Səlimə Sultanova: «İstədiklərini yerinə yetirmədiyinə görə də ona işgəncə verib, həbs eləyiblər»
Elşən Mustafaoğlunun qızı atasına verilmiş ittihama görə utandığından məktəbə getmək istəmir
Qafqaz Müsəlmanları Idarəsinin sabiq sektor müdiri, il yarımdır ki, həbsdə olan və hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılan ilahiyyatçı Elşən Mustafayevin (Mustafaoğlu) mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Məhkəmə prosesi qapalı keçirildiyindən, ilahiyyatçının yaxınları məhkəmə binası qarşısında gözləyib, prosesdə baş verənlər barədə vəkildən xəbər tuturlar.
Ötən məhkəmə iclasından sonra elə məhkəmənin qarşısında “Azadlıq”a açıqlama verən yaxınları bir daha Elşən Mustafaoğlunun günahsız olduğunu, onun keçmiş MTN rəhbərliyinin qanunsuz tələblərini yerinə yetirmədiyinə görə həbs olunduğunu bildiriblər.
Ilahiyyatçının qayınanası Səlimə Sultanova qanunsuz tələblərin nədən ibarət olduğunu da açıqlayıb. Onun sözlərinə görə, 2014-cü ilin dekabrında Elşən Mustafaoğlunu saxlayarkən qarşısında şərt qoyulub – ya Qafqaz Müsəlmanları Idarəsinin sədri Allahşükür Paşazadə, korpus komandiri, general Rövşən Əkbərov və ANS-in prezidenti Vahid Mustafayevin əleyhinə ifadəyə imza atırsan, ya da uzunmüddətli həbsə göndərilirsən: “Elşənə deyiblər ki, bu adamlara qarşı ifadə ver, çıx get balalarının yanına. Ancaq Elşən onların dediyini eləməyib. Eləmədiyinə görə də ona işgəncə verib, həbs eləyiblər”.
Qeyd edək ki, Elşən Mustafaoğlu özü də məhkəmənin hazırlıq iclasında Rövşən Əkbərov və Şeyxin əleyhinə ifadə verməsi üçün MTN-də təzyiqlərə məruz qaldığını bildirmişdi.
Ilahiyyatçının həyat yoldaşı Vüsalə Mustafayeva da üç övladın atasının günahsız olduğu halda, il yarımdan çoxdur ki, həbsdə saxlanıldığını deyir. Dövlətə xəyanət ittihamının Elşənə heç bir aidiyyəti olmadığını vurğulayan xanımı ona bəraət verilməsini istəyir. Deyir ki, atalarının həbsi azmış kimi, üstəlik bu cür yalan ittiham övladlarına əlavə stress yaşadır. Elşən Mustafaoğlunun böyük qızı atasına verilmiş bu ittihama görə utandığından məktəbə getmək istəmir: “Elşəni tanıyanlar yaxşı bilir ki, o, dünyasında belə iş tutmaz. Xahiş edirik, ölkə rəhbərliyi səsimizi eşitsin, bu işə düzgün baxılsın. Elşəni tutub yalan ittiham verənlərin özləri indi həbsdədir. Indi görünür ki, vətənə xəyanət eləyənlər elə onların özləridir”.
Vüsalə Mustafayeva onu da qeyd edir ki, həyat yoldaşı saxlanılandan sonra üç gün ərzində onun yeri barədə onlara heç bir məlumat verilməyib. Ilahiyyatçı 2014-cü il dekabrın 16-da həbs olunsa da, ailə üzvləri bundan yalnız dekabrın 19-da xəbər tutub. Bundan sonra da təxminən bir il ərzində yaxınları onunla nə görüşə bilib, nə də telefonla danışıb: “Ayın 16-da işdən qayıtmadı, onu çox axtardıq, yerini bilmədik. Bir də ayın 19-da bir xanım zəng eləyib dedi ki, ”Elşən həbs olunub, mən də onun vəkiliyəm”. MTN-də özlərinin verdikləri vəkil idi. Belə xəbər tutduq ki, Elşən həbs olunub. Bir on gün sonra da gəlib evimizdə axtarış apardılar, Elşənin kompüterini, fotolarını götürüb apardılar. Onda bizə həbs barədə məhkəmə qərarını göstərdilər. Eldar Mahmudovun rəhbərliyi dövründə görüş vermirdilər, telefonla danışa bilmirdik. Hər yerə məktub yazırdıq, amma müraciətlərimizi MTN-ə göndərirdilər. Halbuki, biz özümüz elə MTN-dən şikayətçi idik. Ona görə də nəticəsi olmurdu. Sonra o hadisələrdən sonra biz Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə yenidən müraciət etdik. Yeni rəhbərlik bizə Elşənlə görüşməyə icazə verdi”.
Yaxınları onu da qeyd edir ki, Elşən Mustafaoğlu il yarımdan çoxdur ki, həbsdə olsa da, hələ də bunun səbəbini tapa bilmirlər: “Yatsaq, yuxumuza da girməzdi ki, belə bir şey ola bilər. Iki ildir fikirləşirik, amma heç bir səbəb tapa bilmirik”.
Həbs olunarkən Qafqaz Müsəlmanları Idarəsinin sektor müdiri işləyən Elşən Mustafaoğlu bu vəzifəyə həbsindən bir neçə ay əvvəl təyin olunmuşdu. O, 2001-ci ildə “Mənəvi Saflığa Dəvət” Ictimai Birliyini təsis edib. 2005-ci ildən “Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin direktorudur. Həmçinin 2006-2007-ci illərdə Ictimai Televiziyada “Cümə söhbəti”, ANS-də isə “Allah haqqı” verilişlərinin aparıcısı olub.
Norveçdə elmi layihə üzrə çalışan ilahiyyatçı 2014-cü ilin əvvəlində ölkəyə qayıdıb.
CM-nin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunan Elşən Mustafaoğlunun işi üzrə məhkəmə prosesi avqustun 2-də davam edəcək.
Aytən