Dövlət qulluğuna qəbul korrupsiyaya şərait yaradır
Müzəffər Baxışov: «Bu, qeyri-demokratik dövlətlərdə bir ənənəyə çevrilib»
Dövlət qulluğu imtahandan keçmiş şəxslərin işlə təmini problemlərlə üzləşib. Keçən həftə Dövlət Imtahan Mərkəzi Direktorlar Şurasının iclasında sədr müavini Bəhram Xəlilov DQMK-nın həyata keçirdiyi işlər barədə hesabat verərkən bu sahədə problemlərin olduğunu, bəzən namizəd vakant vəzifəyə uyğun hesab edilsə də, qanunvericiliyə zidd olaraq dövlət orqanının rəhbərinin namizədi müəyyən bəhanələrlə həmin vəzifəyə təyin etmədiyini söyləyib.
B.Xəlilov test imtahanları mərhələsi zamanı müşahidə olunan əsas problemlərdən biri kimi qeydiyyatdan keçən namizədlərin imtahanlarda iştirak etməməsini də göstərib: “Namizədlər asanlıqla on-line rejimdə qeydiyyatdan keçir, hər bir namizədin test imtahanı verməsi üçün vaxt müəyyən olunur və fərdi kompüter ayrılır. Qeydiyyatdan keçən namizədlərin imtahanda iştirak etməməsi lüzumsuz vaxt itkisinə və test imtahanı mərhələsinin uzanmasına səbəb olur”.
“Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklik, ekspertlərin fikrincə, rüşvət və korrupsiya üçün əlavə imkanlar açır. Qanuna edilən dəyişikliklərə görə, müsabiqədən uğurla keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj müddəti qurtardıqdan sonra stajçının dövlət qulluğuna qəbul olunub-olunmayacağı ilə bağlı onun kuratoru tövsiyə verir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlanması yolu ilə 3 ay sınaq müddətinə qəbul edilir.
Dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətinə həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanıla bilər.
Birincisi, qanundakı bu məqamlar məmurlar üçün manevr imkanı yaradır. Məhz bu detallar namizədin işə qəbul olunması üçün rüşvət verməsinə əlverişli zəmin yaradır.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, istər dövlət qulluğuna qəbul, istərsə də hakimlərin seçkisiylə bağlı ciddi problemlər var. M.Baxışovun sözlərinə görə, kimin nə deməsindən asılı olmayaraq test imtahanları mrhələsində tam şəffaf prosedur həyata keçirilir. Bu mərhələ də minimum səviyyədədir: “Amma Dövlət Qulluğu Komissiyasının keçirdiyi ikinci mərhələdə ciddi pozuntu var. Xüsusilə insanların siyasi əqidəsinə, bu və digər şəxslərə yaxınlıq məsələləri ilə bağlı amillər böyük rol oynayırdı. Məhz bu üzdən savadlı namizədlər bu mərhələni keçə bilmirdilər”.
M.Baxışov onu da bildirdi ki, qanuna əlavə və dəyişiklik etmək sui-istifadə hallarına yol verilir. Əmək Məcəlləsinə görə, sınaq müddəti 3 ay müəyyən edilib. Eyni zamanda məcəllədə qeyd olunur ki, daha artıq sınaq müddətləri nəzərdə tutula bilər: “Məsələn, ”Prokurorluqda qulluq keçmək” haqqında qanunun tələblərinə görə, prokurorluqda sınaq keçmə vəzifəsi var. Bir il sınaq müddətidir. Həmin müddət bitdikdən sonra səni prokuror köməkçisi, müstəntiq vəzifəsinə təyin edirlər. Əslində, bu qeyri-demokratik dövlətlərdə bir ənənəyə çevrilib. Bu da bilərəkdən edilir ki, bu insanlar gələcəkdə qeyri-qanuni əməllərin icrasına cəlb olunsun. Onların məntiqincə, dövlət qulluğunda işləyən insanlar bunlara xidmət etməlidir. Əslində, dövlət qulluğunda işləyən insanlar xalqa, qanuna xidmət etməlidir. Bu cür vəziyyətin də yaranmasında məqsəd odur ki, namizədləri vəzifəyə təyin edəndə şəxsi maraqlarını təmin etməkdən ötrü rüşvət alsınlar”.