10 saylı Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev «yoxlamanı yola salmaq» üçün müəllimlərin maaşlarının 1/3-nin tutulması tapşırığının Cavanşir Yusifov tərəfindən verildiyini deyir
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyi Dövlət Maliyyə Xidmətinin 10 saylı Maliyyə Müfəttişliyi Ağcabədi Təhsil Şöbəsində yoxlama aparır. Həmin məlumatlara görə, müfəttişliyin rəisi Ədalət Nəbiyev orta məktəblərdə xeyli sayda neqativ halların aşkarlandığını əsas götürərək, bunu ört-basdır etmək üçün müəllimlərin əmək haqlarının 1/3-nin tutulması barədə təklif verib. Səbəb kimi də Maliyyə Nazirliyini «yol verməyin» lazım olduğunu göstərib.
JAM.AZ Sonolay.org-a istinadən xəbər verir ki, Nəbiyevin bu hərəkəti Ağcabədi rayonunu qarışdırıb. Belə ki, artıq rayonda müəllimlər etiraz aksiyası keçirmək məcburiyyətində qaldıqlarını bildiriblər. Onlar bununla bağlı ölkə başçısına müraciət edərək, yardım istəməklə yanaşı, həm də aksiya üçün yer ayrılması üçün müvafiq dövlət qurumlarına xəbər göndəriblər.
Saytın yazdığına görə, həmin məlumatlarda qeyd edilir ki, Ədalət Nəbiyev bütün hallarda müəllimlərin maaşlarından tutulmasını tələb edir. Və başqa şəkildə yoxlamanın nəticələrini dəyişdirə bilməyəcəyini qeyd edir. O da vurğulanır ki, məlumat ortaya çıxdıqdan sonra 10 saylı Maliyyə Müfəttişliyi Ağcabədi rayonunda yoxlamaları bir günlük dayandırıb. Lakin proses yenidən start götürüb. “Mənbənin bildirdiyinə görə, müəllimlərin əmək haqlarının 1/3-nin tutulması barədə verilən göstərişin Maliyyə Nazirliyi tərəfindən verildiyi deyilir. Hətta Ədalət Nəbiyev açıq şəkildə qeyd edib ki, belə bir təşəbbüslə o çıxış edə bilməz. Təlimat isə Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yuksifov tərəfindən verilib.
Xatırladaq ki, Ağcabədi rayonunda fəaliyyət göstərən orta məktəblərdə 2500-dən artıq müəllim çalışır. Onların əmək haqlarından tutulacaq 1/3 qədərlik məbləğ isə orta hesabla 250-300 min manata bərabərdir”.
Yazıda adı keçən qurumun və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.