Hakimiyyət hansı problemlərdən narahatdır?
Xəbər verildiyi kimi konstitusiyaya dəyişiklərlə referendum sentyabrın 25-də keçiriləcək. Hakimiyyətin bu məsələdə tələsməsi bəzi mülahizələrə yol açıb. Ehtimallardan biri və ən əsası böhranla bağlıdır. Hazırda ölkə dərin iqtisadi böhran keçirir. Manat hər gün ucuzlaşır. Ekspertlərin sözlərinə görə, mayın 26-dan iyulun 26-dək dollar 10 qəpik bahalaşıb.
Bu hesabla oktyabr-noyabr aylarında 1 dolların ən yaxşı halda 1.80 qəpik olacağı gözlənilir. Ən yaxşı halda ona görə deyirik ki, manatın ucuzlaşması sürətlənə bilər. Çünki neft getdikcə ucuzlaşır.
Azərbaycan hakimiyyəti də bütün bunların fərqindədir və referendumu tez keçirməyi daha məqsədəuyğun sayır.
Bundan başqa, qarşıda hakimiyyətin hakimiyyət hüquq-mühafizə orqanları və silahlı qüvvələrlə bağlı narazılığa səbəb olacaq qərarı var. Söhbət hüquq-mühafizə orqanlarında və silahlı qüvvələrdə xidmət müddətinin artırılmasından gedir. Bu barədə ölkə başçısı Ilham Əliyev ötən ay bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Qeyd edək ki, dəyişikliklərdə hüquq-mühafizə orqanları və silahlı qüvvələrdə xidmət müddəti artırılır. Bu, “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərlə bağlıdır. “Azadlıq” hələ bir müddət əvvəl bildirmişdi ki, “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihə baş nazir Artur Rəsizadəyə təqdim edilib. Həmin layihədə hüquq-mühafizə orqanları əməkdaşlarının və silahlı qüvvələrdə xidmətkeçmə müddətinin artırılması təklif olunur. Qərarın icrasına bir neçə aydan sonra başlanılacaq. Hakimiyyət düşünür ki, referendumu bundan sonra keçirmək doğru deyil. Çünki hüquq-mühafizə orqanlarının narazılığı referenduma etirazların qarşısını almaqda çətinlik yaradar. Bir sözlə, hakimiyyət hüquq-mühafizə orqanlarına etibar etmir.