Goranboy rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə rayondan millət vəkili seçilən, iş adamı Ağalar Vəliyev arasında ciddi problem yaranıb.
Problemə səbəb 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsinin sədrliyi üstündə yaranan fikir ayrılığıdır. Belə ki, DSK-nın hazırkı sədri Faiq Məhərrəmov icra başçısı üçün arzuedilməz şəxsə çevrilsə də, rayonun millət vəkili onu müdafiə edir, yenidən həmin posta təyin edilməsinə çalışır. Məlumata görə, Faiq Məhərrəmovla Goranboy rayon İcra Hakimiyyətinin başçısı arasında soyuqluq ötən ilin noyabrın 1-də keçirilən parlament seçkilərində yaranıb. Buna səbəb isə DSK sədrinin icra başçısına yalanlar danışması, deputatlığa namizədləri qeyri-qanuni yollarla qeydiyyata almaması barədə yayılan məlumatlar olub. Bundan sonra Nizaməddin Quliyev Faiq Məhərrəmova açıq şəkildə bildirib ki, növbəti dəfə o, DSK sədri olmayacaq. Bundan sonra isə icra başçısının qəzəbinə tuş gələn Faiq Məhərrəmov növbəti dəfə DSK sədri olmaq üçün fəaliyyətə başlayıb. Onun əsasən həmin dairədən seçilən deputat Ağalar Vəliyevə arxalandığı bildirilir.
Hətta məsələ o yerə çatıb ki, deputatın köməkçisi İlham Musayevlə dostlaşan DSK sədri bu münasibətləri indiyədək davam etdirdiyi Faiq Məhərrəmov yaxın ətrafına bildirib ki, nə icra başçısı, nə də YAP-ın Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov onun yenidən DSK sədri olmasına əngəl ola biləcək. O deyib ki, bu işdə deputat Ağalar Vəliyev ona dəstək verir. Faiq Məhərrəmov hətta Nizaməddin Quliyevin Ağalar Vəliyevin yanında heç kim olduğunu da dilə gətirib. Faiq Məhərrəmov yaxınlarına bildirib ki, o, tez-tez İlham Musayevə sovqat aparır.
Deputatın köməkçisinə Novruz bayramında 4 ədəd arı şanı və 4 ədəd hinduşka aparmasını da hər yerdə danışdığı daxil olan məlumatlar sırasındadır.
Faiq Məhərrəmovla bağlı yayılan məlumatlar arasında bir maraqlı məqam da onun YAP-a üzvlüyü ilə bağlıdır. Bildirilir ki, Faiq Məhərrəmov uzun müddət Müsavat Partiyasının Goranboy rayon Xan Qərvənd kənd özəyinin sədri olub. Onun sonradan YAP-a keçməsinə səbəb isə qardaşı Vidadi Məhərrəmovun Kəlbəcər rayonuna icra başçısı təyin olunması olub (Hazırda vəzifəsindən kənarlaşdırılıb). Vidadi Məhərrəmova vəzifə verildikdən sonra qardaşı F.Məhərrəmov müsavatçılıqdan imtina edərək, dərhal hakim partiyaya üzv olmaq qərarına gəlib.
Lakin həmin vaxt Yeni Azərbaycan Partiyasının Goranboy rayon təşkilatına sədrlik edən indiki icra başçısı Nizaməddin Quliyev Faiq Məhərrəmovu müsavatçı olduğu üçün YAP sıralarına qəbul etməyib. Nizaməddin Quliyevdən rədd cavabı alan Faiq Məhərrəmov öz yaşadığı Goranboy rayonu Xan Qərvənd kəndindən qeydiyyatdan çıxaraq, 2005-ci ildə Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 09, mənzil 19-da qeydiyyata düşüb.
