Teleradio Şurası ANS-i terror təşkilatına dəstəkdə ittiham etdi
Dünən axşam saat 19.00 radələrində ANS telekanalının, eləcə də radiosunun yayımı dayandırılıb. Az sonra “anspress” saytına da giriş mümkün olmayıb. Dərhal da məlum olub ki, ANS ətrafında baş verənlər heç də texniki problem deyil. Hökumət ANS-in fəaliyyətinin dayandırılmasına qərar verib.
Təxminən bir saat sonra Milli Televiziya və Radio Şurası ANS-in yayımının müvəqqəti dayandırıldığı barədə açıqlama yayıb. Açıqlamadan aydın olub ki, ANS-in bağlanmasının əsas səbəbi hazırda ABŞ-da yaşayan Fətullah Gülənin müsahibəsi olub. Dünən telekanalda bir neçə dəfə Gülənin ANS-in Vaşinqtondakı müxbiri Qənirə Ataşovaya verdiyi müsahibənin anonsu yayımlanıb. Müsahibənin özü isə dünən axşam saatlarında yayımlanmalıydı.
Teleradio Şurası sözügedən açıqlamada ANS-i terrorçu təşkilat və onun rəhbərinə dəstəkdə ittiham edib.
Teleradio Şurasının açıqlamasında deyilir:
Türkiyə səfirliyi müraciət edibmiş…
“Təəssüf ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib.
Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinənÿ Fətulla Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KIV-lər vasitəsilə anons edilib.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib.
Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş ediblər.
Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib”.
Açıqlamada qeyd olunur ki, ANS telekanalının fəaliyyəti ilə bağlı məhkəməyə müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək.
ANS telekanalından isə baş verənlərlə əlaqədar heç bir şərh və ya açıqlama yayılmayıb. ANS rəhbərliyinə daxil olan şəxslərdən Mais Məmmədov məzuniyyətdə olduğunu və bu səbəbdən məsələdən xəbərsiz olduğunu bildirib.
“Azərbaycan hüquq dövləti olmadığından, məsələyə hüquqi prizmadan baxmaq çətindi”
Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli Teleradio Şurasının ANS televiziyasının yayımını müvəqqəti dayandırmaq barədəÿqərarınıÿ”Azadlıq” radiosuna şərh edib. O bildirib ki, düzdür, bir tərəfdən ölkədə telekanalların yayımını dayandırmaq üçün Milli Teleradio Şurasının səlahiyyəti var: “Qanunu dəyişdilər, bu hüququ Milli Teleradio Şurasına verdilər. Yəni qurumun yayımı müvəqqəti dayandırmaq kimi səhaciyyəti var”.
Bəs televiziya və ya radio yayımının dayandırılması üçün hansı əsasları olmalıdır?
Ələsgər Məmmədli deyir ki, televiziya və ya radio qurumdan ən azı xəbərdarlıq almalıdır: “Əslində, o vaxt bu qanun qəbul olunan vaxt da dedik, indi də bir daha vurğulayırıq ki, burda əsassız məqamlar var, heç bir beynəlxalq hüquq tərəfindən dəstəklənmir. Medianın fəaliyyəti Konvensiyanın 10-cu maddəsi, ifadə azadlığı çərçivəsində tənzimlənir. Düzdür, orda dövlətin televiziya, radionu lisenziyalaşdırması nəzərdə tutulub, ancaq bu da qanun çərçivəsində olmalıdır”.
Ələsgər Məmmədli deyir ki, ABŞ-da mühacir həyatı yaşayan vəÿTürkiyədəki dövlət çevrilişinə cəhddə ittiham edilənÿ Fətullah Gülənin müsahibəsi indiki halda ANS-in yayımının dayandırılmasına səbəb ola bilməz: “Amma nəzərə alsaq ki, Azərbaycan hüquq dövləti deyil, məsələyə hüquqi prizmadan baxmaq çətindir”.
Düşünülməmiş qərar
Tanınmış jurnalist, televiziya nəzəriyyəçisi Qulu Məhərrəmli isə hesab edir ki, Teleradio Şurasının bu qərarı Azərbaycanda söz azadlığı ilə bağlı problemlərin olduğunu göstərir. Onun sözlərinə görə, ANS telekanalı Türkiyə hadisələrini, hətta həmin ölkənin mediasından daha peşəkar işıqlandırıb: “ANS hadisələrə müxtəlif prizmalardan yanaşıb, müxtəlif fikirləri təqdim edib. Hesab edirəm ki, Milli Teleradio Şurası tələsik, düşünülməmiş qərar verib”.
Qulu Məhərrəmli deyir ki, media özü hadisələrə siyasi qərar vermir, ona görə də bir müsahibəyə görə yayımın dayandırılmasını düzgün saymır: “Türkiyədə Gülənin ünvanına xeyli ittihamlar var. Görünür, Gülənin müsahibəsinin Azərbaycanda yayımlanması kimlərinsə xoşuna gəlməyib, belə bir qərar ortaya çıxıb. Ümid edirəm ki, yayımın dayandırılması müvəqqəti xarakter daşıyacaq”.
Qulu Məhərrəmli qeyd edir ki, mətbuat azadlığına dözümlü yanaşmaq lazımdır. Onun fikrincə, Türkiyə hadisələri ilə bağlı məsələlərə daha çox Türkiyənin Azərbaycandakı yetkililəri dözümsüz yanaşıb: “Ola bilsin ki, Türkiyənin Azərbaycandakı səfirliyi Milli Teleradio Şurasına müraciət edib, onlar da bu müraciətə baxıb belə qərar veriblər. Amma ümumilikdə, Türkiyə hadisələrinə ANS-in mövqeyi plüralizm baxımından çox normaldır. Anlaşılmazlığın tezliklə aradan qaldırılacağını güman edirəm”.
ANS-də prokurorluq əməkdaşları ilə qarşıdurma
Dünən gecə saatlarındda “gununsesi.info” məlumat yaydı ki, ANS-in ofisinə hüquq-mühafizə orqanlarının əməkdaşları daxil olub. Polis və prokurorluq əməkdaşları içəridə olan ANS əməkdaşlarını bayıra çıxarmağa cəhd ediiblər, lakin əməkdaşlar öz iş otaqlarını tərk eləmək istəməyiblər. Prokurorluq əməkdaşları bildirib ki, ANS-in inzibati binasının qapıları möhürlənməlidir. Tərəflər arasında qarşıdurma həddinə çatacaq səviyyədə mübahisə olub.
İnformasiya şöbəsi