Ölkədə süni bahalaşma dalğası davam edir
“Azərsun holdinq” şirkətinin ardınca “Veysəloğlu” da məhsullarının qiymətini artırmağa hazırlaşır.
Şirkət xaricdən, əsasən də Türkiyədən idxal olunan məhsullarının qiymətini qaldırmaqla özünü xilas edən firma əhalinin aqibətini nəərə almır. Məlumdur ki. iqtisadi böhran və dolların məzənnəsinin qalxması bazarda bahalaşmağa rəvac verib.
Amma xalqı bahalaşma sınağına çəkən məmurların himayə etdiyi şirkətlər müflis olmasın deyə camaatın dərisini soyurlar. Payızda bazarlarda qiymətlərin daha da qalxacağı proqnozlaşdırılır.
Bu mənada “Veysəloğlu” da “Azərsun holdinq”dən geri qalmır. Satışında ciddi axsamaların müşahidə olunduğu şirkət üzləşdiyi problemin həlli istiqamətində maraqlı çıxış yolu tapıb. O, süni qiymət artımına getmək və iş adamlarını çətinə salmaqla böhrandan zərərsiz çıxmağa çalışır.
Firma marketlərə öncədən verdikləri malların pulunu sahibkarlardan indi tələb etməyə başlayıb. Sahibkarlar pulu verə bilmədikdə, həmin borcun üzərinə 20% gəlirlər və sahibkara bununla bağlı sənəd imzalatdırırlar.
Sahibkar razılaşmadıqda isə mağazaya bir daha mal verməyəcəkləri ilə hədələyirlər. Pərakəndə və topdansatış mərkəzləri o zaman qiymətləri artıra bilər ki, “Veysəloğlu” şirkəti təqdim etdiyi məhsulların qiymətini artırsın.
Dövlət başçısı qeyd edib ki, süni qiymət artımına gedənlər və inhisarçılıqla məşğul olanlar cəzalandırılacaq. Ancaq “Veysəloğlu” şirkəti prezidentin göstərişlərinə qarşı gedərək yeni tariflər müəyyənləşdirir.
Artıq İqtisadiyyat Nazirliyi yanında Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “Veysəloğlu” şirkətində təcili olaraq monitorinq aparmasına zərurət yaranıb. Sahibkarlar tələb edirlər ki, süni bahalaşmaya şərait yaradan şəxslər cəzalandırılsın.
Qeyd edək ki, ölkədə manatın üçüncü devalvasiyası mərhələli şəkildə getməkdədir. Artıq su və çörəyin bahalaşması, dolların günbəgün qalxması əhalinin iqtisadi vəziyyətini ağırlaşdırır. Belə vaxtda bundan istifadə edən bəzi idxalçı şirkətlər süni şəkildə qiymət artımına gedirlər.
Politika.Az