Beyləqan rayon Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə bağlı redaksiyamıza daxil olan məlumatları təqdim etmişdik. Elvin Cabbarov adlı rayon sakininin şikayət məktubunda bildirilirdi ki, DSMF-nin müdiri Xaqani Hüseynov qanunla onlara düşən müavinətin verilməsinə mane olur və rüşvət tələb edir.
“DSMF-nin rayon şöbəsinə etdiyim müraciətə müdir Xaqani Hüseynov cavab vermir. Şöbə müdirinin qəbulunda olmuşam. O, açıq-aşkar dedi ki, məsələ ancaq müəyyən qədər vəsait ödəməklə, yəni rüşvət verməklə həll oluna bilər. Xaqani Səfərov həmçinin vəzifəyə yenicə təyin edildiyini deyərək bildirdi ki, “nazirlik hər işə görə hesab tələb edir və buna görə rüşvət almağa məcburam” deyə şikayətçi bildirirdi.
Həmçinin şikayətçi qeyd edirdi ki, Xaqani Hüseynov ona bu vəzifəyə gəlmək üçün 25 min manat xərc çəkdiyini də etiraf edib və indi peşman olduğunu bildirib. Çünki DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilib. Bu səbəbdən gördükləri bir çox işdə problemlərlə üzləşirlər.
Bunları xatırlatmağımızın səbəbi var. Belə ki, MilliYol.Az-a Beyləqandan yeni şikayət məktubu daxil olub. Bu dəfəki məktubun sahibi – rayonun Çəmənli kəndinin sakini Nəbiyev Bəxtiyar Yusif oğlu iddia edir ki, DSMF-də ondan rüşvət tələb olunub. Belə ki, qurumun sektor müdiri Maqsud Abbasov onu pensiyaya çıxartmaq üçün 1000 manat pul istəyib.
Şikayətçi qeyd edir ki, Maqsud Abbasovun əsas işi DSMF-yə ödənilən vəsiatlərə nəzarət etməkdir. Amma kürəkəni Xaqani Hüseynov DSMF-yə müdir təyin ediləndən sonra şöbədə bütün işləri Maqsud Abbasov həyata keçirir. Onun sözlərinə görə, Maqsud Abbasov DSMF-nin “makler”i funksiyasını yerinə yetirir və kürəkəni bütün işləri qaynatasına həvalə edib. Hətta artıq işçilərin təyinatı və çıxarılması işlərinə də Maqsud Abbasov nəzarət edir. Bir sözlə, qayınata-kürəkən əl-ələ verərək Beyləqan DSMF-də əsl bazar açıblar.
Sonda şikayətçi əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova müraciət edərək, rayon DSMF-də qaynata-kürəkən kabusuna qarşı tədbir görməyi xahiş edib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.