«Kredit qalmaqalı»na görə həbs edilənlərin azadlığa buraxılmasının sirri
“Kredit qalmaqalı”na görə həbs edilənlərin ard-arda azadlığa buraxılması Beynəlxalq Bankın keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin verdiyi mesajlarla bağlıdır. “Azadlıq”a daxil olan məlumata görə, Cahangir Hacıyevin bacısının ölkə başçısı Ilham Əliyevə müraciəti və vəkilinin mediaya son açıqlamaları hakimiyyət daxilində narahatlığa səbəb olub.
Yada salaq ki, bankirin bacısı Əminə Hacıyeva Ilham Əliyevə müraciətində Maliyyə Nazirliyini ittiham etmişdi: “Maliyyə Nazirliyinin təşəbbüsü ilə bütün bu işgüzar və dövlətə mənfəət gətirən müəssisələrin fəaliyyəti dayandırılıb. Iş yerləri tam bağlanıb. Nəinki direktor, eləcə də orada işləyən işçilər də zərər çəkib. Bunu bir təxribat kimi qələmə vermək olar. Belə bir sual ortaya çıxır: Maliyyə Nazirliyi nə məqsəd güdürdü?..
…Heç kim üçün sirr deyil ki, çoxsaylı kreditlərin verilməsi bir adamın işi deyil. Verilən kreditlər uzun bir yol keçir: kredit komitəsi, Mərkəzi Bank və sonda Maliyyə Nazirliyinin Müşahidə Şurası. Axı Cahangir bu idarələrin yanından ötməklə necə özbaşına kredit verə bilərdi? Maliyyə Nazirliyi hara baxırdı?”
Cahangir Hacıyevin vəkili Aqil Layıcov isə bildirmişdi ki, müdafiə etdiyi şəxs Beynəlxalq Bankdan iri məbləğdə kredit götürənlərin adlarını istintaqa açıqlayıb: “Ən maraqlısı bundadır ki, istintaq zamanı Hacıyev Beynəlxalq Bankdan kredit alan şəxslərin konkret adlarını açıqlayıb. Lakin bu şəxslərdən heç kim istintaqa çağırılmayıb.
Mənimsəmə olubsa, necə olur ki, onun bir iştirakçısını həbs edirlər, digərlərini isə məsuliyyətə cəlb etmirlər?”.
Istər Əminə Hacıyevanın müraciəti, istərsə də Aqil Layıcovun açıqlamaları təbii ki, birbaşa Cahangir Hacıyevdən qaynaqlanır. Yəni, hər iki şəxs hakimiyyətə faktiki olaraq bankirin mesajlarını çatdırıblar. Bu isə o deməkdir ki, Cahangir Hacıyev məhkəmədə də susmayacaq. “Onun açıqlamaları isə hakimiyyət üçün sarsıdıcı zərbə ola bilər. Bu baxımdan hakimiyyət bir qədər yumşalaraq ”kredit qalmaqalı”na görə həbs olunanları azad etməyə başlayıb”, – deyə mənbə bildirib.