Nəqliyyat naziri Türkiyədən dəstək istəsə də, məqsədinə çata bilməyib
Nəqliyyat naziri Ziya Məmmədov baş nazirin müavini olmaq üçün səylərini davam etdirir. Redaksiyamıza daxil olan məlumata görə, nazir indi də Türkiyədən dəstək axtarır. Məlumat üçün deyək ki, Türkiyənin baş naziri Binəli Yıldırımla Ziya Məmmədov arasında dostluq münasibətləri var. Baş nazirin Azərbaycana səfərində Ziya Məmmədovla xüsusi görüşməsi də bununla bağlı idi. Lakin buna baxmayaraq nəqliyyat nazirinin Türkiyədən əliboş qayıtdığı bildirilir.
Qeyd edək ki, Ziya Məmmədov nəqliyyat naziri vəzifəsindən azad edilərək baş nazirin müavini təyin olunmaq və nəqliyyat sektorunun kurasiyasının ona verilməsini istəyir.
Nəqliyyat naziri Rusiyadan da dəstək gözləyir. Bu barədə ötən saylarımızda məlumat vermişdik. Məlumatda deyilirdi ki, 2004-2012-ci illərdə Rusiyanın nəqliyyat naziri olmuş, hazırda bu ölkənin prezidenti Vladimir Putinin köməkçisi vəzifəsində çalışan Iqor Levitinlə Ziya Məmmədov dostdur. Rusiyanın indiki nəqliyyat naziri Maksim Sokolovun da Iqor Levitinin tövsiyyəsi ilə Ziya Məmmədovla görüşdüyü və onu mükafatlandırdığı bildirilir. Ziya Məmmədov baş nazirin müavini vəzifəsinə təyin olunmaq dostunun köməyindən yararlanmaq istəyir. O, dostunun vasitəsilə Rusiya prezidentini bu işə qatmağa çalışır. Nəqliyyat naziri düşünür ki, Vladimir Putin onun xahişini Azərbaycanın dövlət başçısı Ilham Əliyevdən etsə, onun təyinatı reallaşa bilər.