Azərbaycan və Ermənistanın hərbi gücü- Müqayisə

2-06-2014, 10:59   
Azərbaycan və Ermənistanın hərbi gücü
Azərbaycan hərbi arsenalını artırmaqda davam edir. Bir müddət öncə Rusiyadan Azərbaycana satılan T-90C tankları Ermənistan tərəfinin kifayət qədər həyəcanlanmasına səbəb olub. Rəsmi İrəvan demək olar ki, hər gün Azərbaycana satılan tanklarla bağlı açıqlama verir. Bununla bərabər isə Ermənistan mətbuatı da tezliklə Qarabağda müharibənin başlayacağı ilə bağlı müxtəlif iddialarla çıxış edir.

Bu zaman ortaya sual çıxır: Azərbaycan ordusunun hərbi təchizatı ilə Ermənistan ordusu arasında fərq nə qədərdir?

Hazırda Azərbaycanda 600-dən çox adda hərbi məhsul istehsal edilir. Hərbi ekspertlərin fikrincə, Azərbaycanın malik olduğu “Smerç”, 2C7 “Pion”, M-46, 2A36 “Giatsin”, T-122 “Sakarya”, “Lynx LAR” və “Lynx Extra” kimi artilleriya sistemləri işğal altındakı torpaqlarımızda yuva quran Ermənistan ordusu üçün potensial təhlükədir.

Qeyd edək ki, orduların mövcud durumunu real olaraq təqdim etmək çətindir. Çünki hərbi sirr anlayışı var və bu baxımdan hər iki tərəf müəyyən mənada hərbi-texniki imkanlarını gizlədir.

Buna görə də Azərbaycan və Ermənistan ordusu ilə bağlı 2012-ci ildə Birləşmiş Krallığın Hərbi Akademiyası nəzdində fəaliyyət göstərən Təkmil Araşdırma və Dəyərləndirmə Qrupunun araşdırması daha diqqət çəkicidir. Hesabatda Azərbaycan ordusunun inkşaf etdiyi və peşəkar kadrlarının sayını artırdığı bildirilir. Lakin Silahlı Qüvvələrimizin ən zəif tərəfi kimi yeni alınan texnikalar, xüsusilə, S-300 raketləri üçün kadrların hələ çatışmaması göstərilir. Xatırladaq ki, bu hesabatdan artıq 2 ilə yaxın zaman ötüb və Azərbaycanın S-300-ləri çalışdırmağı bacaran kadrların yetişdirdiyi artıq müzakirə predmeti deyil.

Ermənistan ordusuna gəlincə isə təşkilat bunun haqqında informasiya verməkdə bir az çətinlik çəkir. Qurum hesabatında Ermənistanda yerləşən rus hərbi bazalarının ermənilər üçün əsas dəstək rolunu oynadığını qeyd edir. Silah göstəricilərinə gəlincə isə ermənilərin hərbi texnikasının Azərbaycandan çox aşağı olduğu hesabatda əks edilir. Bu, xüsusilə hərbi təyyarələr, tanklar və artilleriya qurğularında özünü göstərir. Məsələn, Azərbaycan 66 təyyarəyə sahibi olduğu halda Ermənistanda bunun sayı 33 ədəddir.

Milli Ordumuz 339 tanka malikdir ki, bu sırada T-55 və T-72 tankları yer alır. Avqustda ölkəyə daxil olacaq ən müasir T-90S tanklarını da nəzərə alsaq, hazırda Azərbaycan ordusunda tankların sayı 440-a çatır.

Düşmən ölkə isə 4 dəfəyədək azlıqda qalır. Belə ki, 110 tankı olan Ermənistanda T-54, T-55 və T-72 tankları var. Ermənistanda hələ də köhnə T-54-lər olduğu halda, Azərbaycan T-72-lər üstünlük təşkil edir və onların hamısı modernləşdirilib.

Azərbaycan 279 Piyadaların Döyüş Maşınına (PDM) sahibdir. Burada BMD-1, BMP-1, BMP-2 və BRM-1 modelləri yer alır.

Ermənistanda isə 202 PDM var. İşğalçı ölkə Azərbaycanda olan döyüş maşınları ilə yanaşı, BMP-1K və BRM-1K da alıb.

Zirehli nəqliyyat növünə gəldikdə, Azərbaycan ordusu 383, Ermənistan isə 183 texnikaya malikdir.

Ordumuzda 62 reaktiv artilleriya qurğusu mövcuddur, Ermənistanda isə bu rəqəm 51-dir.

