Siyasi iradə yoxdursa, Harvardın məzunu nəticəni dəyişə bilməz
Iqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzi (IITKM) Azərbaycanda strateji təhlil, planlaşdırma və idarəetmə sahəsində kadr hazırlığına töhfə vermək üçün “Strateji idarəetmə” mövzusunda təlim təşkil edir. Təlim dövlət və biznes qurumlarının strateji idarəetmə üzrə yüksək vəzifəli rəsmiləri üçün nəzərdə tutulub. Təlimin tədrisini Harvard Universitetinin məzunu və bu sahədə tanınmış ekspert Sinan Köksoy aparır. Təlimin modulu uzunmüddətli strategiya əsasında bizneslər və layihələri ehtiyatla idarə etmək üçün praktiki yanaşmalar və çərçivələr, strateji təhlil və korporativ planlaşdırmada iştirakçılara yüksək səviyyədə biliklərin tədrisi üçün nəzərdə tutulub.
Xatırladaq ki, Iqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli fərmanı əsasında ölkədə iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə yaradılıb.
Məsələnin məğzi bundan ibarətdir ki, xarici mütəxəssislər ölkəmizin yüksək vəzifəli şəxslərinə idarəetmə qaydalarını, biznes layihələrindən səmərəli istifadəni öyrədəcək.
Bəli, neftin qiymətinin düşməsi, ölkədə yaranmış böhran hökuməti vadar edib ki, məmurlara normal idaretməni, maliyyədən lazımi şəkildə istifadəni öyrətsin. Çünki, bizim vəzifəlilər büdcəni çapıb-talamaqdan, bazar qaydaları ilə idarə etməkdən başqa heç nə bilmirlər. Indi isə əhilləşmə zərurəti hiss ediblər və 23 ildən sonra təlimə ehtiyac duyublar.
Amma məsələnin ən vacib tərəfi budur ki, bizim məmurların təlimə yox, tövbəyə ehtiyacı var. Yəni təfəkkür tərzi dəyişməsə, dövlətə şəxsi təsərrüfat kimi yanaşma davam etsə, qanunlar işləməsə, hesabatlı sistem bərpa edilməsə, heç bir təlimin müsbət nəticəsi ola bilməz. Hökumətdə elə şəxslər təmsil olunur ki, onların peşəkarlığına şübhə yoxdur. Sadəcə olaraq sistem korrupsiyalaşmış, avtoritarlaşmış olduğuna görə peşəkarlar da “mühit”ə öyrəşir. Sistemin iş prinsipi, neqativ ənənələri dəşiyməyincə, bütün dünyanın professorlarını ölkəyə yığmaq da nəticəni dəyişə bilməyəcək. Dövlətin sərvətini oğurlamamaq üçün təlim lazım deyil, vicdan lazımdır. Təhsili, səhiyyəni, hüquq sistemini sağlamlaşdırmaq üçün təlimə yox, siyasi iradəyə ehtiyac var. Vətəndaşa xidmət üçün təlim yox, vətən sevgisi, millət sevgisi lazımdır.
Vəzifəli şəxs xalqın xidmətçisi olduğunu, tutduğu vəzifəyə görə məsuliyyət daşıdığını dərk etməlidir. Sahibkara işgəncə verən, günahsız insanları şərləyərək həbsə atdıran, adamları şantaj edərək taleyini qaraldan zehniyyət təlimlə düzələn deyil. Əslində, bu tipli adamlar təlimə yox, məsuliyyətə cəlb olunmalıydı. Uzun illər qanunsuz əməllərlə məşğul olmuş, rüşvətə bulaşmış adamları Harvardın mütəxəssisi düzəldə bilməz. Fakt budur ki, harınlamış, korrupsiyaya bulaşmış, vətəndaşa zülm edən adamlar iş başındadır və ölkədə söz sahibidirlər. Deməli, əvvəlki qaydalar qalır və təlimlər də imitasiyadır.
100 sərəncam, 200 fərman imzalamaq əvəzinə, ortaya siyasi iradə qoymaq lazımdır. Bu ölkə fərmanla, sərəncamla düzəlsəydi, 20 il əvvəldən düzələrdi.
Bir daha qeyd edirik ki, o təlimlərə başlamazdan əvvəl tövbə etmək lazımdır.
Akif