bakıdan Qazaxa və ya əksinə maşın sürmələri yekunda facilərə gətirib çıxarır. Xüsusən də, təcrübəsizlikdən və naşılıqdan dolayı sürət həddini artıraraq, ötmə əməliyyatları zamanı bacarıqsızlıq təkcə sürücünü deyil, onunla birlikdə maşında olanların da həyatına son qoyur.
Son illər avtomobil qəzalarında həlak olanların sayı Qarabağ müharibəsi zamanı verdiyimiz itkilərin iki qatına çatıb. Bütün bu prosesin qarşısını almaq üçün isə heç bir zəruri addım atılmır. Əksinə, yerli İmtahan-Qeydiyyat İdarələrində sürücülük vəsiqələrinin satış qiyməti bahalaşdırılıb.
Qeyd edək ki, bütün ölkə üzrə İmtahan Qeydiyyat Şöbəsinin rəisi, Baş DYP İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazovdur. Daha doğrusu, o, rəis müavini olaraq MERO-ların işini kurasiya edir. Bütün işləri isə BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinin rəisi Hacımurad Allahverdiyev həyata keçirir.
Bütün Regional Şöbələrin (yəni yerli MERO-ların) rəisilərini özünə tabe etdirən bu şəxsin əsas funksiyası dövlət nömrə nişanlarına qiymət qoymaq, sürücülük vəsiqələrinin qiymət cədvəlini müəyyənləşdirmək və MERO-lardan aylın pulların yığılmasını təmin etməkdir. Kifayət qədər ciddi mənbələrdən daxil olan məlumatlarda vurğulanır ki, Hacımurad Allahverdiyev Bakıdan tutmuş, Şəkiyə, Lənkəran və İmişliyə qədər bütün regionların MERO-larından aylıq haqq alır. Məsələn, iddia olunur ki, şöbə rəisi MERO-lar üçün qiymətləri onların əhatə etdiyi rayonlara görə müəyyənləşdirir. Məsələn, İmişli MERO-nun rəisi hər ay 30 min manat verməli olduğu halda, Yevlax MERO-nun rəisi üçün bu rəqəm 45-50 min manat civarındadır. Gəncə, Şirvan və digər iri şəhərlər üçün nəzərdə tutulmuş rəqəmlər isə 60 min manatdan yuxarıdır.
Bu qədər pulun təkcə sürücülük vəsiqəsi satışından əldə edilmədiyi aydın məsələdir. Hacımurad Allahverdiyev dövlət nömrə nişanlarının satışından da külli miqdarda pul qazanır. Məsələn, hazırda Bakı və regional İdarələr üzrə, yəni 10, 90 və 99-la başlayan nömrə nişanları üçün qiymətlər kəllə-çarxa çıxıb. Belə ki, hazırda Hacımurad Allahverdiyevin müəyyən etdiyi qiymət cədvəlinə əsasən 90 OO 999 və ya 900 dövlət nömrə nişanlarının qiymətləri 100-120 min manata qaldırılıb. Başqa nömrə nişanları isə 500 manatdan başlayıb, 230 min manata qədər artır.
Sürücülük vəsiqələrinə gəldikdə isə onlar üçün müəyyən edilmiş qiymətlər Bakını çıxmaq şərtiylə, bütün regionlarda eynidir. Hazırda Bakıda sürücülük vəsiqəsi almaq üçün 1200-1500 manat pul lazımdır. Kateqoriyalar üzrə qiymətlər hətta 2500 manata qədər yüksələ də bilir.
Regional şöbələrdə isə B kateqoriyası üzrə sürücülük vəsiqəsi 750-900 manat aralığındadırsa, BC-nin qiyməti 1200 manatdır. D kateqoriya üzrə vəsiqə əldə etmək isə 2000 manata qaldırılıb.
Aydın məsələdir ki, bütün bu pullar Hacımurad Allahverdiyevə çatdırılır və oradan ayrılan pullar da MERO rəislərinə «paket» olaraq verilir. Üstəlik, MERO rəislərinin üzərinə qoyulmuş aylıq «plan» yerinə yetirilmədiyi təqdirdə, onlara töhmət verili rvə növbəti ayda daha çox pul alınır.
Məlumatlarda deyilir ki, Hacımurad Allahverdiyev təbii ki, bu pulları təkbaşına yemir. Və ona BDYPİ rəisinin müavini Mübariz Şahbazov da şərikdir. Çünki bütün MERO-lara nəzarət ondadır və Allahverdiyevlə birlikdə xüsusi plan əsasında hərəkət edərək, ölkənin ən varlı məmurlarından birinə çevrilməyə nail olublar.
Qeyd edək ki, bütün bu baş verənlər BDYPİ-nin rəisi, general Ramiz Zeynalovdan xəbərsiz həyata keçirilir. Bəzi iddialara görə, Mübariz Şahbazov Hacımurad Allahverdiyevin əməllərini ört-basdır etmək üçün ondan edilən şikayətlərin generala çatdırılmasının qarşısını alır. Hətta bununla bağlı bütün şikayətlər ona yönəldilir və bununla da məsələ ləğv olunur.
Təbii ki, Ramiz Zeynalovun məsələdən xəbəri olmaması üzündən baş verən neqativliklər generalın üzərinə yıxılır. Halbuki BDYPİ-nin rəisi kifayət qədər bacarıqlı, peşəkar və dürüst biri olmaqla bərabər, adından sui-istifadə edənləri də cəzalandırmaqdan çəkinməyən şəxslərdəndir. Belə olan təqdirdə, BDYPİ rəisinin yazdıqlarımızdan sonra baş verənlərlə bağlı ölçü götürəcəyinə də qətiyyən şübhəmiz yoxdur.
Bu əsnada, DİN rəhbəri, cənab general Ramil Usubovun da məsələyə müdaxilə edərək, tədbir görəcəyi istisna deyil. Çünki Hacımurad Allahverdiyev kimi nəfsinə məğlub olanlar, çox hörmətli nazirin adından, etibarından, onlara göstərdiyi etmaddan sui-istifadə edərək, polisin adına xələl gətirən hərəkətlər edirlər. Halbuki Cənab Nazir, uzun illərdir tutduğu vəzifəsindən nə sui-istifadə edib, nə də buna bənzər hərəkətlərə yol verib. Əksinə, Ramil Usubov həmişə dövlətə, dövlətçiliyə sədaqətli olmaqla yanaşı, möhtərəm Prezident İlham Əliyevə göstərdiyi sədaqət nümunəsinə görə, bu gün dillər əzbəridir. Cənab nazir heç bir zaman polisin adına xələl gətirənləri bağışlamayıb və həmişə də cəzalandırıb. Bu dəfə də onun ədalətli addım atacağına inanırıq.
P.S.Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.