“AVROMED“ Prezidentin iradəsinə qarşı...

15-06-2016, 10:22   
“AVROMED“ Prezidentin iradəsinə qarşı...
Hazırda Azərbaycanın dərman bazarında qiymət hərc-mərcliyidir.

Tarif Şurasının qiymətləri tənzimlənən dərman siyahısından əlavə elə preparatlar var ki, onların dəyərini bazar, yaxud da “dərman dəllalları” özləri müəyyən edirlər. Bu da süni bahalaşmaya səbəb olur. redaksiyamız ANN.Az-a istinadən xəbər verir ki, daxil olan şikayət də bunu sübut edir. Adının açıqlanmasını istəməyən aptek satıcısı dərmanları topdansatış olaraq “Avromed” şirkətindən aldıqlarını bildirib. Onun sözlərinə görə, “Avromed” bir çox dərmanlarda süni bahalaşma edib. Hətta Tarif Şurasının müəyyən etdiyi dərman preparatlarında da qiymət fərqi var. Məsələn, əvvəllər 8 manat 15 qəpiyə alınan “Kanefron” tabletinin hazırkı qiyməti 13 manat 64 qəpik, əvvəllər 3 manat 79 qəpiyə satılan “Pantap” dərmanının qiyməti isə 5 manat 50 qəpiyə qədər qalxıb. Halbuki, “Pantap”ın rəsmi sənəddə qiymət 4 manat 34 qəpikdir. Aptekdən əldə etdiyimiz siyahıdakı dərmanlardan bəzilərini Tarif Şurasının tənzimlənən dərmanlar cədvəli ilə tutuşdurduqda belə statistika yarandı: “Aspirin kardio” (100 mq. № 56, Almaniya) həbinin tənzimlənən qiyməti 2 manat 64 qəpik olduğu halda 5 manat 31 qəpiyə, “Ranitidin” (150 mq. № 20, Rusiya) tabletinin tənzimlənən qiyməti 49 qəpik olduğu halda 81 qəpiyə, “Kaptopril” (25 mq. № 40, Polşa) rəsmi qiyməti 2 manat 84 qəpik olduğu halda 5 manat 2 qəpiyə satılır. Aşağıdakı fotolarda dərmanların süni şəkildə qiymətinin artırılmasına baxa bilərsiz: Oxuculara təqdim etdiyimiz dərmanlardan yalnız “Kanefron”un qiymətini Tarif Şurası tənzimlənməyib. Şikayətlə bağlı ən əvvəl “Avromed” şirkəti ilə əlaqə saxladıq. Şirkətin Direktorlar Şurasının üzvü Zamik İslamov bildirib ki, Tarif Şurası 21 dekabrdan sonra bu tarixə qədər təyin etdiyi qiymətlərə yenidən baxaraq devalvasiyaya uyğun düzəliş edib və həmin qiymətlərlə satış həyata keçirilir: “Tarif Şurasının təyin etdiyi qiymətlərdən fərqli heç bir dərman satmırıq. Əgər belə bir hal olsa, bu məsuliyyət yaratmış olar. Odur ki, yalnız və yalnız Tarif Şurasının təyin etdiyi qiymətlərlə satış edirik”. Şirkət rəsmisi “Kanefron” tabletinin qiymətinin tənzimlənmədiyini, həmin dərmanı istehsal edən şirkətlə birbaşa əməkdaşlıq etmədiklərini, sadəcə onu ölkəyə gətirən şirkətdən aldıqlarını deyib: “Azərbaycanda dərman idxalı ilə məşğul olan 100-ə yaxın şirkət var və haqqında bəhs etdiyiniz “Kanefron” dərmanını idxal edən “Avromed” şirkəti deyil, digər şirkətlərdir”. Qeyd edək ki, redaksiyamıza şikayətçi olan aptek satıcısı “Kanefron” dərmanını ölkəyə idxal edən şirkətlə əlaqə saxladıqlarını deyib. İdxalçı şirkət bu dərmanının qiymətini bahalaşdırmadıqlarını bildiriblər. Nə üçün dərman bazarında bu qədər ajiotaj yaranıb? Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dərman qiymətlərini Tarif Şurası müəyyən edir. Bu məsələ ilə bağlı ancaq bu qurum açıqlama verə bilər. “Tarif Şurasının qiymətləri tənzimlədiyi dərmanlar olduğu kimi apteklərdə satılmalıdır, yəni nə ucuz, nə də baha” – bu açıqlamanı İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti Abbas Əliyev deyib. Onun dediyinə görə, hazırda bazarda tənzimlənməyən dərmanlar da var: “Həmin dərmanların qiymətlərini isə bazarın özü müəyyən edir. 2016-cı il fevralın 25-də tənzimlənməyən dərmanların müəyyən qisminin qiyməti tənzimlənəcək. Bu ilin birinci rübündə isə proses tamamilə başa çatacaq”. A.