Qoşqulu artilleriya qurğuları Azərbaycanda 210, Ermənistanda 131 ədəddir.

Azərbaycan 41 döyüş təyyarəsi var. Bunların sırasında MİQ-29, MİQ-21, SU-17, SU-17U, SU-25, SU-25UB əsas yer tutur.

Ermənistanda isə yalnız MİQ-25 və SU-25 döyüş təyyarələri var ki, onların da sayı 16-dır.

Böyük Britaniyadakı Beynəlxalq Araşdırmalar İnstitutunun hesabatında hər iki ölkə ordusunun strukturu barədə də geniş təhlillər yer alıb.

Quru qoşunlarından bəhs olunarkən Azərbaycan və Ermənistanın hərəsində 5 korpusun olduğu vurğulanıb. Azərbaycanda 23 motoatıcı briqada, 1 artilleriya briqadası, 1 çoxlüləli reaktiv artilleriya briqadası, 1 təlim artilleriya briqadası, 1 tank aleyhinə briqada, 1 mühəndis briqadası, 1 rabitə briqadası, 1 təchizat briqadasının olduğu sənəddə əksini tapıb.

Düşmən ölkə isə 13 motoatıcı polka malikdir. Burada 3 tank batalyonu, 3 kəşfiyyat batalyonu, 2 təchizat batalyonu, 4 artilleriya divizionu, 3 piyada polku, 2 rabitə batalyonu, 1 müstəqil briqada, 1 tank əleyhinə polk və 1 mühəndis polkunun olduğu qeyd olunub.

Ölkələrin aviasiyasının təhlilində də Azərbaycan irəlidədir. Belə ki, Azərbaycan 2 təyyarə eskadronu, 1 təyyarə alayı və 1 vertolyot alayına sahiblik edir.

Ermənistan isə yalnız 1 eskadrona malikdir. Bundan əlavə isə artıq burada Rusiyanın bir hərbi vertolyot və təyyarə eskadriliyası yerləşdirilməsi nəzərdə tutulur.

Şəxsi heyətin sayı da Azərbaycanın üstünlüyünü göstərir - 66 940 nəfər. Ermənistanda bu say 48 570 nəfəri keçmir.

Hesabata görə, Azərbaycanın quru qoşunları - 56 840, Hərbi Dəniz Qüvvələri - 2 200, Hərbi Hava Qüvvələri - 7 900 nəfərlik kontingentdən ibarətdir. Dənizə həsrət qalan Ermənistanın quru qoşunlarında isə 45 393, Hərbi Hava Qüvvələrində isə 3177 nəfər xidmət keçir.

Yarımhərbi qruplara gəldikdə, Azərbaycanda bu say 15 min, Ermənistanda isə 7 168 nəfər təşkil edir. Azərbaycanda çağırışçıların hərbi xidmət müddəti 18 ay olduğu halda, Ermənistanda 24 aydır. Yeri gəlmişkən, düşmən ölkə şəxsi heyəti komplektləşdirə bilmədiyi üçün sovet dövründən qalma müddəti aşağı endirə bilmir. Buna əsas səbəb kimi isə rəsmi İrəvan orduda əsgər çatışmazlığını göstərir.

Azərbaycan Ermənistandan fərqli olaraq 8 patrul və sahil mühafizə katerlərinə də malikdir. Tank əleyhinə silahlar, raketlər, zenit-raket komplekslərinin sayında da düşməni qabaqlayırıq. Azərbaycan 15 ədəd Mi-14, 13 ədəd Mi-8, 7 ədəd PZL vertolyotlarına sahibdir. Düşmən isə 8 Mi-24P, 2 Mi-24K və 2 Mi-24 R tipli vertolyotlar alıb. Bundan əlavə, ermənilərin 10 ədəd Mi-17 Hip H, 2 ədəd Mi-9 Hip G 9 ədəd, PZL Mi-2 Hoplite tipli vertolyotları da var.

Azərbaycan pilotsuz döyüş təyyarələrinə də sahibdir, İsraildən idxal edilən bu təyyarələr son modellərdən sayılır. Ermənistanda isə bir ədəd də pilotsuz təyyarə yoxdur.

2013-cü ilin nəticələrinə görə, Azərbaycan ötən il Orduya büdcədən 3,8 milyard dollar vəsait ayırıb. Ermənistan isə cəmi 451 milyon ayıra bilib.

Ümumiyyətlə, Ermənistanın dövlət büdcəsi 2,4 milyarddan (manatla) bir qədər çox, Azərbaycanın dövlət büdcəsi isə 18,4 milyard manatdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.