Mətbuatda Masazır bələdiyyəsinin sədri, adı hər zaman ölkə mətbuatında müxtəlif qalmaqallarda hallanan Siyanfər Əliyevin bu günlərdə Baş Prokurorluqda Akif Çovdarov məsələsi ilə bağlı ifadə verdiyi haqda yazmışdıq. Bununla bağlı cumhuriyyet. az-a daxil olan məlumata görə, S.Əliyevin Baş Prokurorluğa çağırılmasına səbəb A.Çovdarov tərəfindən torpaqlarına əl qoyulan sahibakarlardan birinin Zakir Qaralova ünvanladığı müraciət olub. Belə ki, müraciətində A.Çovdarovun zor gücünə hektarlarla torpağını ələ keçirdiyini bildirən sahibkarın şikayəti Baş Prokurorluqda aparşdırılmağa götürülüb. Məhz araşdırma çərçivəsində bəlli olub ki, A.Çovdarovun sahibkara məxsus torpaqlara əl qoyması heç də təsadüfi olmayıb. Bələdiyyə sədri S.Əliyev də sahibkara məxsus torpaqların sabiq MTN generalı tərəfindən zorla ələ keçirilməsi haqqında məlumatlı olub. Onun bu prosesdə iştirakçılığı ehtimalı da yüksək hesab edilir. Bütün bunları nəzərə alıb, məsələni daha dərindən araşdırmaq qərarına gəldik .
S.Əliyevin A. Çovdarovla iş birlinin olmasına dair məlumatları diqiqləşdirmək məqsədilə adıçəkilən bələdiyyə sədrinin özü ilə əlaqə saxladıq. O, cumhuriyyet. Az-a açıqlamasında A.Çovdarovla alış-verişinin olmadığını söyləyərək bütün iddiaları təkzib etdi: “Hər hansı bir ifadə verməmişəm. Bunu kim deyirsə, kökündən yanlışdır. Belə bir şey olmayıb. Bizim ərazidə heç kim sahibkara əngəl, maneə törədə bilməz. Onun haqqında ancaq məhkəmə qərar verə bilər. Masazırda sahibkarlara verdiyimiz torpaqların hamısı icarə torpaqlarıdır. İstənilən halda bələdiyyə tərəfindən həmin torpaqlar geri alına bilər. Yayılan məlumatlar həqiqəti əks etdirmir. Biz heç kimin əlindən torpaq almamışıq. Heç kimi də məcbur etməmişik ki, torpağını kiməsə ver. Həm də o torpaqlar satılmayıb. Həmin ərazilər sahibkarlara müqavilə ilə icarəyə verilib. Həm də ki, Prezident İlham Əliyev sahibkarlara dəstək verirsə, biz nə edə bilərik ki? Biz sahibkarları həmişə dəstəkləmişik. Masazırda yüzdən artıq sahibkar var. Biz onlara yalnız dəstək veririk. Torpaqları onlara icarəyə vermişik. Onlar da icarə haqqını vaxtı vaxtında verirlər. Onların bizdən bizim də onlardan narazılığımız yoxdur. Kimsə icarə haqqını ödəmirsə, biz ondan həmin əraziləri alırıq. Bəzən də həmin adamlar gedib bizi şantaj edirlər ki, bələdiyyə bizə maneə olur. Məhkəmə var getsin məhkəməyə versin. Çıxaq məhkəmə qarşısında cavab verək. İcarə müqaviləsi bağlanıb. Həmin sahibkar müqavilədə göstərilən məbləği ödəmirsə, biz onu ərazidən çıxarırıq Təəsvür edin ki, evinizi kirayə vermisiniz, kirayənişin pulu ödəmir. Belə olan halda neynəmək olar? Onu evindən çıxarırsan da. Biz də elə etmişik. Torpaqları yalnız icarəyə vermişik. Heç kimlə alqı- satqı aparmamışıq. Bəziləri də gedib fəaliyyətimizlə bağlı antitəbliğat aparırlar. Adımızı Akif Çovdarova bağlayırlar. Bir daha deyirəm ki, mənim onunla işim olmayıb. Onunla heş bir əlaqəm yoxdur, olmayacaq da. Nə əlaqəm olasıydı onunla. O general adam olub, mən də bələdiyyə sədri. Onunla nə əlaqəm ola bilərdi ki? Onun heç bir işini aparmamışam. Heç bir əlaqəm olmayıb”.
