Çingiz Qənizadənin oğluna vəzifə verilməsi etiraz doğurdu: “YAXŞI VƏZİFƏLƏR YA MƏMUR BALALARININDIR, YA DA DEPUTAT”
Məlum olduğu kimi baş prokuror Zakir Qaralovun əmri ilə Elgiz Qənizadə Binəqədi rayon prokurorunun müavini təyin edilib. E. Qənizadə buna qədər Bakı şəhər Prokurorluğunda çalışıb. Qeyd edək ki, E. Qənizadə millət vəkili Çingiz Qənizadənin oğludur.
Savash.org xatırladır ki, ölkədə məmur və deputat övladlarının, yaxınlarının yüksək vəzifələrə təyinat alması ənənə halını alıb. Millət vəkili Çingiz Qənizadənin oğlunun məlum təyinatı isə bu ənənəyə sadiqliyin növbəti təzahürü sayıla bilər.
Bu və bu qəbildən olan vəzifə təyinatlarını Savash.org-a dəyərləndirən Milli Şuranın üzvü, tanınmış ziyalı Eldəniz Quliyev söyləyib ki, bu sosial ədalətsilzikdir və Azərbaycanda baş verəcək mümkün etiraz dalğalarının katalizatoru rolunu oynayacaq:
"Azərbaycanda hər hansı bir vəzifəyə təyinat almaq əndrabadi meyarlarla reallaşdırılır. Ya kiminsə qohumu olmalısan, ya yuxarıdakılardan biri zəmanət verməlidir, ya da külli miqdarda rüşvət verməlisən. İşə qəbul olunandan sonra isə verdiyin pulu kompensiyasiya etmək üçün mütləq rüşvət yığmalısan. Odur ki, vəzifəli şəxslərin və deputatların yaxınlarının vəzifə təyinatları ədalətin pozulmasıdır. Bütün yaxşı vəzifələrə təyinat alanlar ya məmur balalarıdır , ya da deputat. Kiçicik araşdırma parsan, kimin kimə görə, hansı vəzifəyə çəkilməsi aşkarlanacaq. Yəni məlum olacaq ki, filan prokuror filan məmurun oğlu, bacısı oğlu, qardaşı oğlu, xalası oğlu olduğu üçün bu vəzifəyə gətirilib. Heç eşidən , görən varmı ki, kasıbın, yetimin balası, oxumaqdan gözünün nurunu itirən biri öz biliyinə yüksək vəzifəyə təyinat alsın? Mən görməmişəm”.
Bu mənada deputat və ya məmur övladlarının yüksək vəzifəyə təyinat almasının, cəmiyyətdə siyasi əqidəsindən, cinsindən, irqindən asılı olmayaraq narazılıq yaratdığını düşünən E.Quliyev bu kimi hallara son qoymağın vacib olduğunu düşünür:
“Əmisi uşaqlarını, xalası nəvələrini və öz övladlarını vəzifələrə gətirənlər anlamalıdırlar ki, bu işi ancaq onların savadı, bacarığı və istedadına güvənərək görmək olar. Əks halda bu yaxşı nəticə verməyəcək. O uğuru ki, insan öz ləyaqəti,bacarığı , istedadı və savadı hesabına qazanılmayıb, həmin iş son nəticədə iki finalla -komediya və tragediya ilə başa çatır. Yəni, elə bil ki, bir nəfəri filankəsin oğlu olduğuna görə həkim qoyublar.O da, xəstəni səhv əməlyyat edərək, öldürüb. Bu artıq faciədir. Ya da, hamı görür ki, filan məmurun oğlu həkim xalatı geyinib, amma cərrahlığı bacarmır. Belə olan halda isə hamı gülməyə başlayır. İndi deputat və məmur övladlarının yüksək vəzifələrə təyinatı məsələsinin iki finalı olacaq. Təssüf ki, Azərbaycanda hələ ki, bu finalların uğursuz sonunun bitməsini gözləyə -gözləyə qalmışıq".
Orxan