Qazaxın yeni başçısı ilə bağlı ŞOK FAKTLAR

30-05-2016, 20:52   


Rəcəb Babaşov Eldar Mahmudovun əmlakını ölkə xaricinə çıxarmaqda ittiham olunur

Yeni icra başçısını “MTN işi”nə görə həbs olunan Vidadi Məmmədovla nə bağlayır?

Bir neçə gün əvvəl prezident İlham Əliyevin sərəncamı ilə Rəcəb Abbas oğlu Babaşovu Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin olundu. Təyinatdan dərhal sonra yeni icra başçısı barədə bəzi məlumatları təqdim etmişdik.

İnternet qaynaqlarında apardığımız araşdırmaların nəticəsi olaraq Rəcəb Babaşov isminin “MTN işi”ndə hallanmasından, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi olan Cavid Qurbanovla əlaqələrindən bəhs etmiş, var-dövlətinin müəyyən qisminin siyahısını təqdim etmişdik.

Rəcəb Babaşovla bağlı apardığımız araşdırmalar zamanı ortaya daha ilginci informasiyalar çıxdı. Öncədən qeyd edə ki, kifayət qədər ciddi olan bu xəbərlər indiyədək yeni icra başçısı tərəfindən təkzib olunmayıb.

MilliYol.Az xəbər verir ki, Rəcəb Babaşov bir müəddət əvvəl sabiq MTN şefi Eldar Mahmudovla işbirliyində ittiham olunub. Bu şəxs Azərbaycanın ən güclü məmurlarından biri olan MTN-nin şefinin vəzifəsindən azad olunmamışdan 3 gün qabaq onunla görüşüb. Həmin görüşdə nələr haqqında danışıldığı məlum deyil. Maraqlıdır ki, Rəcəb Babaşov Eldar Mahmudov prezident tərəfindən işdən azad olan kimi təcili Azərbaycanı tərk etdi. Əslində Eldar Mahmudovun ən axırıncı görüşdüyü adam Rəcəb Babaşov sayıla bilər. İddia olunur ki, təcrübəli əməliyyatçı olan sabiq nazir xaricdəki əmlakının yerləşdirilməsi və “yoxa çıxarılması” prosesində məhz Rəcəb Babaşovdan istifadə edib.

Qazaxın yeni başçısı ilə bağlı ŞOK FAKTLAR
Rəcəb Babaşov medianın gündəminə əsasən doğulduğu Sabirabad rayonunda, paytaxtda, ölkənin bir çox regionlarında və hətta xaricdə belə sahib olduğu sərvəti ilə gəldi. Media öncə sıradan bir dövlət görəvlisinin bu qədər sərvətə necə sahib olduğunu araşdırarkən, ortaya yeni nüanslar çıxdı və iddia olundu ki, Babaşovun məlum sərvətinin əldə olunmasında sabiq MTN nazirinin və hazırda həbsdə olan Eldar Mahmudova bağlı generalların rolu olub. MilliYol.Az mediada onunla bağlı yayılmış məlumatlara istinadən qeyd edir ki, Rəcəb Babaşovun bir zamanlar mövcud olan əlaqələri nəinki onun özünü, hətta dostlarını belə “MTN çetesi”ndən qorumaq üçün yetərli olub. İddia olunur ki, “MTN işi”nə görə həbsdə olan generallar sabiq nazir Eldar Mahmudovun göstərişi ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovu o, hələ “Azəryolservis” ASC-nin sədri olduğu dönəmlərdə hədəfə alıb. Bu zaman dost köməyinə ehtiyac yaranıb və Cavid Qurbanovla dostluq əlaqəsi olan Rəcəb Babaşovun müdaxiləsindən sonra məlum çete QSC rəhbəri ilə bağlı planlarını başqa müstəviyə keçirib.

