Qubad İbadoğlu: «Ilin ikinci yarısında ölkə iqtisadiyyatında 2 rəqəmli inflyasiya hökmranlıq edəcək»
Vahid Məhərrəmli: «Manatın devalvasiyasından sonra bir sıra məhsulların daxildə istehsalı baha başa gəlir»
Ölkənin üzləşdiyi maliyyə böhranı getdikcə dərinləşməkdədir. Dolların hər gün kiçik həcmdə olsa belə bahalaşması manatın məzənnəsinin süni olaraq stabil saxlanıldığını deməyə əsas verir. Hazırda bazarda qiymətlərin nisbətən stabil olması mövsümi xarakter daşıyır. Mövsümlə əlaqəli olaraq nisbətən qiymətlər ucuzdur. Ilkin tələbat məhsullarının qiyməti də iki devalvasiyadan sonra qalxsa da, hazırda stabildir. Amma dolların məzənnəsinin stabil qalmasına kömək edən bu faktor bir müddət sonra aradan qalxacaq. Bu zaman artıq idxal məhsullarına daha çox tələbat yaranacaq. Belə bir təzyiq altında isə qiymətlərin artmaması mümkünsüzdür.
Daha bir faktor isə ərzaq məhsullarının bir müddət sonra bahalaşmasıyla əlaqədardır. Çünki bir neçə ay sonra alıcı ilkin tələbat məhsullarını hazırkı qiymətə ala bilməyəcək. Bu isə iqtisadiyyatda zəncirvari prosesə səbəb olacaq.
qubad-ibadoglu
Iqtisadçı Qubad Ibadoğlu maraqlı bir faktı açıqlayıb. Məlum olub ki, ölkəyə idxal olunan məhsulların çeşidi artıb. Iqtisadçı facebook statusunda qeyd edib ki, milli valyutanın devalvasiyası şəraitində yeyinti məhsullarının idxalının artımı, eləcə də suyun, elektrik enerjisinin tariflərinin bahalaşması və onun digər bazarlara təsirləri inflyasiya artırıcı amilləri fəallaşdıracaq: “Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası üzrə açıqlanan hesabatdan məlum olur ki, bu ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan malların çeşidlərinin sayı 1040 ədəd artaraq 6520-yə çatıb. Keçən ilin müvafiq dövrünə nisbətən idxal əməliyyatlarının məbləği 13,98 faiz azaldığı halda malların çeşidlərinin sayının 20 faizədək artımı ilk növbədə ölkə iqtisadiyyatının xarici faktorlardan asılılığını gücləndirir. Bu dinamika idxalı əvəz edən yerli istehsalın formalaşması ilə əlaqədar siyası bəyanatları və sənaye məhsulunun artımı ilə bağlı açıqlanan son statistik məlumatları təkzib edir. Belə ki, həqiqətən də, deyildiyi kimi, qeyri-neft istehsalında inkişaf varsa, onda əksinə, idxalı əvəz edən yerli istehsal hesabına ölkəyə xaricdən gətirilən məhsulların çeşidlərinin sayında azalma müşahidə olunmalı idi”.
Q.Ibadoğlunun sözlərinə görə, ancaq bu ilin birinci yarısına idxal əməliyyatlarının təhlili göstərir ki, bu dövrdə xüsusilə də alıcılıq qabliyyətinin aşağı düşməsinə baxmayaraq ümumi yekununda 14,8 faiz xüsusi çəkisi olan yeyinti məhsullarının idxalında 12 faiz artım olub: “Eyni zamanda onu da qeyd etmək lazımdır ki, ötən illə müqayisədə idxalda yeyinti məhsullarının payı 3,6 faiz bəndi yüksəlib. Bununla yanaşı, 2016-cı ilin 1-ci yarısında idxalda 23,3 faiz xüsusi çəkisi olan maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri 7,5 faiz, idxalda 12,5 faiz xüsusi çəkisi olan nəqliyyat vasitələri və onların hissələri isə 2 dəfəyədək azalıb. Beləliklə də bu ilin 6 ayının yekunlarına görə ölkəyə gətirilən yeyinti məhsullarının xüsusi çəkisi, məbləği və çeşidləri artdığı halda milli iqtisadiyyatın modernləşdirilməsi üçün vacib olan nəqliyyat vasitələri, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin idxalı azalıb. Bundan çıxan nəticə belədir.
Birincisi, milli valyutanın devalvasiyası şəraitində yeyinti məhsullarının idxalının artımı, eləcə də suyun, elektrik enerjisinin tariflərinin bahalaşması və onun digər bazarlara qiymət artırıcı təsirləri inflyasiyanın artımını şərtləndirəcək və belə olan halda bu ilin ikinci yarısında da ölkə iqtisadiyyatında 2 rəqəmli inflyasiya hökmranlıq edəcək”.
Q.Ibadoğlunun sözlərinə görə, ikincisi, yeni texnika və texnologiyaların, müasir maşın və mexanizmlərinin idxalının aşağı düşməsi milli iqtisadiyyatın modernləşdirilməsi prosesini ləngitməklə ölkənin rəqabət qabliyyətinin aşağı düşməsinə və bununla da qeyri-neft ixracatının yalnız xammal və aqrar məhsulların bazasında formalaşmasına gətirib çıxaracaq. Iqtisadçı bildirib ki, bu sahədə potensialın azlığı milli iqtisadiyyatın gələcəyi üçün ciddi problemlər yaradacaq, belə olan halda da ölkə iqtisadiyyatı və manatı daha mürəkkəb və böyük çətinliklərlə üzləşəcək: “Təəssüf ki, idxalda müşahidə olunan mövcud dəyişiliklər nə iqtisadiyyata məsul olan hakimiyyət orqanlarını, nə də bu sahədə qərar qəbul edən səlahiyyətli şəxsləri hələ də qayğılandırır”.
Idxal məhsullarının çeşidinin artması nəylə bağlıdır və yaxın zamanlarda hansı fəsadlara səbəb ola bilər.
vahid-meherremov1
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, manatın devalvasiyasından sonra bir sıra məhsulların, malların daxildə istehsalı baha başa gəlir. Buna görə sahibkarlar onlara sərf etməyən istehsaldan, demək olar, çəkilib: “Həmin məhsullar, demək olar, xaricdən gətirilir. Xaricdən gətirildiyinə görə də Azərbaycana nisbətən istehsalı ucuz başa gəlir. Azərbaycanda istehsal vasitələri xaricdən gətirilir. Daxildə məhsuldarlıq aşağı olduğu üçün baha başa gəlir. Ona görə də məhsulun həm istehsalı baha başa gəlir, həm də bir çox hallarda satışdan gəlir əldə edə bilmirlər. Bu səbəbdən də sahibkarlar istehsaldan çəkiliblər və həmin mallar da ölkəyə idxal olunur”.
Iqtisadçı V.Məhərrəmov bildirdi ki, idxalın çeşidinin artımı da ölkədən dollar axını yaradır. Bizim onsuz da dollar gəlirimiz azaldığı halda dollar ixracımız artır: “Keçənilkinə nisbətən ölkəyə yumurta idxalı artıb. Halbuki bunu daxildə də istehsal etmək olar. Biz hazırda görürük ki, dolların məzənnəsində də dəyişiklik baş verir. Üçüncü devalvasiyanın qaçılmaz olduğu gözlənilir. Azərbaycanda elə bir vəziyyət yaranıb ki, istehsal vasitələrini xaricdən gətirmək yox, birbaşa məhsulu xaricdən alıb gətirmək sərf edir”.
Xəyal