Müzəffər Baxışov: «O vəsaitlər dövlətdən oğurlanmış pullardır»
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun rəhbərlik etdiyi nazirlikdə baş verənlər barədə hər gün yeni məlumatlar üzə çıxır. MTN əməkdaşlarının iş adamlarının əmlakına göz dikməsi, hədə-qorxu, şantaj yoluyla onları müflis etməsi, yüksək vəzifəli şəxslərdən rüşvət alınması faktları barədə cəmiyyətə vaxtaşırı məlumatlar verilir.
Bu xəbərlərdən biri də budur ki, Eldar Mahmudov vəzifəsini itirməmişdən bir neçə ay əvvəl “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadədən 2 milyon pul alınmasıdır. Məlumatda bildirilir ki, Əhməd Əhmədzadə ətrafında əməliyyat hazırlayan MTN rəhbərliyi qurum rəhbərini hansısa maliyyə fırıldağında günahlandırmaq istəyib. Bu əməliyyata isə həbs olunduqdan sonra özünü asan MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini Ilqar Əliyev rəhbərlik edib. Çıxılmaz vəziyyətdə qalan Əhməd Əhmədzadə ətrafındakı şəxsləri ÿhəbsdən qorumaq üçün tələb olunan 2 milyonu verib.
Bundan başqa, Eldar Mahmudovun külli miqdarda pul aldığı adamların sırasında Bakı Metropoliteninin sabiq rəhbəri Tağı Əhmədv, nəqliyyat naziri Ziya Məmmədovun da adı hallandırılır.
Görəsən, sabiq MTN rəhbərinə külli miqdarda pul verən adamlar bu məsələni niyə vaxtında ictimailəşdirməyib? Bu cür faktları gizlətməyə görə onlar haqqında hansısa tədbir görülməlidirmi?
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, əgər Eldar Mahmudovun Əhməd Əhmədzadədən külli miqdarda pul aldığı barədə deyilənlər doğrudursa, bu, cinayət qanunvericiliyində başqasının əmlakını hədə-qorxu ilə ələ keçirmə sayılır. Hüquqşünas pul verən tərəfin bunu açıqlamamasını bir sıra səbəblərlə izah edir: “Onlar deyə bilmir ki, milli təhlükəsizlik naziri bu qədər pul tələb edib. Çünki ortaya sual çıxacaq ki, verdikləri milyonlarla pulu hardan tapıblar? Milyonlar dövlətdən, xalqdan oğurlanmış pullardır. Məsələn, ”Meliorasiya və Su Təsərrüfatı” ASC yeyinti üçün ən münbit şəraiti olan qurumlardan biridir. Əgər Əhməd Əhmədzadənin pul verməsi barədə deyilənlər doğrudursa, istintaq bu faktı üzə çıxarsa, o halda, ona rüşvət verməyə görə ittiham irəli sürmək olmaz. Çünki o, rüşvət verməyib, sadəcə, hədə-qorxu yoluyla ondan pul alınıb. Əsas məsələ o verilən pulların hansı yolla əldə olunmasıdır. Dövlətdən mənimsənilən puldursa, artıq burada CM-nin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsinin tərkibi var. Indiki qanunvericiliyə görə, dövlət əmlakının 10 min manatdan çox mənimsənilməsi külli miqdarda mənimsəmə kimi qiymətləndirilir. Belə əməllərə görə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub”.
Bununla belə, Müzəffər Baxışov milyonları mənimsəyən məmurlarla bağlı belə araşdırmaların aparılacağına və onların cəzalandırılacağına inanmır.