Masazır bələdiyyəsinin sədri, adı hər zaman ölkə mətbuatında müxtəlif qalmaqallarda hallanan Siyanfər Əliyev bu günlərdə Baş Prokurorluqda Akif Çovdarov məsələsi ilə bağlı ifadə verib. Bu barədə cumhuriyyet.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, S.Əliyevin Baş Prokurorluğa çağırılmasına səbəb A.Çovdarov tərəfindən torpaqlarına əl qoyulan sahibakarlardan birinin Zakir Qaralova ünvanladığı müraciət olub. Belə ki, müraciətində A.Çovdarovun zor gücünə hektarlarla torpağını ələ keçirdiyini bildirən sahibkarın şikayəti Baş Prokurorluqda aparşdırılmağa götürülüb. Məhz araşdırma çərçivəsində bəlli olub ki, A.Çovdarovun sahibkara məxsus torpaqlara əl qoyması heç də təsadüfi olmayıb. Bələdiyyə sədri S.Əliyev də sahibkara məxsus torpaqların sabiq MTN generalı tərəfindən zorla ələ keçirilməsi haqqında məlumatlı olub. Onun bu prosesdə iştirakçılığı ehtimalı da yüksək hesab edilir.
Uzun illərdir ki, Masazır bələdiyyəsinin sədri vəzifəsində çalışan Siyanfər Əliyevin çoxlu sayda torpaq sahələrinə, obyektlərə sahib olduğundan da ötən yazılarımızda bəhs etmişdik. Bu günlərdə cumhuriyyet.az-a bələdiyyə sədri ilə bağlı daha bir maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, bələdiyyə sədri sadəcə torpaq alqı-satqısı ilə deyil, həm də göydələn biznesi ilə məşğuldur. Belə ki, bələdiyyə torpaqları üzərində söz sahibi olan S.Əliyev bu torpaq sahələrini əlverişli şərtlərlə bina tikintisi ilə məşğul olan şirkətlərə verir və özünü bu şirkətlərin inşa etdiyi yaşayış binalarında pay sahibi edir. Həmin binalara şərik olan S.Əliyev bina sahiblərindən biri kimi mənzil alqı-satqısını həyata keçirir. Mənbənin məlumatına görə, Masazırda bir neçə bu cür yaşayış binasında səhm sahibi olan S.Əliyevin şərik olduğu bu cür binalardan biri Masazırın ən görkəmli yerində inşa edilən “Qəsr” kompleksidir. Bu yaşayış kompleksinin şəriklərindən biri olan S.Əliyev məlum biznesini genişləndirmək məqsədi ilə ciddi addımalr atmaqdadır. Belə ki, bələdiyyə sədrinin “Villa Badam” kompleksinin ətrafındakı ərazilərdə yeni yaşayış kompleksləri inşa etdirmək fikri var ki, bu da bələdiyyə sədrinin bina inşasına kifayət qədər böyük önəm verdiyini göstərir.
P.S.Qarşıdakı günlərdə oxucuları S.Əliyevin restoran və şadlıq evləri ilə daha ətraflı tanış edəcəyik.