Zakir Fərəcov və İradə Gülməmmədovanın bacısı uşaqları əhalinin qəniminə çevriliblər, ev tikmək istəyənlər hər kvadrat üçün 25-50 manat pul verməlidirlər
İKİNCİ YAZI
Birinci yazımızda Abşeronda şərik rəfiqələrdən, yəni icra başçısı İradə Gülməmmədova və səhiyyə şəbəsinin müdiri Mehriban Qaralovanın birgə biznesindən bəhs etmişdik. Həmin yazıda ötən il səhiyyə sahəsinə ayrılmış milyonlarla mantın hansı məqsədlərə sərf olunduğu konkret rəqəmlərlə ifadə olunurdu. JAM.AZ bu dəfəki yazını isə Abşeronun icra başçısı İradə xanımın torpaq biznesinə həsr edib. Daha doğrusu, apardığımız araşdırmalar əsasən bu məsələnin üzərində köklənib.
Böyük bir rayona cəmi 3 ədəd ambulans
Məsələyə keçməmişdən əvvəl Abşeron səhiyyəsi ilə bağlı daha bir maraqlı məqamı diqqətinizə çatdırırıq. JAM.AZ-a yazan Vüqar Rzayev bildirir ki, rayonun Təcili Tibbi Yardım Stansiyasında cəmi-cümlətani 3 ədəd ambulans var. Maşın sayının azlığı səbəbindən həkimlər heç bir çağırışa vaxtında yetişə bilmirlər.
Oxucumuz deyir ki, uzun illərdir davam edən bu vəziyyəti düzəltmək üçün heç bir tədbir görülmür. Halbuki Abşeron həm ərazisinə, həm də əhalisinin sayına görə, Bakının ən böyük rayonlarından sayılır. Bir ucu Çeyrankeçməz çölündən başlayıb, bir ucu da Masazırdakı Duz gölündə bitən böyük bir rayon üçün 3 ədəd Təcili Tibbi Yardım maşınının varlığı, sözün həqiqi mənasında biabırçılıqdır. Tutaq ki, Abşeron Səhiyyə Şöbəsinin maddi imkanı çatmır (hərçənd dəftərxana ləvazimatları üçün 75 min manat «xərcləyən» bir şöbənin maşın almağa pulu olmaz), bəs, Səhiyyə Nazirliyi niyə səsini çıxarıb, konkret addımlar atmır?
Ay alan, məmləkəti Abşeron satıram…
İndi isə keçək əsas mətləbə. JAM.AZ xəbər verir ki, Abşeron rayonu heç vaxt icra başçısı baxımından bəxti gətirməyib. Üzun illər bu rayona Zakir Fərəcov başçılıq edib ki, onun da satmadığı torpaq qalmayıb. Bir tərəfdən, bacısı oğlu Elgiz, bir tərəfdən qohumları rayonun torpaqlarını «torbaya doldudur daşıyıblar». Elə bu səbəbdəndir ki, sözügedən rayonda boş ərazi tarmaq ayrıca bir müsibətə çevrilib.
Söhbət Xırdalan şəhərindən gedirsə, burada torpaq tapmaq mümkün deyil. JAM.AZ xəbər verir ki, ayrı-ayrı şəxslərin əlində olan torpaq sahələrinin də qiyməti 15 min manatdan başlayır. Düzdür, bir qismi ərazilər də var ki, onlar elə Zakir Fərəcov və qohumlarının əlindədir. Lakin onlar satmaq barədə düşünmürlər. Çünki qiymətin daha da bahalaşmasını gözləyirlər.
İradə Gülməmmədova isə Zakir Fərəcovun kadrı olaraq Abşerona rəhbərlik etdikdən sonra durum qətiyyən dəyişməyib. Rayonun torpaqları yenə əvvəlki kimi satılır. Amma satılmaqdan vacib olan başqa bir məsələ var. Cəsarətin çatır, ev tik!
Xırdalanda 50 manat, kənarlarda 25 manat…
Vəziyyət belədir ki, Abşeron rayonunda ev tikmə məsələsi müşkül məsələdir. JAM.AZ-ın araşdırmalarına görə, Xırdalan şəhərində torpaq almış vətəndaş tikdiyi evin çertyojunu hazır etdikdən sonra rayonun Memarlıq və Tikinti İdarəsinə baş vurmalı və orada nə qədər pul verəcəyi barədə xəbər gözləməlidir.
Memarlıq və Tikinti İdarəsinin müdiri olan Akif Əliyevin keyfinin duru və ya qəliz yerinə düşməsindən asılı olmayaraq, qiymətlər sabitdir. Yəni, tikilən evin hər kvadratı üçün vətəndaş 50 manat ödəməlidir. Bazarlıq edib bu məbləği 49 manata endirmək isə mümkün deyil. Çünki «birinciyə» veriləcək hesabatda «güzəşt» anlayışı yoxdur. Ona görə ki, Sumqayıtda oturub, Abşeronu idarə edən Zakir Fərəcov cənabları hər kvadratmetr ərazinin dəqiq qiymətini bili rvə bildiyi dəqiqlikdən dolayı da yığılan «nəmərləri» tələb edir.
JAM.AZ xəbər verir ki, İradə Gülməmmədova hətta cəsarət edib rəqəmləri gizlətmək istəsə belə, mümkün deyil. Ona görə ki, ev tikintisinə nəzarət edən Zakir Fərəcovun bacısı oğlu Elgiz Fərəcov bütün məlumatları dəqiqliklə icra başçısına çatdırır. Yəni, xanım Gülməmmədovanın «qaçacaq yeri yoxdur».
