Yaxud, Estoniyadan 10 dəfə geri qalan «uğurlu inkişaf»
Azərbaycan hökuməti 23 il ərzində ölkənin potensialını məhv etmək üçün fəaliyyət göstərib. Əllərindən gələni ediblər ki, ölkə bütün göstəricilər üzrə “ağ bayraq” qaldırsın. Iqtisadi inkişafdan, ÜDM-in həcmindən, uğurlu siyasətdən danışa-danışa ölkəni uğursuzluq zolağına salıblar. Azərbaycan bu qədər zənginliklə Avropa ölkələri ilə rəqabət aparmalı idi, amma keçmiş MDB ölkələrindən də geri qalır. Hətta qonşu Gürcüstan da iqtisadi göstəricilərə görə Azərbaycanı üstələyir.
Bugünlərdə iqtisadçı ekspert Rövşən Ağayevin üzə çıxardığı rəqəmlər, YAP hakimiyyətinin nə qədər səriştəsiz, bacarıqsız, anti-milli olduğunu bir daha təsdiqlədi. Belə ki, əhainin hər nəfər hesabı ilə səhiyyə xərcləri Estoniyada 930 avro, Litvada 780 avro, Latviyada 650 avrodu. Azərbaycanda isə bu göstərici 40 avrodu.
Səhiyyə xərclərinin ÜDM-də payı Estoniyada 6.1%, Litvada 6.3%, Latviyada 5.5%-di. Azərbaycanda isə bu göstərici 1.2%-di.
Həkimlərin orta aylıq maaşı Estoniyada 1944 avro, Litvada 1197 avro, Latviyada 1097 avrodu. Azərbaycanda isə dövlət xəstəxanalarında çalışanların rəsmi maaşı 150 avrodan çox deyil.
Göründüyü kimi Azərbaycan keçmiş Sovet məkanındakı qonşularından 10 dəfə geri qalır. Bu qədər qısır iqtisadiyyata, qısır sosial siyasətə rəğmən, utanmadan iqtisadi inkişafdan dəm vururlar. “Dünya bizə paxıllıq edir”, “Azərbaycanın uğurlarını gözləri götürmür” şüarı ilə silahlanıb, cəmiyyəti aldatmaqla məşğuldular.
Bu rəqəmlərə nəzər saldıqdan sonra dünyanın Azərbaycan xalqına ancaq yazığı gələ bilər. Əgər Estoniyadakı, Latviyadakı, Litvadakı göstəricilər Azərbaycanda olsaydı, YAP hakimiyyəti özünü “müqəddəs hökumət” adlandırardı. Amma bu qədər yüksək göstəricilərə malik ölkələrdə hökumətlərin “analoqsuz inkişaf edirik” təbliğatını eşidən olmayıb.
Azərbaycan hakimiyyəti xalqı o qədər avam, sadəlövh hesab edir ki, 150 manat maaş alan şəxsə asanlıqla “sən gözəl yaşayırsan” deyə bilir.
Azərbaycanda əmək haqları, səhiyyə xərcləri, bu xərclərin ÜDM-dəki payı Estoniyadan, Latviyadan daha çox ola bilərdi və olmalıydı. Sadəcə olaraq Estoniya, Lativiya, Litva hökumətləri dövlətin sərvətini xalqın rifahına, Azərbaycan hökuməti isə şəxsi ciblərə yönəldib.
Bəli, bir qrup şəxsin aşırı varlanması naminə vətəndaşın taleyi, dövlətin gələcəyi məhv edilir. Hakimiyyət vətəndaşa qul münasibəti göstərir, milyardlarla neft pulundan vətəndaş nəsibini ala bilmədi. Əksinə, neft pullarından yararlanıb vətəndaşı asılı vəziyyətə saldılar, məmur banklarının girovuna çevirdilər.
Yuxarıdakı faktlar da göstərir ki, ölkədə normal hökumət olsa vətəndaşa qiymət verilər, həyat şəraiti yüksək olar. Məqsədli şəkildə vətəndaşı müflisləşdirmək, dövlətin sərvətlərini mənimsəmək siyasəti yürüdülüb və bu siyasət davam edir.
Bəli, YAP hakimiyyətinin “analoqsuz inkişaf”ı ölkəni keçmiş Sovet ölkələrindən 10 dəfə geri salıb. Göründüyü kimi bizə kənar düşmən lazım deyil. Içimizdəkilər bizi məhv etməyə, dövləti iflic vəziyyətə salmağa xidmət edib.
Əslində, Azərbaycan hökuməti yuxarıdakı rəqəmlərə baxıb utanmalı, xalqdan üzr istəməli, istefaya getməlidir. Estoniyada həkim 1944 avro maaş alır, bizim ölkədə isə dövlət xəstəxanasında vətəndaşın əməliyyat xərci bu qədərdi. Deməli, Estoniya hökuməti vətəndaşın sağlamlığı, Azərbaycan hökuməti isə sağlamlığını itirməsi üçün çalışır.