Lənkəran iki məmurun
əlində girinc qalıb. İcra başçısı Taleh Qaraşov və müavini İlqar Dadaşov
tandemi cənub bölgəsinin mirvarisi ola bu şəhəri alt-üst edib. Taleyinə büdcə
dağıdan məmurlar yazılmış Lənkəran indi də Taleh Qaraşov komandasının zülmü
altında inildəyir. Dadaşov nə üstə “baş sındırır”? “Gündəm-xəbər”in araşdırma
qrupunun məlumatına görə, ondan əvvəl Süleyman Mikayılovun viran qoyduğu
bölgədə Qaraşovun müəyyən qədər işlər görəcəyinə ümid vardı. Amma icra başçısı
2012-ci ildən bəri 4 ildə bir cənub şəhərini elə günə qoydu ki, Mikayılovun
sanki yolunu davam etdi.Onun bu fəaliyyəti təkbaşına olmadı. Belə ki, İlqar
Dadaşov da öz doğma şəhərində talançılıq siyasətində imtina edə bilmədi.
Lənkərana yolu düşənlər şahidi ola bilər ki, icra hakimiyyəti tərəfindən heç
bir iş görülməyib.Yalnız mərkəzdə görülən suvaq-boyaq işləri, daş-divarın
bəzədilməsi icra olunub. Adi bir misal- Lənkəranın yolları hələ də bərbad
vəziyyətdən xilas olmayıb. Təkcə mərkəzi bazara baş çəkmək kifayət edir ki,
Lənkəran haqda təəssurat yaransın.Nə də olmasa İ.Dadaşovun bu istiqamətdən hər
gün yolu düşməmiş olmaz. Amma öz rayonuna laqeyd qalan bu məmur yalnız dövlət
vəsaitlərini necə çırpışdırmaq, təhsil, səhiyyə ocaqlarını talamaq, pul
yığdırmaq barədə “baş sındırır”.Və istəyinə də nail olur. Qaraşovun xeyir-duası
ilə Lənkəranda meydan sulayan Dadaşov özünü gözgörünməz məmur kimi təqdim
etməyə də müvəffəq olub. Ancaq rayon sakinləri onun əməllərinə yaxından
bələddir. Dadaşovun təlimatları ilə yaxından tanış olanlar daha çox iş adamlarıdır.
Rayonda sahibkarlardan pul yığılmasında Dadaşovun komandası iştirak etdiyi
deyilir. Qaraşov isə Dadaşova bu müstəsna səlahiyyətləri verib.Hesablama
Palatasının sənədi kimdədir?
Verilən məlumatda
deyilir ki, əslində, bir müddət əvvələ qədər Qaraşov-Dadaşov cütlüyü yola
getmirdi. Hər iki tərəf bir-birinin paxırını açmaq, maxinasiya işlərini ifşa
eləməklə təhdid edirmiş. Hətta Dadaşov daha da irəli gedərək icra başçısını
oğlu Seymur Qaraşovun Gənclər Mərkəzinə necə təyin etməsi, oğlunun metlax
biznesi və rayonda obyektlərə nəzarət etməsini mərkəzi dairələrə çatdırmaqla
təşvişə salıb.İcra başçısı isə onun hansı işlərə qol qoyduğu lazımi ünvanlara
çatdıracağını bildirib. Amma tərəflərin gərginləşən münasibətləri tədricən
səngiyib və onlar dil tapa bilib.Hesablama Palatasının Lənkəran şəhər İcra
Hakimiyyətində vəsaitlərin xərclənməsi və s. məsələlərlə bağlı apardığı
yoxlamanın real nəticəsi ilə bağlı yekun və əsas düzəliş edilməyən sənəd də
İ.Dadaşovdadır. Xatırladaq ki, ölkə başçısı Lənkərana səfəri zamanı bir sıra
obyektlərin açılışında da iştirak etmişdi.Həmin vaxt Lənkəran şəhər icra
hakimiyyətinin başçısı Taleh Qaraşovun şəhər əhalisinin fasiləsiz içməli su ilə
təmin olunması ilə bağlı məruzəsi də olmuşdu. Lakin şəhərin içməli su ilə təmin
olunması üçün nəzərdə tutulan xəttlərin köhnə borular vasitəsilə çəkilməsi cəmi
bir neçə gündən sonra icra başçısının söylədiklərində həqiqət payının az
olduğunu göstərmişdi.Belə ki, köhnə su boruları təzyiqə davam gətirmədiyi üçün
həmən sıradan çıxdı. Dövlət büdcəsindən bu məqsədlə ayrılmış pulların isə hansı
məqsədlərə sərf olunduğunu T.Qaraşovun müavini İ.Dadaşov da daha yaxşı bilir və
hələ ki, özünün söylədiyi kimi susmağa üstünlük verir.