İddia olunur ki, Rəcəb Babaşovun MTN generalları ilə münasibətini Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, hazırda “MTN işi” ilə bağlı həbsdə olan general Vidadi Məmmədov yaradıb. Xəzər rayonu ərazisində sabiq nazirə məxsus villanın xərcinin bir hissəsi də məhz Rəcəb Babaşov tərəfindən ödənildiyi üçün bu şəxsə sabiq nazir tərəfindən toxunulmazlıq statusu da verilibmiş.

Qazaxın yeni başçısı ilə bağlı ŞOK FAKTLAR
Rəcəb Babaşov indiyədək Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi olub. Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Rəcəb Babaşovun qızı ilə ailə həyatı qurub. Yəni haqqında qısaca bilgi verdiyimiz bu adam əslində iki iri rəqib məmurun – Ziya Məmmədovla Cavid Qurbanovun qohumluğunu qazana bilib. Lakin Rəcəb Babaşov daha çox Cavid Qurbanovun “kassiri”», pulyığanı kimi tanınır. Bu barədə bu günədək mətbuatda kifayət qədər faktlar səslənib və rəsmən təkzib olunmayıb.

Həmin məlumatlarda bildirilir ki, Cavid Qurbanovun iri obyektlərinin idarəedilməsi, onların bütün inzibati problemlərdən qorunması işini də bu adam həyata keçirir. Müraciət edən iş adamları deyirlər ki, son zamanlar Babaşovun adı ilə obyektlərin yoxlaması işləri daha da amansız şəkildə həyata keçirilir. Departament rəhbərinin adı ilə yoxlamaya gələnlər, xüsusilə də Cavid Qurbanovun rəqibləri ilə daha amansız davranırlar. Şikayətçi olan iş adamları deyirlər ki, Rəcəb Babaşovun yoxlamaya yolladığı adamlar heç də iri vergi ödəyiciləri ilə kifayətlənmirlər. İri vergi ödəyicisi olan hüquqi şirkətlərin törəməsi olan bütün MMC-lərə qarşı da çox amansız davranışlar nümayiş etdirilir.

Cavid Qurbanov

MilliYol.Az mediada yayılan xəbərlərə istinfadən bildirir ki, “qara kassa”ya xüsusi xidmətləriylə seçildiyinə görə Rəcəb Babaşov özünə çatan rüşvət paketləri də milyonlarla ölçülür. Rəcəb Babaşovun şəxsi biznesləri və dəyəri milyardlarla ölçülən əmlakına o cümlədən onlarla bahalı maşınlarına nəzər salmaqla müəyyən etmək olur ki, bu şəxs qara kassaya xüsusi xidmətləriylə seçildiyinə görə özünə çatan rüşvət paketləri də milyonlarla ölçülür. İddialara görə, Rəcəb Babaşovun Sabirabad rayonunun Qaralar kəndində 2 milyon manat dəyər olan villası, Bakının Bayıl qəsəbəsində yerləşən “Aran” restoranı və “Aran” kafesi, Fatmeyi kəndində 5 milyon manat dəyəri olan villası, Bakının müxtəlif rayonlarında çox sayda mənzili, şəxsi qarajlarında dəyəri yüzminlərlə ölçülən lüks avtomobilləri, Türkiyə və Almaniyada biznesi və bir çox adını sadalamadığımız obyektləri var.

İddialara görə, Rəcəb Babaşov bunlarla kifayətlənməyib, Sabirabad rayonunda xırda sahibkarlardan da “haqq” alır. Belə ki Sabirabad rayonunda bu şəxsin ilin sonunda payını çatdırmayan heç bir sahibkar mağaza işlədə bilmir. Bu işdə rayonda ona dəstək olan Sabirabad İcra Hakimiyyətinin birinci müavini postunun tutan Rəcəb Babaşovun doğmaca bibisi oğlu Həsən Həsənovdur. Belə ki, Rəcəb Babaşov haqqını çatdırmayan sahibkarlara Həsən Həsənovun dəstəyi ilə bir sözlə divan tutur. Rəcəb Babaşov öz doğma rayonu olan Sabirabadda da böyük biznes imperiyası qurub. Hətta öz rayonunda belə sahibkarlarla davranışında Babaşovun çox amansız biri olduğu deyilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.