İcra başçısı Naxçıvan MR-in rəhbərinin işdən çıxardığı adamları, xüsusən də keçmiş MTN rəhbəri Vəli Əsgərovun adamlarını başına yığır
Qaradağın icra başçısı Süleyman Mikayılovun adı daha bir qalmaqallı məsələyə qarışıb. Daha doğrusu, «Çakır» ləqəbli rayon rəhbərinin özü qalmaqalı yaradan tərəf olaraq çıxış etməyə başlayıb. Verilən məlumata görə, Mikayılovun bu dəfəki qalmaqallı məsələsi onun Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbovla yola getməməsidir.
Etibarlı mənbələrdən daxil olan məlumata görə, Qaradağın icra başçısıyla Vasif Talıbov arasındakı hüsumətin dəqiq səbəbləri məlum deyil. Yalnız yerli mətbuatın yazdıqlarından məlum olan odur ki, Süleyman Mikayılova Naxçıvanda işləmək təklif olunub. Lakin o, «Ölərəm, Vasif Talıbovun əlinin altında işləmərəm» deməklə təklifləri rədd edib.
Tərəflər arasındakı münasibətlər həddindən artıq kəskindir və xüsusən də Süleyman Mikayılov Vasif Talıbov əleyhinə ciddi kampaniyalara girişib. Məlumatlı mənbələr iddia edirlər ki, «Çakır» ləqəbli icra başçısı hətta son günlər bir xeyli irəli gedərək, Vasif Talıbovun işdən çıxardığı, hətta hüsumət içində olduğu adamları bir-bir yanına çəkməyə başlayıb. Belə ki, bu yaxınlarda Naxçıvan Mustar Respblikasının sabiq Milli Təhlükəsizlik naziri, hazırda həbsdə olan Vəli Əsgərovun adamlarının Süleyman Mikayılov tərəfindən dəvət edilməsi və onlara Qaradağ rayonunda şəraitin yaradılması əyani sübutlardan biridir.
Hətta verilən məlumatlarda o da iddia edilir ki, Süleyman Mikayılov Vəli Əsgərovun ən yaxın adamlarından birinə özünün şirkətində mühüm post verib. Daxil olan məlumatda vurğulanır ki, Qaradağın icra başçısının keçmiş MTN şefinin adamlarını öz tərəfinə çəkməsinə səbəb onlardan Vasif Talıbova qarşı istifadə etmək niyyətində olmasıdır. İcra başçısına yaxın mənbələr də təsdiqləyirlər ki, Süleyman Mikayılov təkcə Vəli Əsgərovun deyil, həmçinin Vasif Talıbova qarşı olanların hamısını ətrafına toplayaraq, onların əliylə yuxarılara mütəmadi olaraq məlumatlar göndərmək fikrindədir. Ələlxüsus, «Çakır» Vəli Əsgərovun əlində ola biləcəyi ehtimal edilən audioyazı və videogörüntülərdən yararlanmaq üçün can atır.