Bərdə rayonu Piyadalar kənd sakini Cəmilə Zeynalova “Azadlıq”a məktub göndərib. Məktubda deyilir: “Oğlum Hafiz Zeynalovu bu ilin iyulunda 15 nəfərdən ibarət polis əməkdaşı heç bir sənəd təqdim etmədən həbs edib. Sonradan öyrəndk ki, bu işi rayon polis şöbəsində əməliyyatçı işləyən Amil Şərifov etdirib. Səbəb kimi də göstərilib ki, oğlum 2008-ci ildə Amilin telefon mağazasından 3 min manatlıq kontur, telefon nömrələri və s. alaraq pulunu ödəməyib. Lakin onun Amili deyil, üzünü bir dəfə də görmədiyi Qoşqar adlı şəxsi aldatdığını dedilər. Hafizin bizimlə və vəkillərlə görüşməsinə imkan vermirlər. Bizə oğlumun Gəncədə həbsdə olduğunu dedilər. Ora gedəndə isə Bərdədə olduğunu dedilər.
23.07.16 tarixində Hafizə çıxarılan 3 aylıq həbslə əlaqədar apellyasiya şikayətinə baxılmalıydı. Lakin onu heç bir əsas olmadan məhkəməyə gətirmədikləri üçün məhkəmə ayın 26-na təxirə salındı. Halbuki apellyasiya şikayətinə qanunla 3 gün müddətində baxılmalıdır. İyulun 26-da apellyasiya şikayətinə baxıldı və həbs-qətimkan tədbiri dəyişdirildi. Məlum oldu ki, oğluma ağır işgəncələr veriblər.
Hafizi may ayında 5 sutka, onun azyaşlı oğlunu isə 4 sutka həbs ediblər. Əməliyyatçı nəvəmi 2 sutka otağında, 2 sutka isə akt zalında saxlayıb. Bu barədə baş prokuror Zakir Qaralova teleqram vursaq da, onlardan izahat da alınmayıb”.
Sosial şöbə