6 ay ərzində 6 milyonluq korrupsiya faktı aşkarlanıbsa…

16-07-2016, 09:53   
6 ay ərzində 6 milyonluq korrupsiya faktı aşkarlanıbsa…
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsi tərəfindən korrupsiyaya ilə mübarizə sahəsində 2016-cı ilin I yarımili ərzində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib.

Konfransda qeyd edilib ki, 6 ay ərzində dövlət və özəl sektorda çalışan 143 vəzifəli şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manat ödənilib. Həmçinin qalan ziyanın ödənilməsi üçün müvafiq tədbirlər görülüb.


Verilən məlumatdan belə aydın olur ki, 6 ay müddətində ölkədə cəmi 6 milyon 634 milyonluq korrupsiya faktı olub.

Ilham Əliyev müşavirələrdə ölkədəki korrupsiyanı etiraf edib və korupsiyaya qarşı ciddi mübarizənin aparıldığını bildirib. Amma Korrupsiya Qarşı Mübarizə Idarəsinin açıqladığı rəqəmlər onu göstərir ki, mübarizə həddindən artıq “ciddi” aparılıb. Təkcə MTN işinə nəzər salanda məlum olur ki, ölkədə xırda məmurların hamısı milyonerə çevrilib. O da məlum olur ki, ölkədə gözgəlimli obyektlərin hamısı məmurlara məxsudur. 1500-2000 manat maaş alan məmurun 15-20 milyonluq varidatı varsa, bu, külli miqdarda korrupsiyanın nəticəsidir. Aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımın 6 ayı qabaqcadan alınır ki, bu da on milyonlarla vəsait deməkdir. Gömrükdə, vergidə büdcədən yayınmalar adi hal alıb. Dövlət xəstəxanlarında rəsmən pulsuz olan xidmətlərin hamısı pulludur və bu pullar büdcəyə yönəlmir. Bundan əlavə isə büdcədən ayrılan pulların yarısı təyinatı üzrə xərclənmir.

Göründüyü kimi təkcə üzdə olan faktlar hər ay ölkədə külli miqdarda vəsaitin korrupsiya qurbanı olduğunu təsdiqləyir. Amma idarədən verilən məlumat budur ki, ölkədə 6 ay müddətində cəmi 6 milyon manat korrupsiya faktı olub.

Əgər korrupsiya ilə mübarizənin nəticəsi belə olacaqsa, bu idarəni ləğv etmək lazımdır. Akulaların ovuna biganə qalıb, kilkələrin dalınca düşmək mübarizə üsulu ola bilməz.

Əgər bu ölkədə 6 aylıq korrupsiyanın miqyası 6 milyon manat təşkil etsəydi, büdcə bu qədər yetim vəziyyətdə qalmaz, ölkədən çıxarılan pulu həcmi 95 milyard dollar olmazdı. Əgər korrupsiyanın həcmi bu qədər az olsaydı, xırda məmur 3 milyon manat rüşvət verə bilməzdi.

Bir sözlə, bütün qurumlar kimi korrupsiya qarşı mübarizə idarəsi də statistika xatirinə fəaliyyət göstərir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar