“Uşağımı bağçada döyüb bu günə salıblar”-ŞOK

18-07-2016, 08:23   
“Uşağımı bağçada döyüb bu günə salıblar”-ŞOK
Ana: «Uşağın dilinin üstünü qoparıb ki, anaya «xəbərçilik» etməsin»

Tərbiyəçi: «Pul tələb edib, verməmişəm, indi böhtan atır»

“Uşağın əlinin üstü dağlanıb, qollarında dişləmə izləri, dilinin üstü qopardılıb, beyni silkələnib. Şikayət etmişik, polis məsələni 1 il 4 ay uzadandan sonra işi məhkəməyə Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə göndərib. Bu da o deməkdir ki, o müəllimə ya 1000 manatadək cərimələnəcək, ya da bu boyda cinayətin qarşısında ikicə ay həbsdə oturacaq”.


3 yaşlı Dilbər Nəzirliÿ1 il 4 ay əvvələdək Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən “Qərənfil” uşaq bağçasına gedirmiş.

Anası ÿNigar Cəfərovaÿ “Azadlıq” radiosuna danışır ki, ötən il martın 14-də uşağın dalınca bağçaya gedəndə əllərinin üstünü dağlanmış, qollarını dişlək, dilinin üstünün qopardılmış görüb.

Ana halı üstündə olmayan 3 yaşlı övladı ilə kobud davranmanı hiss edib və dərhal DIN “102″ xidmətinə zəng vurub. Ananın şikayət ərizəsi üzrə Nəsimi rayon Polis idarəsinin 19-cu polis bölməsində araşdırma başlanıb. Ana uşağı həkimə göstərəndə məlum olub ki, hələ bu, harasıdır, Dilbərin beynində silkələnmə də var.

“3 yaşlı uşağın döyülməsindən hamı pul qazandı”

Nigar Cəfərova danışır:

“Rus bölməsinin müəlliməsi Sevinc Tacirli uşağa işgəncə verib. Əvvəllər də döyürdü, ancaq sübut edə bilmirdim.

Hətta bir dəfə müdirəyə şikayət elədim.

Bu şikayətimdən sonra uşaq evə gələndə gördüm uşağın dilinin üstü qopub”

Nigar xanım sözünü tamamlamağa çətinlik çəkir.

Qəhər imkan vermir.

Səsi qırıq-qırıq gəlir:

“Uşağı qucağında oturub dilini qopartmışdı”

Qorxutmuşdu ki, bir də anaya “xəbərçilik” etməsin.

Uşaq dedi, “ana, Sevinc müəllimə deyir, bir də anaya desən ki, səni döyürəm, bu dilinin hamısını qopardacam”.

Dilbərin valideynləri polisə müraciət ediblər. Uşaq ekspertizadan keçirilib, xəsarətləri təsdiqlənib.

Hətta Dilbər 10 gün uşaq nevroloji dispanserində də yatıb:

“Uşağın müalicələri ilə bağlı bütün sənədlərim əlimdədir. Müəllimə uşağıma qarşı vəhşi davranıb, uşağın gicgahındakı, bədənindəki qançırlar ekspertiza zamanı da təsdiqini tapdı, ancaq polis bu qançırları əmələ gətirən xəsarətlərin insan sağlamlığına zərər vuran xəsarətlər olmadığını bəhanə gətirib cinayət işi başlanmasını bir neçə dəfə rədd elədi. Müstəntiq işin içərisindən müəllimənin zərərinə olan çox sənədləri ”yoxa çıxarıb”. Hətta uşağın 10 gün xəstəxanada yatdığını da işə əlavə etməyib”.

Ana deyir, bağçanın digər tərbiyəçi və müəllimələri yığışaraq onun yaşadığı ünvana da gəliblər ki, ortada barışıq olsun, şikayət ərizəsini geri götürsün. O razılaşmayıb:

Polis işə 6 dəfə xitam verib

“Özü də, hətta valideyni də gəlib, bağçanın bütün müəllim heyəti də gəlib. Üzrxahlıq elədilər, pul təklif etdilər, dedim, ”yox”. Əvvəl polisə uşağı döydüyünü etiraf eləmişdi, sonra sözünü dəyişdi. Istintaq dövründə isə gördüyümüz bu oldu ki, hər kəs 3 yaşlı uşağın döyülməsindən pul qazanmaq məqsədilə istifadə edir. Əvvəl işi yerli-dibli ört-basdır etmək istəyirdilər. Daxili Işlər Nazirliyinə şikayətlərimizdən sonra bunun qarşısını ala bildik. Polis hər dəfə “işdə cinayət tərkibi yoxdur” deyib xitam qərarı çıxaranda biz Nəsimi Prokurorluğuna şikayət edib qərarı ləğv etdirdik. Polisin qərarı düz 6 dəfə ləğv olunub. Ancaq yenə də polis məsələyə cinayət işi kimi yox, inzibati xəta işlənmiş kimi yanaşdı. Indi isə müəllimə prokurorluğa ərizə verib ki, işi ləğv etsinlər”.

500 manat söhbəti

Sevinc Tacirli”Qərənfil” uşaq bağçasının rus dili bölməsinin müəlliməsidir, hazırda işini davam etdirir.

O, ifadəsində göstərib ki, Nigar Cəfərova ona aztəminatlı və müharibədə həlak olanın ailəsi olduğunu deyərək Dilbəri həkimə aparmaqdan ötrü pula ehtiyacı yarandığını deyib və ondan 1000 manat tələb edib. Tələbi yerinə yetirmədiyinə görə Nigar Cəfərova ona böhtan atıb. Müəllimə bildirib ki, bağçanın başqa əməkdaşının vasitəsilə Nigar Cəfərovaya usağı həkimə aparmağa 500 manat göndərib.

Bağçanın müdirəsi Iradə Rüstəmova istintaqa bildirib ki, Sevinc Tacirli işində tələbkar, vicdanlı, uşaqlara qarşı qayğıkeş bir müəllimə olub. Uşağa əl qaldırması ilə bağlı deyilənlər ona inandırıcı görünmür. Özü də tez-tez qrupları yoxlayır və hər hansı müəllimə tərəfindən belə bir halla rastlaşmayıb.

Məhkəmə…

Bu il iyunun 29-da Nəsimi rayon Məhkəməsində 3 yaşlı Dilbərin döyülməsinə dair məhkəmə keçirilib. Müəllimə prokurorluğa ərizə ilə müraciət etdiyindən işə baxılmamasını istəyib. Hakim prokurorluğun verəcəyi qərarı gözləməkdən ötrü məhkəmə iclasını iyulun 18-dək təxirə salıb.

Nəsimi rayon polis idarəsindən “Qaynar xətt”ə bildirilib ki, Nigar Cəfərovanın şikayəti əsasında Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış işin materialları məhkəmə baxışına göndərildiyi üçün heç bir münasibət bildirə bilməzlər.

Polis idarəsi xanımın işin ört-basdır olunmasına görə müstəntiqi maddi maraq güdməkdə suçlamasını isə əsassız hesab ediblər.

“Iş məhkəmədədir, hüquqi qiyməti də məhkəmə verəcək”.

Dilbərin babası 1993-cü ildə Qarabağ müharibəsində həlak olub. Nigar Cəfərova deyir, bağçanın müəllim və tərbiyəçi heyəti, həm də polis təkcə 3 yaşlı Dilbəri yox, həm də müharibədə həlak olan babası Zərbəli Nəzirovun ruhunu incidiblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar