24saat.org-a daxil olan özəl xəbərə görə, Taleh Qaraşovun Lənkəranın səfalı güşəsi olan Xanbulanda aldığı imarət vaxtilə bir məmura məxsus olub.
Qaraşovun həmin malikanəni yüksək səviyyədə təmir etdirdiyi də gələn xəbərlər arasındadır.
Saytımıza verilən məlumata görə, hazırda yeni villasında yaşayan icra başçısı üçün Xanbulanın havası olduqca əlverişlidir.
Çünki onun bir müddət qabaq infarkt keçirdiyi, Xanbulanın sakit havasının isə bu xəstəliyə yaxşı təsir etdiyi əldə etdiyimiz məlumatlarda əksini tapır.
Buna görə də, Lənkəranın şefi şəhərin ən bahalı və əlçatmaz yerində imarətə sahib olub.
Qeyd edək ki, cənab Qaraşovun yeni malikanəyə sahib olması barədə xəbər lənkəranlılar arasında ildırım sürəti ilə yayılıb və birmənalı qarşılanmayıb. Mənbəmizin iddiasına görə, uzun müddətdir ki, Lənkəran əhalisi Taleh Qaraşovun vəzifəsindən uzaqlaşdırıldığını müjdələyən xəbəri gözləyir. Qaraşovun villa almasındandan sonra rayon əhalisi arasında onun hətta vəzifəsini itirəcəyi təqdirdə belə, Lənkəranın Xanbulan kimi cənnət məkanını qoyub başqa yerə getməyəcəyinə dair inam möhkəmlənib. Bu isə lənkəranlıları məyus edib.
Xatırladaq ki, Taleh Qaraşovun vəzifəsini itirəcəyi, yerinə isə hazırda rayonun ikinci səlahiyyət sahibi sayılan İlqar Dadaşovun təyinat alacağına dair söz-söhbətlər adminstrativ kluarlarda da eşidilməkdədir.
24saat.org