S.Əliyev sonda onu da əlavə edib ki, hər hansı sahibkarın şikayəti, etirazı varsa, ona desin: “Narazı sahibkar varsa, yanıma gəlsin. Sahibkarın əlindən torpağını niyə alım ki? Əkib- becərirsə, torpağın icarə haqqını verirsə mən torpağı onun əlindən alıb niyə başqasına verməliyəm ki? Belə bir hal olmayıb. Bizə kim müraciət edir, razı yola salırıq. Sahibkarın xətrinə dəymirik. Əksinə ona şərait yaradırıq”.
Məsələ ilə bağlı cumhuriyyet.az-a açıqlama verən sahibkar prokurorluğa müraciətində A.Çovdarovun qanunsuzluğundan şikayət etdiyini, fəqət özünə qarşı yol verilən qanunsuzluqdan Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevin də məlumatlı olduğunu bildirib. Sahibkarın sözlərinə görə, S.Əliyev bu gün özünü bu proseslərdən kənara çəkməyə çalışsa da, əslində bu işin “bismillahı” onun bu torpaqlara gəlişi ilə başlayıb. Məlumat üçün qeyd edək ki, S.Əliyevin A.Çovdarovla yaxınlığı ilə bağlı deyilənlər heç də yenilik deyil. Belə ki, MTN-də Eldar Mahmudov erasının başa çatmasından sonra ölkə mətbuatında S.Əliyevlə A.Çovdarovun yaxınlığı ilə bağlı onlarla məqalə işıq üzü görüb ki, bu da təsadüfi deyil. Bu arada qeyd edək ki, cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, uzun illərdir ki, Masazır bələdiyyəsinin sədri vəzifəsində çalışan S.Əliyev çoxlu sayda daşınmaz əmlaka, torpaq sahələrinə, restoran və şadlıq evlərinə sahibdir. S.Əliyevin Masazırdakı ən məşhur restoranlarından biri isə əvvəl “Duz gölü” adlanan, daha sonra bir neçə dəfə adı dəyişilən və hazırda “Luqano” adı ilə fəaliyyət göstərən restorandır. Etibarlı mənbənin verdiyi məlumata görə, S.Əliyevin “MTN işi”ndən sonra bu restoranın adını bir neçə dəfə dəyişməsi heç də təsadüfi olmayıb. Sabiq MTN generalı A.Çovdarovla bu restoranda görüşən, burada qol-boyun fotolar çəkdirən S.Əliyev, indi o yaxın keçmişin xatirələrini bütün şahidlərin yaddaşından silməyə çalışır. Amma əbəs yerə. Çünki bu yaxınlığın çoxlu sayda şahidi mövcuddur ki, onların hamısı bu barədə dəqiq məlumata malikdir. Bundan başqa, bilavasitə və dolayı xeyli sayda fakt var ki, bu faktlar da bələdiyyə sədri ilə A.Çovdarovun yaxınlığını isbatlamaq üçün yetərlidir. Odur ki, S.Əliyevin A.Çovdarovla yaxınlığını danması çətin ki, bələdiyyə sədrinin aqibəti baxımından nəyisə dəyişsin.
Mövzunu diqqətdə saxlayacayıq.
Növbəti yazımızda oxuyacaqsınız:
– Sahibkarın A.Çovdarovla bağlı Baş Prokurorluğa ünvanlanan müraciətində nədən bəhs olunur?
– Siyanfər Əliyevin adı prokurorluğa verilən izahatda necə hallanıb?
– Siyanfər Əliyev sahibkara edilən haqsızlıqda hansı formada iştirak edib?
– Bələdiyyə sədrinin Akif Çovdarovla hansı əlaqələri olub?
– Siyanfər Əliyevlə sabiq MTN generalı hansı restoranda görüşürmüş?
– Siyanfər Əliyev sahibi olduğu restoranın adını “MTN işi”ndən sonra niyə bir neçə dəfə dəyişib?
– Bələdiyyə sədrinin yaxınlarının adına sənədləşdirdiyi torpaqları, obyektləri, villalar…
– Siyanfər Əliyev icra başçısını özünə necə qalxan edir?
– Xırdalan Şəhər Bələdiyyəsinin sədri Eldar Əhmədov və Novxanı Bələdiyyəsinin sədri Şahin Tağıyevlə gizli sövdələşmələr….