Masallı sakinləri icra başçısının özbaşınalığından şikayətçidir
«Əgər rayondakı məmur özbaşınalığı ilə bağlı şikayətlərimizə baxılmasa, tədbir görülməsə, aclıq aksiyası keçirəcəyik»
Masallı rayonundan olan bir qrup kiçik sahibkar rayondakı məmur özbaşınalığı, qanunsuzluqlar barədə müvafiq dairələri, eləcə də ictimaiyyəti xəbərdar etmək üçün dünən Bakıda Müsavat partiyasının qərargahında mətbuat konfransı keçirib.
Rayon sakinlərindən Məmmədağa Eynullayev deyir ki, başlarına açılan oyunları ictimailəşdirmək üçün əvvəlcə Beynəlxalq Mətbuat Mərkəzinə müraciət ediblər ki, mətbuat konfransını orada keçirsinlər. Amma orada müxtəlif bəhanələrlə onlara yer verməkdən imtina ediblər.
“Icra başçısından şikayətlərimizə baxılmasa, aclıq edəcəyik”
Məmmədağa Eynullayev bildirir ki, Rafiq Hüseynov Masallıya icra başçısı təyin ediləndən rayonda əhalinin günü-güzəranı yoxdur: “Ancaq ölkə başçısının rayona səfəri öncəsi onun keçəcəyi yerlərdə kosmetik dəyişikliklər aparmaqla məşğuldur. Rafiq Hüseynov 4 ildir bir Bayraq Meydanını tikib qurtara bilmir. Prezident Administrasiyasına göndərilən şikayətlərimiz isə Zeynal Nağdəliyevin rəhbərlik etdiyi şöbədə sanki Çin səddi ilə qarşılaşır”.
Məmmədağa Eynullayev onu da qeyd edib ki, əgər məmur özbaşınalığı davam eləsə, müvafiq qurumlar tədbir görməsə, aclıq aksiyaları və digər etiraz formalarına əl atacaqlar: “Çünki bizə başqa çıxış yolu qoymurlar”.
“10 min manatı vermədim, məni döydülər, sonra da cinayət işi açdılar”
Bir neçə ay əvvəl polislər tərəfindən zorakılığa məruz qaldığını deyən Zəminə Nəzərova da qarşılaşdığı problem barədə ətraflı danışıb. Bildirib ki, özünün həyətyanı sahəsinə yaxın meşə zolağında inşa etdirdiyi tikilinin bütün sənədlərini qaydaya salmasına baxmayaraq, ona tikintini başa çatdırmağa imkan verməyiblər. Onun sözlərinə görə, icra hakimiyyətində ondan 10 min manat pul tələb ediblər. Zəminə xanım isə bunun üçün uzağı, 2000 min manat verə biləcəyini deyib: “Bundan sonra həmin əraziyə icra hakimiyyətinin işçiləri və polislər gələrək, tikilini sökməyə başladı. Buna etiraz edəndə isə mənə qarşı zorakılıq elədilər və nəticədə xəstəxanaya düşdüm. Son nəticədə də mənim özümə qarşı cinayət işi başlandı”.
Rayon sakini Asəf Əliyev deyir ki, Prezident Administrasiyasının Habil adlı zona kuratorunun qəbulunda olublar, rayondakı məmur özbaşınalığı haqda onu məlumatlandırıblar. Amma hələ ki, heç bir tədbir görülmür.
500-ə qədər saxta torpaq aktı
Rayon sakini Əhliman Hidayətov isə əlində 500-ə yaxın saxta torpaq aktlarının olduğunu deyir. Onun sözlərinə görə, qanun pay torpaqlarında tikililərə icazə vermir, amma saxta sənəd vasitəsilə həmin sahələr müxtəlif adamlara satılır. Bununla əlaqədar Respublika Prokurorluğuna müraciət edilsə də, şikayətləri yenidən elə Icra Hakimiyyətinə göndərilib.
Masallının hüquq-mühafizə orqanlarından narazılıq
Masallının Mollaoba kənd sakini Güloğlan Səlimov kənd ərazisində heyvanlar üçün örüş sahəsinin münasib yerdə verilməməsindən narazılıq edib. Bildirib ki, örüş üçün ayrılan yer kənddən 10 km. aralıda verilib. Heyvanları həmin əraziyə aparmaq müşkülə çevrilib.
Yaqub Kazımlı isə deyir ki, icra başçısına dəfələrlə iradlarını bildirdiyinə görə o da acığa düşüb onun evini heç bir səbəb göstərmədən sökdürüb. Bununla əlaqədar yazılan şikayətlərinə isə nə Masallı prokurorluğunda baxılır, nə də rayon polis şöbəsində…
Rayon sakini Razi Qəmbərov atası ilə bağlı avtoqəza hadisəsinin Masallı Rayon Polis Şöbəsində obyektiv araşdırılmamasından şikayətçidir. Deyir ki, dəfələrlə məsələ ilə əlaqədar müvafiq orqanlara müraciət etsə də, heç bir nəticəsi yoxdur.
***
Səslənən şikayətlərlə əlaqədar qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə Masallı Rayon Icra Hakimiyyətilə əlaqə saxladıq. Icra başçısının müavini Nəsir Muxtarlı səslənən fikirlərin əsassız olduğunu deyir. Onun fikrincə, bu adamların başında Məmmədağa Eynullayev dayanır: “Ümumiyyətlə, bu adamların arxasında hansısa başqa qüvvələr dayanır”.
Nəsir Muxtarlı Icra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Xəlilova ilə əlaqə saxlamağı məsləhət görsə də, Gülşən xanımla əlaqə saxlamaq cəhdlərimiz nəticə vermədi.
Təzəxan Mirələmli
anaxeber.info