Nemət Əliyev: «Buna səbəb manatın dollar qarşısında hər gün dəyər itirməsidir»
Keçən il baş verən iki devalvasiya hadisəsi ölkə iqtisadiyyatının bütün sahələrində dərin iz qoydu. Nəticədə daxili bazarda qiymətlərin bahalaşması baş verdi ki, bu proses hələ də davam etməkdədir. Mövsüm meyvələrinin, kənd təsərrüfatı məhsullarının qiymətində, yay olmasına baxmayaraq, enmə müşahidə olunmadı. Son günlər şəkər tozu, qənd və çayın qiymətində də yenidən bahalaşma qeydə alınıb. Supermarket və mağazaların rəhbərləri bunu “Azərsun”un qərarıyla izah edirlər. Bundan sonra digər ərzaq məhsullarının da qiymətində artım olacağı gözlənilir. Yaxın günlərdə yağ, düyü, ağartı məhsulları və digər ərzaqların bahalaşacağı bildirilir.
Iqtisadçı-ekspert Nemət Əliyev mövcud bahalaşmanı manatın dollar qarşısında hər gün dəyər itirməsi ilə əlaqələndirir. Ekspert Mərkəzi Bankın yeritdiyi pul-məzənnə siyasətinin yarıtmaz olduğunu da deyir. Onun fikrincə, milli valyutamız olan manat may ayından bəri 13 faizə qədər dəyərdən düşüb: “Nəticədə, bəlli olaylar baş verir. Diqqət yetirsəniz, ”Azərsun Holdinq”in məhsullarında, əksər market şəbəkələrindəki malların qiymətində bir müddətdir bahalaşma var. Adicə şəkər tozunun qiyməti may ayından sonrakı dövrdə 45-50 faiz artıb. Yerli istehsal olan məhsulların qiyməti bu qədər bahalaşıbsa, xaricdən tam şəkildə idxal olunan məhsulların qiyməti görün, nə qədər artıb. Ümumiyyətlə, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətindəki artım davam edəcək. Bunun səbəbləri də, öncə dediyim kimi, milli valyutanın dəyərdən düşməsi, korrupsiya və haqsız rəqabətdir. Vəziyyətdən çıxış yolu kimi, hökumət normal pul-məzənnə siyasəti yeritməli və iqtisadiyyatın dirçəldilməsinə, qeyri-neft sektorunun inkişafına başlamalıdır”.