Ölkə başçısının
Lənkərana gəlişindən bir gün əvvəl Sütəmurdov kəndi yaxınlığında baş vermiş
problem səbəbindən su bütün şəhərin küçələrini basmışdı. Kanalizasiya
korrupsiyasının detalları “Gündəm-xəbər” onu da öyrənib ki, Lənkəranda
kanalizasiya sisteminin qurulmasına da ayrılan vəsait mənimsənilib. Məlum olub
ki, rayon icra başçısı Taleh Qaraşov bu layihənin icrasına ayrılan büdcə
pullarının taleyini həll edib. Hələ bir neçə il bundan qabaq dövlət büdcəsindən
vəsait ayrılsa da şəhər üçün lazımlı olan bir sistem hələ də öz həllini
tapmayıb. Halbuki, rayon rəhbərliyi bir vaxtlar şəhər sakinlərinin bərbad
kanalizasiya sistemindən şikayətçi olduqlarını, mərkəzi küçələrdə səngər kimi
qazılan, əsl müharibə şəhərlərinə bənzəyən istehkamların tezliklə aradan
qaldırılacağını dilə gətirirdi, rahatsız olmağa əsas yoxdur, yeni su və kanalizasiya
sistemi 2014-də hazır olacaq, deyirdi. Bəs nə oldu? Şəhər sakinləri qeyd
edirlər ki, yağmurlu region olduğuna görə burada yağışdan sonra Lənkəran su
altında qalır. Çirkab sular və tullantılar şəhərin küçələrinə tökülür. Əhalini
yağış sularının axması üçün çoxdan qazılmış açıq xəndəklər xilas edir.Lənkəran
şəhər İcra Hakimiyyətinə su təchizatı və kanalizasiya sisteminin qurulması
istiqamətində 2011-ci ilin avqustunda 210 milyon manatlıq layihə təqdim olunub.
Bu işin 2014-cü ildə yekunlaşması nəzərdə tutulub. Amma heç bir iş görülməyib.
Lahiyəyə görə yollar qazılıb tökülsə də layihənin icrasına başlanılsa da işlər
yarımçıq qalıb. Bu işin çətin proses olduğunu görən Lənkəran RİH-nin başçısı
Taleh Qaraşov göstəriş verib ki, şəhərin küçələrində kanalizasiya üçün qazılan
xəndəklər torpaqlansın. Nəticədə bu layihə icra olunmayıb, prezidentin ayırdığı
vəsait mənimsənilib, yollar bərbad günə düşüb. Bu cür analoqsuz məntiq yalnız
Azərbaycan məmurunun ağlına gələ bilər. Qeyd edək ki, Masallı bu layihə həyata
keçirilib.11 milyonluq yeyinti ilə bağlı onu da deyək ki, canı boğaza yığılan
obyekt sahibləri prezidentin son bəyanatlarından sonra azca nəfəs ala bilib.