Xırdalandan kənarda isə qiymətlər başqadır. Saray, Masazır kimi qəsəbələrdə tikilən evin hər kvadratı üçün tələb olunan məbləğ 25 manatdır. Burada da hər hansı bir güzəşt yoxdur. Mütləq və mütləq pul alınmalı və «sahibi»nə çatdırılmalıdır.
JAM.AZ xəbər verir ki, Abşeronda ev tikintisi xərcləri bununla da bitmir. Ortada başqa bir məsələ də var. Vətəndaş tikintiyə başlayan kimi, Zakir Fərəcovun bacısı oğlu Elgiz Fərəcov həmin şəxsin başının üstünü kəsərək, «xərac» tələb edir. Verməyənin evini buldozerin qabağına verib sökdürəcəyi ilə hədələyir. Ona nəinki hansısa məmur, hətta İradə Gülməmmədova bir söz deyə bilmir.
Sürücü Elmin, bacıoğlu Babək «sindromu»
Abşeron camaatı təkcə Zakir Fərəcovun bacısı oğlundan çəkmirlər. Həmçinin ortada daha iki nəfər var. JAM.AZ-a yazan vətəndaşlar qeyd edirlər ki, onlar artıq nə edəcəklərini belə bilmirlər. Çünki icra başçısı İradə Gülməmmədovaya güvənərək, addım atan həmin məmurlar konkret olaraq insanların qurub-yaratmaq həvəsini pulla məhv edirlər.
Məlumatda vurğulanır ki, bir vaxtlar Baş Tikinti İdarəsində (BTİ) işləyən Fuad Cəbrayılov Abşeron İcra Hakimiyyətinin başçısının ictiami-siyasi və humanitar məsələlər üzrə müavin gətirilsə də, bu adam qeyd olunan işlərlə deyil, məhz tikinti məsələləri ilə məşğul olur. «Fuad Cəbrayılov BTİ-də əsas işi vətəndaşlara çıxarış verməkdən ibarət olub. Lakin ondan edilən şikayətlərin çoxluğundan dolayı işdən çıxarılıb. Daha doğrusu, Kərəm Həsənov onu işdən qovmaq məcburiyyətində qalıb. Amma İradə Gülməmmədova onu müavin postuna təyin edib. Aydın məsələdir ki, ortaq maraqlar bu addımı atmağa şərait yaradıb. Həm də tikinti işləri və pulun necə yığılması yollarını yaxşı bildiyindən Fuad Cəbrayılova rayonun bütün tikinti işləri həvalə edilib».
JAM.AZ-a müraciət edən vətəndaşlar qeyd edirlər ki, Fuad Cəbrayılov BTİ-də işlədiyi zaman onun sürücüsü olmuş Elmin adlı şəxsə Abşeron İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsində mühüm «vəzifə» tapşırıb. Belə ki, Elmiri ştatla işə götürməyən müavin, ona şöbədə xüsusi bir otaq ayırıb. «Onun hansı vəzifə daşıdığı kimsəyə məlum deyil. Ayrıca bir otağı var və hamını da orada qəbul edir. Bu adamın işi ev tikmək istəyən, hansısa yenilik etmək istəyən şəxslərə qiymət «oxumaq»dan ibarətdir. Çünki əgər hər hansı bir vətəndaş hasar çəkirsə, ev tikirsə, hətta evinin uçuq-sökük damını dəyişmək istəyirsə, Elmirin adamları orada peyda olur. Vətəndaşa da bunu deyirlər ki, Elmir müəllim icazə verməsə, kimsə daşı daş üstə qoya bilməz. Elmirdən icazə isə heç də asan deyil. Bunun üçün əlindən cibində olmalıdır».
JAM.AZ xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyətinin rəsmi saytında Elmir adlı şəxsin adı belə yoxdur. Araşdırma zamanı o da məlum olub ki, bu adam qeyri-rəsmi olaraq İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə rəhbərlik edir.
Bütün bunlar işin çox kiçik tərəflərindən hesab olunur. Çünki rayonda elə hadisələr baş verir ki, kimsə ona ad tapıb qoya bilmir. Məsələn, İradə Gülməmmədovanın bacısı oğlu Babək də tikinti işlərinə nəzarət edən əsas fiqurlardan sayılır. Bu adam da qeyri-rəsmi işləyir və Memarlıq və Tikinti Şöbəsində heç bir vəzifə tutmur. Vətəndaşlar deyir: «Babəki rayonda hamısı icra başçısının pul daşıyanı kimi tanıyır. Xırdalanda kimsə sual versən ki, Babək kimdir, o dəqiqə cavab verəcək ki, tikinti işləri üçün pulları yığan şəxs».
SON
Bütün bunlar Abşeronda baş verənlərin kiçik bir hissəsidir. Çünki daha böyük işlər də var ki, onlar barəsində bir qədər sonra yazacağıq. Hələlik Zakir Fərəcovla İradə Gülməmmədovanın birgə torpaq biznesindən əziyyət çəkməyən qalmayıb. Daşı daş üstə qoyan istənilən şəxsin dərisi soyulduqdan sonra arzusunu reallaşdırmaq imkanı var. Başqa şəkildə kimsə nəsə edəcək gücdə deyil.
Qarşı tərəfi də dinləməyə hazırıq.
P.S. Növbəti yazımızda İradə Gülməmmədovanın sabiq prezident Heydər Əliyevə qarşı olan qısqanclığının səbəblərini biləcəksiniz. Həmçinin Abşeron rayonunda Heydər Əliyevin adını silmək üçün hansı addımlar atıldığından xəbəriniz olacaq.