Hakimlər və vəkillər (Kollegiyası) əlillərin hüququnu pozur
Ölkədə ən yüksək hüquq qüvvəsi olan konstitusiyaya görə prosesin istənilən mərhələsində müdafiə hüququ təmin olunmalıdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsində məhkəmədə müdafiəyə ehtiyacı olan aztəminatlı şəxslərə vəkilin pulsuz xidmət göstərməsi təsbit olunub.
Di gəl, konstitusiyanın, qanunun dediyini məhkəmələr, vəkillər kollegiyası tanımır. Aztəminatlı şəxslərə vəkil yalnız kassasiya instansiyasında məcburi qaydada, özü də məhkəmə qərarı ilə ayrılır. Hətta Inzibati Prosessual Məcəllədə vəkilin iştirakı məcburi olmadığı halda, Ali Məhkəmənin Inzibati Iqtisadi Kollegiyası nə vəkil ayırır, nə də vəkil olmadığını bəhanə edib kasasiya şikayətinə baxır. Bu da olur müdafiə hüququ, hüquq və azadlıqların məhkəmə təminatı…
Vəkillər Kollegiyasının(VK) məhkəmələrlə, ayrı-ayrı hakimlərlə iş birliyində “müdafiə korrupsiyası”ndan yararlanması isə acı gerçəkdir. Iş o yerə çatıb ki, kollegiya açıq-aşkar məhkəmə qərarlarını da sifarişlə icra etmir. 13 saylı hüquq məsləhətxanasının müdiri Arif Rəsulov 4-cü ildir Qarabağ əlilinin kassasiya şikayətini yazmır ki, özü yazsın o da imzalasın. 12 saylı, 16 saylı, 1 saylı, 6 saylı və digər hüquq məsləhətxanaları da illərdir məhkəmə qərarı olmasına baxmayaraq, məhkəmə qərarını icra etməkdən imtina edirlər. VK isə belə qərarların məcburi icra edilməli olmamasını bildirir (???). Ən geniş yayılmış bəhanə aztəminatlı şəxsin vəkilə sənəd-qətnamə təqdim etməməsidir. Şikayətçi özü sənədi alacaqsa, onda bəs vəkil nəyə gərəkdir? Vəkilin vəzifəsi işə çıxıb işlə tanəş olaraq şikayəti yazmaq, məhkəmədə müvəkkilini müdafiə etmək deyil? Deyəsən, VK və vəkillər bunu tamam unudub. VK-nın başlıca vəzifəsi rüşvətdə vasitəçilikdir. Son çağlarda isə vəkillərin dələduzluqla, saxta iddialarla vətəndaşların əmlakına qəsd etmələri halları geniş yayılıb. Fikir verin, 1 saylı hüquq məsləhətxanasının vəkili Tofiq Aslanov Qarabağ əlillərinin sahibkarlıq, əmlak hüququna necə “peşəkarlıqla” qadağa qoyub!? Bu vəkilin müştərisi Şahlar Abdullayev 7 il qabaq “Əmrahbank”ın Azadlıq filialının etibarını itirərək lizinqlə 1 illiyə aldığı “Galenvagen”in pulunu ödəyə bilmədiyindən 2009-cu ildə bank maşını ondan geri alıb və başqasına – Cahangir Hüseynova verib. 2015-ci ilin yanvarında bankın sözügedən filialının müdiri N.Hacıyeva C.Hüseynova, 11 ay sonra 2015-in dekabrında isə Ş.Abdullayevə banka borcları olmadığı barədə arayış verib. Elə bu arayışı bəhanə edən Ş.Abdullayev vəkili T.Aslanovla müqavilə bağlayıb 7 il sonra əmlak hüququnu bərpa etməyə girişib. Çox əcəb, kim buna qarşıdır? Amma baxın, vəkil iddia tələbində nə bankdan ziyan tələb edir, nə də C.Hüseynovdan. Vəkil “peşəkarlıqla” bankın C.Hüseynovla bağladığı müqavilənin etibarsız sayılmasını tələb edərək, cavabdehlər sırasına maşını 7-ci alan Qarabağ əlilərini əlavə edir. Başqa heç bir tələb yoxdur. Özünüz deyin, bu tələb təmin olunsa, bank nə itirəcək? Heç nə. Bank üçün nə fərqi var müqaviləni kiminlə bağlasın; Cahangir olsun, ya da Şahlar. Əsas odur ki, onun borcu ödənilsin. Elə ona görə də nə bank, nə də digər cavabdeh yol polisi (polisin cavabdehliyi lap gülüncdür – maşına əvvəlki nömrəni verməkdir) heç məhkəməyə də gəlmilər. Yalnız zavallı Qarabağ əlilləri 100 minlik maşınlarının məhkəmə yolu ilə əllərindən alınmasından ehtiyatlanıb, Nəsimi məhkəməsinin zallarında “müalicə olunurlar”. Belə çıxır, bank filialı müdirinin də bu maxinasiyada əli var? Hər iki şəxsə ayrı tarixli eyni məzmunlu arayış verilməsi bu ehtimalı gücləndirir. Nəsimi məhkəməsinin iddia müddəti keçdiyi, iddianın ona cavab verməli olmayan şəxsə qarşı verildiyi halda onu icraata qəbul etməsi də vəkilin “peşəkar” xidmətidir.
Məğrur Bədəlsoy