İlham Əliyev müşavirədə bunun anonsunu verdi
Ölkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısına həsr olunmuş iclasda ünvanlı sosial yardımların ləğv ediləcəyinin anonsunu verib. Ölkə başçısı bildirib ki, ünvanlı sosial yardımların verilməsini ələbaxımlıq kimi qiymətləndirib və bunun gələcəkdə çox böyük problem olacağını deyib. Onun fikrincə, aztəminatlı ailələrə özlərinin pul qazanmaları üçün şərait yaradılmalıdır: “Biz uzun illər insanlara ünvanlı sosial yardım veririk. Bu da çox ciddi sosial təşəbbüsdür. Yüz mindən çox ailəyə dövlət tərəfindən ünvanlı sosial yardım verilir.
Biz bunu ona görə edirik ki, bu insanların maddi təminatı lazımi səviyyədə deyil. Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər. Ona görə, insanlar özləri daha da məsuliyyətli olmalıdırlar. Dövlət qurumları şərait yaratmalıdır ki, tədricən ünvanlı sosial yardım əvəzinə hər bir insan özü üçün iş qursun. Dövlət kömək edəcək. Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün ilkin olaraq 6 milyon manat ayrılıbdır. Lazım olarsa daha da çox vəsait ayrılacaq. Hər bir rayonda insanlar fərdi qaydada işlə təmin ediləcək. Onlar dövlətdən asılı olmayacaqlar. Onlar halal pul qazanacaqlar, ailələrini dolandıracaqlar”.