Başçının birinci müavini anlayıb ki, vəziyyəti gərginləşdirmək fəlakətlə
nəticələnə bilər. Lənkəran tarixən üsyankar bölgələrdən olub. Odur ki, Quba və
İsmayıllı hadisələrinin təkrarlanmasını ağlına belə gətirmək istəməyib. Amma
onun əsas məntəqələrindən biri rayon mərkəzi xəstəxanasıdır. Belə ki, Lənkəran
mərkəzi rayon xəstəxanasının baş həkimi yalan danışıb. Xəstəxananın kosmetik
təmir olunmuş binası ölkə başçısına yenidənqurma kimi təqdim olunub. 2012-ci
ildə 3 milyon manat, 2013-cü ildə 8 milyon manat ayrılsa da, 11 milyonun
xəstəxananın hansı əsaslı təmirinə sərf olunduğu açıq sual qalır. Baş həkim
Ağabala Kəlbəliyevin bu işi ört-basdır edə bilməsində rayon icra başçısının
müavini İlqar Dadaşovun xüsusi dəstəyi olub. Başçı müavini ilə baş həkimin
birgə 11 milyonluq maxinasiyasının həyata keçirilməsindən rayon rəhbəri Taleh
Qaraşovun da xəbəri olub. Amma bu günə kimi tibb ocağındakı maxinasiya
barəsində heç kim sorğu-sual edilməyib. Təxminən 1 ay əvvəl Hesablama Palatası
audit tədbirləri həyata keçirib. İşlərində nöqsanlara yol verən 5 nəfər
vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirləri tətbiq edilib. Baş mühasibə,
böyük mühasibə və 1 əməkdaşa töhmət verilib, Təcili Təxirəsalınmaz Tibbi Yardım
Stansiyasının baş həkiminə və Mərkəzi Baş Rayon Xəstəxanasının təsərrüfat
işləri üzrə əməkdaşına xəbərdarlıq edilib. Baş həkimlə başçı müavini şərikdir?
Bildirilib ki, hazırda rayon uşaq xəstəxanası da bu binaya köçürülüb. Köhnə
bina isə deputat Hadı Rəcəbli tərəfindən alınaraq restorana çevrilib. Lənkəran
Rayon Mərkəzi Xəstəxansanın baş həkimi Ağabala Kəlbiyev sənəd üzərində müalicə
alan xəstələrə gen-bol yeyib-içmək verib. Təkcə ötən il “Kaspiya-12” MMC-dən
alınan kələm, turp, vəzəri, pamidor, xiyar və sairə məhsullara 33 min manat pul
xərclənib. Qeyd olunan məhsullar bazar qiyməti ilə alınarsa, onların ümumilikdə
kütləsi 40 tondan çox edir və daşınması üçün yük vaqonu tələb olunur. Bu
kütləni il boyu buralarda yatan xəstələrin adam başına böləndə, belə çıxır ki,
xəstələr burdan hətta evlərinə də meyvə-tərəvəz yolayıblar. Hərçənd heçə kəsə
sirr deyil ki, əksər dövlət xəstəxansında müalicə alan insanlara yaxınları ev
yeməkləri gətirir. RMX-nin “Lənkəran Tədarük Firması” MMC-dən aldığı ət
məhsuluna görə ödədiyi 46 min manat ilk baxışdan kiçik görünsə də, əslində
təəccüblüdür. Çünki
bu pula 7 tona yaxın ət alamaq olar ki, bu da orta hesabla bir aya 600 kq edir.
Təqribi hesablamalardan görünən odur ki, baş həkim ay ərzində xəstəxana
həyətində həftədə 150 kq-lıq 4 öküz kəsdirib xəstələrə
paylayırmış.Meyvə-tərəvəz və ətlə müqayisədə baha olmayan və az miqdarda
istifadə edilən digər ərzaq məhsulları: düz, yağ, sarıkök, verməşil və s. üçün
41 min manat xərclənməsi də (“Le-mos km” MMC-dən alınıb) şübhəlidir.“Lənkəran
Çörək” ATSC-dən lllik çörəyin alınmasına sərf edilən 16 min manat bizi azacıq
düşünməyə məcbur edir. Bu pula biri 30 qəpikdən 53 333 ədəd zavod çörəyi almaq
olar ki, bu da aya 4444, günə isə 146 ədəd edir. 140 ədəd çörək ən azı 250
nəfərin günlük normasıdır. Burada diqqət çəkən maraqlı məqam adam başına düşən
çörəklə yemək payında olan uyğunsuzluqdur.Yəni anlaşılan budur ki, xəstəxanada
yatan xəstələrin yarısından çoxu gen-bol ət yeyib, qalanı isə sadəcə quru
çörək. Sonda onu da qeyd edək ki, baş həkimin qanunları belə kobud şəkildə
pozmasının və heç bir cəza almamasının səbəbini isə icra başçısının müavini
İlqar Dadaşovla əlaqələndirirlər. Bütün bu səslənən iddialar və ittihamlarla
bağlı hörmətli icra başçısının və müavinin, eləcə də RİH-nin mətbuat xidmətinin
mövqeyini dərc etməyə də hazırıq.