Əliyev nümunə olaraq qeyd edib ki, məsələn, “Ksefokam-Lornoxicam 8 mq” tabletinin dəyərini Tarif Şurası 5 manat 17 qəpik müəyyənləşdiribsə, aptek həmin həbi baha sata bilməz”. Nazirlik rəsmisi redaksiyaya daxil olan şikayətin də araşdırılacağını bildirib. Tibb elmləri doktoru, professor Adil Qeybulla dərman ajiotajları ilə bağlı fikrini bu cür konkretləşdirib: “2003-cü ilə qədər dərman depolarına icazə verilirdi ki, apteklərə satılan dərmanların üzərinə 18 faiz qiymət qoysun. Ancaq hazırda vəziyyət belə deyil. Bu faiz dərəcəsi götürülüb və vəziyyət çox dəyişib. Hazırda paytaxtda elə apteklər var ki, bəzi kiçik dərman depoları gəlib onlardan mal alırlar. Yəni qiymətlər bu dərəcədə qarışıqdır. Guya Tarif Şurası dərmanların qiymətini tənzimləyib. Dərindən analiz etsək görərik ki, Tarif Şurası ancaq Rusiyadan gələn bəzi əhəmiyyətsiz dərmanların qiymətini tənzimləyib. Bahalı dərmanların heç birinin qiyməti tənzimlənməyib. Misal üçün, “Mirsera” dərmanının qiyməti hazırda 200 manat civarındadır. Qiymət tənzimlənməsi məsələsinə ciddi nəzarət edilməlidir. Bu Tarif Şurasının tənzimləmədiyi dərman qiymətlərinə də aid olmalıdır”. Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, yaranmış vəziyyətin əsl məsuliyyəti Səhiyyə Nazirliyinin üzərindədir: “Əgər hər hansı şəxs dərmanın baha olması ilə bağlı halla rastlaşırsa, yəni müəyyən olunan siyahıdan fərqli qiymətə dərman alırsa, aptekdən aldığı çeki götürərək, nazirliyə müraciət etməlidir. Səhiyyə Nazirliyi bu şikayətə baxıb, mütləq cavab verməli, tədbir görməlidir”. Hüquqşünas tənzimlənməyən dərman qiymətlərində bu prosesin fərqli olduğunu diqqətə çatdırıb: “Topdan satış depolarında, kim bu dərmanları apteklərə verirsə, ilk olaraq onlar qiyməti yüksəldir. Ümumiyyətlə, dərmanların ölkəyə gətirilməsi monopoliyadadır. Hər adam ölkəyə dərman gətirə bilmir. Dərman depolar Dərman depolarına, bu işlə məşğul olan qurumlara Səhiyyə Nazirliyi lisenziya verirsə, onlara cavabdeh də bu qurum olmalıdır. Əgər onlar qiyməti artırırsa, buna ilk növbədə nazirliyik reaksiya verməli, süni qiymət artımı ilə onlar mübarizə aparmalı və ya xud qiymət artımını əsaslandırmalıdır. Bütün hallarda məsuliyyət Səhiyyə Nazirliyinin üzərindədir”. Tarif Şurasının indiyə qədər tənzimlədiyi dərmanların siyahısını oxuculara təqdim edirik:http://www.tariffcouncil.gov.az/?/az/content/177/ Qeyd edək ki, “Avromed” şirkəti millət vəkili Cavanşir Feyziyevə məxsusdu. Son illər bu şirkət dərman bazarını böyük ölçüdə inhisara alıb. Belə ki, sözügedən şirkət hazırda dünyanın aparıcı əczaçılıq şirkətlərinin istehsal etdiyi məhsulların Azərbaycana idxal olunması və bütün ölkə ərazisində müxtəlif kateqoriyalardan olan alıcılara çatdırılması ilə məşğul olur. Bəzi məlumatlara görə, “Avromed”in müştəriləri sırasına 20-ə yaxın dövlət xəstəxanası, 150-yə yaxın özəl klinika, eyni zamanda 1500-ə yaxın fərdi aptek və digər qurumlar daxildir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar