Bakı Pedaqoji Kadrların Ixtisasartırma və Yenidənhazırlanma Institutunun sabiq kafedra müdiri Fikrət Əliyevin Təhsil naziri Mikayıl Cabbarova sualları var. Professor Fikrət Əliyev “Azadlıq”a göndərdiyi məktubda həmin suallar da öz əksini tapıb. O, məktubunda yazır:
“Təhsil Nazirliyi 2014-cü ilin noyabr-dekabr ayında instituta üç nəfərlik işçi qrup göndərdi və kollektivə təqdim olunmadan, məqsəd-məramını bildirmədən müəmmalı monitorinqə başladı. Şifahi sorğuya gündə bir neçə mütəxəssis və inzibati-köməkçi personal çağrıldı. Onlar gələndə kollektivə və Elmi Şuraya etinasız yanaşdıqları kimi, gedəndə də nəyi müəyyənləşdirdiyini demədi. Sonra isə bu monitorinqin siluetləri görünməyə başladı. Institutun ixtisasartırma kurslarını imtahanla yenicə bitirən müəllimlərin təkrar sınağı bir daha Nazirlikdə keçirildi. Təhsil Nazirliyi 1 fevral 2015-ci ildən etibarən institutun bütün fəaliyyətini, funksiya və səlahiyyətini dayandırdı. O vaxtdan 15 fevral 2016-cı ilədək bütün kateqoriya işçilərinin aylıq maaşlarının 30 faizi nazirliyin göstərişi ilə tutuldu. Dünya Bankının krediti hesabına institut binası təmir edilsə də, professor-müəllim heyətinin tədris-tədqiqat fəaliyyəti bərpa edilmədi. 2015-2016-cı tədris ilindən başlayaraq, ixtisasartırma kursları xüsusi ayrılmış ümumtəhsil məktəbi binalarında Nazirliyin şöbə işçilərinə tapşırıldı.
15 fevral 2016-cı ildə nazirliyin ixtisasca iqtisadçı-mütəxəssisi Emin Əmrullayev institutun yeni işçi heyətini komplektləşdirməyə göndərildi. Bu göndərişlə həmin şəxs və onunla göndərilənlər instituta qarşı iftira kampaniyasına başladılar. Bunda məqsəd isə özlərinin instituta təxliyələrini gerçəkləşdirmək idi.
Əmrullayev kollektivlə görüşmədən işçilərin fərdi qəbuluna və seçiminə başladı. Yaşlı alimləri, paytaxt müəllimləri korpusunun nüfuzunu qazanmış mütəxəssisləri aldatdı ki, institut artıq ali məktəb statusuna malik deyil. Ona görə də sizi işdə saxlaya bilmərik. Işdən çıxmaq üçün ərizə yazanlar, yazmayanlar da elə həmin gün əmrlə işdən qovuldular.
Bu istiqamətdə kifayət qədər yazmaq olar. Indilikdəsə təhsil nazirinə iki sualım var: “Paytaxtın ixtisasartırma taleyini Dünya Bankının kurikulumçuluq missiyasına tabe etdirəcəkdinizsə, onda sələfinizin yaratdığı Kurikulum Mərkəzini niyə ləğv etdiniz? Bakıda ixtisasartırmanı ixtisas əskiltməklə əvəz etməklə xalqdan kimin intiqamını almaq fikrindəsiniz?”
Təhsilimizlə bu cür rəftar edənlərə deyirəm. Dünya Bankından kredit çəkməkdən əlinizi çəkin. Bakının Dünya Bankına satılan milli ixtisasartırma səlahiyyətlərini özünə qaytarın”.