«Yerli istehsal məhv olduğundan hazırda ərzaqın qiymətində artım yaşanır»
Nemət Əliyev: «Siqaretin, şəkərin qiymətində, manatın məzənnəsində baş verənlər iqtisadiyyatın çöküşünün görsənişidir»
Son günlərdə satış mərkəzlərində və iri marketlərdə ərzaq məhsullarının qiyməti bahalaşıb. Satışla məşğul olan şəxslər bunu Azəzbaycanda dolların manata nisbətən məzənnəsinin artması ilə izah edirlər.
Müşahidələr isə göstərir ki, qiymət artımı təkcə xaricdən gətirilən mallarda deyil, yerli istehsal olan məhsullarda da baş verib. Bu siyahıda “Azərsun Holdinq”in istehsal etdiyi məhsullar da var.
“Azərsun” da məhsulları bahalaşdırıb
Şirkətin ictimaiyyətlə əlaqələr departamentnin rəhbəri Afiq Səfərov qiymət artımını inkar etməyib. Bildirib ki, son günlərdə “Azərsun”un məhsullarında 5-6 faizlik bahalaşma baş verib. Bu da xammalın maya dəyərinin artması ilə bağlıdır. Şirkət rəsmisi qiymət artımı ilə bağlı rəsmi açıqlama yayacaqlarını da qeyd edib.
Qiymətlər nə qədər artıb?
Qeyd edək ki, şəkər tozu əvvəl marketlərdə 1 manat 10 qəpiyə satılırdısa, indi 1 manat 30 qəpiyədək bahalaşıb.
Gündəlik tələbat məhsulu olan yumurta isə 11 qəpikdən 14 qəpiyədək bahalaşıb. Kənd ymurtasının qiymətində də artım bu qədərdir – 14 qəpikdən 18 qəpiyə qalxıb.
Daha bir gündəlik tələbat məhsulu olan ərzaq – yağların qiymətində də ciddi bahalaşma baş verib. Məsələn, “Westgold” yağının 1 kq-nın topdansatış qiyməti 6,7 manatdan 7,1 manata qalxıb.
Qiymət artımı sərinləşdirici içkilərdə də müşahidə edilir. 0,5 litrlik qablaşmada “Coca Cola” əvvəl 34 qəpiyə satılırdısa, indi 51 qəpik olub. Həmin içkinin 1 litrlik qablaşması isə 82 qəpiyə satılır. Buna qədər isə 60 qəpik idi.
Topdan satış dayanıb
Qiymətlərin artımı ilə yanaşı, mağazalara mal buraxılması da məhdudlaşdırılıb. Bəzi topdansatış mərkəzləri son günlər marketlərə mal vermirlər. Topdansatıcılar mağazalara ancaq əvvəl satdıqları malların pulunu almaq üçün gəlirlər. Mağazalarda bunu qiymət artımının gözlənilməsi ilə izah edirlər. Topdansatış şirkətlərində isə bildirirlər ki, belə hallar varsa, bu, marketlərin indiyədək aldıqları malı satıb pulunu verməməsi ilə bağlıdır (Fins.az).
Siqaret yenə bahalaşdı
Dünən Azərbaycanda əksər siqaretlərin qiyməti yenidən artırılıb. Ümumilikdə siqaretlərin qiymətində 25-30 faiz artım müşahidə olunur.
Iqtisadiyyatı bürüyən bahalaşmanın qarşısının alınması istiqamətində isə heç bir addım atılmır. Həm ərzaq məhsullarında, həm də xidmət sektorunda yaşanan bahalaşma əhalinin sosial vəziyyətini bir qədər də ağırlaşdırır.
Iqtisadçı Nemət Əliyevin fikrincə, milli valyutanın sürətlə dəyər itirməsinin bu cür nəticələrə gətirib çıxaracağı gözlənilən idi. N.Əliyevin sözlərinə görə, MB-nin yarıtmaz siyasəti nəticəsində manatın dəyərdən salınmasının bu cür fəsadlar yaradacağı proqnozlaşdırılırdı. Çünki daxili bazarın 70-80 faizi idxaldan asılıdır: “Yerdə qalan 20-30 faiz daxili istehsalın da xeyli hissəsini xarici ölkələrdə istehsal olunan xammal və avadanlıq təşkil edir. Manatın xarici valyutalar qarşısında dəyərdən salınması qiymtələrin dəyişməsinə səbəb olacaqdı. Yaranmış vəziyyət sahibkarları tərəddüdlü vəziyyətə gətirib. Sahibkarlar məcbur edilir ki, qiymətləri qaldırsınlar. Əgər onlar qiymətləri qaldırmasalar ciddi itkiylə üzləşəcəklər. Mərkəzi Bank öz siyasəti ilə ticarət sektorunda bu cür vəziyyət yaradır. Görün hansı vəziyyət yaranıb ki, banklar dollar satışını dayandırıblar. Banklar pulun gələcək taleyi ilə bağlı çox məlumatlı olurlar. Ona görə də bankların bu cür davranışı tam məntiqlidir. Mərkəzi Bank bu bankları məcbur edib ki, onlar xarici valyutanı yığım vasitəsinə çevirsinlər”.
N.Əliyevin sözlərinə görə, topdansatışların satışı dayandırması da iqtisadiyyatda baş verənləri göstərir. Çünki onlar başa düşürlər ki, qiymətlər artırılacaq. Bu sahədə çalışan sahibkarların sabaha ümidləri yoxdur: “Onlar bilmirlər ki, sabah bir dollar almaq üçün nə qədər manat xərcləməlidirlər. Sahibkarın əsas məqsədi qazanmaqdır. Maraqlıdır ki, Azərbaycanda siqaretin istehsalı təşkil olunub. Bu işlə ”Baku Europian Tabakoo” məşğul olur. Yerli istehsal adına müəssisə olduğu bir halda ölkədə siqaretin qiyməti qalxır. Əgər istehsalı ölkədə təşkil olunan məhsulun qiymətində bu cür artım yaşanırsa, tam formada xaricdən idxal olunan məhsullarda nə yaşanacaq. Yaxud da şəkər tozunun qiymətində baş verən artıma diqqət yetirin. Halbuki Imişlidə şəkər zavodu fəaliyyət göstərir və şəkər daxili istehsal sayılır. Ona görə xaricdə fəaliyyət göstərən zavodla, daxildəkinin heç bir fərqi yoxdur”.
N.Əliyev vurğuladı ki, yerli istehsal məhv olduğundan hazırda ərzaqın qiymətində artım yaşanır. “Konkret halda siqaretin, şəkərin qiymətində, manatın məzənnəsində baş verənlər iqtisadiyyatın çöküşünün görsənişidir. Istehsalın bütün mərhələlələrində çöküş yaşanır. Yoxsullaşma, işsizlik böyük sürətlə artacaq. Bütün bu proseslər qıtlığa doğru aparır”.
Xəyal