Bundan sonra eks-müsavatçı YAP-ın Naftalan şəhər təşkilatına üzvlük ərizəsi verib və partiyaya qəbul olunub. Bunun ardınca Faiq Məhərrəmov qardaşının xahişi ilə Naftalan şəhər Qaz İstismar İdarəsinə müdir təyin olunub. Lakin işində verdiyi ciddi nöqsanlara görə 2007-ci ilin mart ayında “Azəriqaz”ın kollegiyasının qərarı ilə işdən azad olunub. İşsiz qalan Faiq Məhərrəmov bu dəfə qardaşının xahişi ilə Nizaməddin Quliyev tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər dairə seçki komissiyasına sədr vəzifəsinə gətirilib. Əgər iddialar doğrudursa, onda həmin şəxsin DSK-ya sədr və ya üzv seçilməsi də qeyri-qanunidir. Çünki Seçki Məcəlləsinin tələblərinə əsasən, DSK üzvləri həmin seçki dairəsində qeydiyyatda olmalıdır. Dairənin hüdudlarından kənarda qeydiyyatda olan şəxs komissiya üzvü ola bilməz.
Yeri gəlmişkən, fevralın 10-da Faiq Məhərrəmovun 66 yaşı tamam olub. Dövlət işlərində yuxarı yaş həddinin 65 olduğunu nəzərə alsaq, deməli onun DSK sədri olmasına daha bir maneə var.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin köməkçisi Fuad Əliyevin sözlərinə görə, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin sədri Faiq Məhərrəmov haqqındakı məlumatlar həqiqəti əks etdirmir: “Bu yaxınlarda Faiq müəllimin oğlunun toyu olub, başçı da həmin toyda iştirak edib. Tərəflər arasında heç bir problem yoxdur. 4 ildir ki, mən burada işləyirəm. Bu müddət ərzində Faiq müəllimlə başçı arasında münasibət pozulması hallarına rast gəlməmişəm. Onların münasibətinin korlanması haqqında məlumatlar yalandır”.
YAP-ın namizədi Ağalar Vəliyevin köməkçisi İlham Musayev isə bildirib ki, Dairə Seçki Komissiyasına sədr təyin etmək Mərkəzi Seçki Komissiyasının səlahiyyətində olan məsələdir: “O, bizim səlahiyyət daxilində olan məsələ deyil. Bizim 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinə daxil olan bütün seçicilərdən rəhbər işçilərə kimi hər biri ilə ümumi münasibətimiz var. İşimizə yaxından bələd olan şəxslər bilir ki, belə məlumatların əsası yoxdur. Hər bir seçki bizim üçün əzizdir”.
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin sədri Faiq Məhərrəmov isə hesab edir ki, əgər partiya onun namizədliyini irəli sürsə, yenidən DSK sədri seçilə bilər: “Seçki dövründə hansısa namizədin geri çəkilməsi hüquqi yolla baş verib. Məsələn Malik Həsənov namizədliyini irəli sürüb. Sonra imza toplaya bilmədiyinə görə ərizə ilə müraciət edib namizədliyini geri götürüb. Orada nə Nizaməddin müəllimin, nə də mənim təsirim ola bilməz. Buna qanun yol vermir. Bunlar Nizaməddin müəllimin haqqında deyilən bir böhtandır. Bu seçkili bir orqandır. Bizim namizədliyimiz hər 5 ildən bir partiya tərəfindən irəli sürülür. Əgər mənim namizədliyim yenidən irəli sürülərsə, yenə də seçilə bilərəm. Mən işlədiyim müddətdə bir dəfə də olsun aidiyyəti şikayət daxil olmayıb. Ağalar müəllim bizdən əvvəl Qaradağ rayonundan deputat seçilib. Bu dəfə isə YAP tərəfindən bizim dairədən namizədliyi irəli sürülüb. O da demokratik yolla seçilib. Faiq müəllim kimdir ki, kiməsə təsir edib namizədliyini geri götürtdürə? Mənim nə marağım var? Mən heç bir zaman Müsavat Partiyasının sıralarında olmamışam. Yəqin ki, kimsə DSK sədri olmaq istəyir, bunun üçün də su bulandırır. Əgər mən müsavatçı olmuşamsa, niyə Xalq Cəbhəsi hakimiyyətə gələn kimi məni rayon icra hakimiyyətinin müavini vəzifəsindən çıxardı? Mən Goranboy rayonun Xan Qərvənd kəndində doğulmuşam, hazırda yaşayış yerim də bu ünvandır”. (AzNews.az)