Hökumət nə qədər təbliğat aparsa da, “xalq-hakimiyyət birliyi mövcuddur” desələr də istənilən situasiya bunun əksini göstərir. Istənilən hadisənin müqayisəli təhlili göstərir ki, hökumət komandasının heç bir üzvü xalqın sevgisini qazana bilməyib. Ümumiyyətlə, bu hakimiyyətin iş başında olduğu dönəmdə müsbət nümunələr yoxa çıxıb, xalqın üz tuta biləcəyi səlahiyyət sahibləri yetişməyib.
Bugünlərdə baş verən bir hadisə bu məqama bir daha diqqət yetirməyimizə səbəb oldu. Bir neçə gün öncə məhşur avtoritet Rövşən Lənkəranski öldürüldü. Onun cənazəsi doğulduğu Lənkəran şəhərində torpağa tapşırıldı. Dəfn mərasimindən yayılan fotolardan, video görüntülərdən insan izdihamı görünürdü. Sosial şəbəkələr, xəbər saytlarının əsas gündəmi bu hadisə oldu. Rövşən Lənkəranskinin şəxsiyyəti, həyat tərzi, gördüyü işlərlə bağlı müzakirə açmaq məqsədimiz yoxdur. Ümumiyyətlə, yazının məqsədi bu da deyil. Amma görünən budur ki, adamlar onun haqqında danışırlar. Kimisi Moskvada azərbaycanlılara sahib çıxmasından, kimisi Lənkəranda kiminsə müalicəsinə kömək etməsindən, kimisi də hansısa vətəndaşın problemini həll etməsindən danışır.
Ölkə elə vəziyyətə salınıb ki, insanlar bir müşkülü həll etmək üçün hər hansı dövlət strukturundan kömək ummurlar, hansısa kriminal münaqişənin ədalətli həlli üçün məhkəməyə ümid bəsləmirlər. Amma kriminal avtoritetlər, “qanuni oğru”lara sayqı duyurlar, onlardan gözləntiləri daha çoxdur.
Niyə Azərbaycanda hansısa hakimin, vəkilin, deputatın, polis rəisinin, icra başçısının dəfni də belə izdihamla yad edilmir? Niyə insanlar səlahiyyət sahibi olan bu adamların ölümünə təəssüflənmir?
Əlbəttə ki, bir hakim bütün həyatı boyu ədələtli qərarlar çıxarmış olsa, sifarişə, pula boyun əyməsə, haqsızlığın qarşısında əjdaha kimi dayansa, xalq sevgisini də qazanar.
Bir icra başçısı rəhbərlik etdiyi rayona gəlir mənəbəyi kimi baxmasa, fermerin, həkimin, müəllimin, təqaüdçünün dərdinə şərik olsa, sadəlik nümayiş etdirsə rayon sakinləri mütləq o icra başçısını hörmətlə xatırlayar.
Bir deputat seçicinin ayağına getsə, sadə vətəndaşın qayğıları ilə maraqlansa, mandata yox, seçiciyə sevgiylə yanaşsa, seçilərdə saxtakarlığa ehtiyac olmaz.
Amma vətəndaş bilir ki, rəis haram pullar qazanır, hakim ədaləti pula satır, deputat təyinatla mandat daşıyır, icra başçısı vətəndaşın haqqını oğurlayır. Ona görə də bu adamlara qarşı nifrət var. Sistem bütövlükdə neqativ ənənələrin daşıyıcısı olduğu üçün, tək-tük müsbət nümunələr də əriyir.
Əslində, bütün bunlar bir ölkə, bir cəmiyyət üçün faciədir. Rejimin mahiyyəti bütün dəyərləri əridib. Bu illər ərzində öz nümunəsiylə xalqın yaddaşına hopan məmur yetişməyib. Elə bir vəzifəli şəxs yoxdur ki, xalq dəfninə tələssin, haqqında müsbət xatirələr danışsın. Bəli, biz uzun illərdi müsbət dövlət ittihamçısı, polis rəisi, hakim, deputat, bələdiyyə sədri, nazir, prezident nümunəsini kinolarda, kitablarda görürük.
Rejim bizi müsbət nümunələrə həsrət qoyub. Mülkiyyət hüququ pozulan vətəndaş aidiyyatı qurumlardan üz çevirib, rayondakı hörmətli kişilərin üstünə qaçır.
Bəli, vətəndaş bu qədər yetim qoyulub və hökumət komandasında xalqın qürur duya biləcəyi adam yoxdur. Xalqın sevdiyi və seçdiyi adamları isə sıradan çıxarırlar, ləkələyirlər, həbs edirlər.