Azərbaycanda bir neçə icra başçısının “nurçu”ların lideri Fətullah Gülənə bağlı olduğu haqda BakuNews saytında məlumat vermişdik. Etibarlı mənbəyə istinadən vurğulamışdıq ki, sözügedən icra başçıları Gülənçilərin Azərbaycanda əsas maliyyəçiləridir. Bu məsələ ətrafında apardığımız araşdırma nəticəsində daha ciddi faktlar əldə etmişik.
Qeyd edək ki, ötən yazımızda adlarını açıqlamadığımız icra başçılarından biri Neftçala Rayon İcra Hakimiyyətinin rəhbəri İsmayıl Vəliyevdir.
Vəliyev İsmayıl Məhərrəm oğlu 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib, əmək fəaliyyətinə 1981-ci ildə Əlibayramlı (indiki Şirvan) şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb. 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi ,21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib. 2005-ci ildən Qobustan RİH-in başçısı olub. 26 aprel 2011-ci il tarixdən etibarən isə Neftçala rayonuna rəhbər təyin edilib.
İsmayıl Vəliyevin Gülən şəbəkəsi ilə ortaq biznesi olduğu vurğulanır. Onun Fətullah Gülənin yaxın adamı kimi tanınan Türkiyənin məşhur iş adamı, zavodlar şəbəkəsinin rəhbəri Ramazan Kalyonçu ilə ortaq biznesi olduğu haqda informasiyalar var. Xatırladaq ki, Kalyonçular ailəsinə məxsus olan şirkətlər qrupu Türkiyədə ən güclü holdinqlərdən sayılır.
Məlumata əsasən, icra başçısının biznes sturkturuna Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qardaşı, vaxtilə FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşınalığa və dələduz əməllərinə görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu rəhbərlik edir. İ.Vəliyevin “Kalyonçu” şirkəti ilə əlaqələri də məhz qaynı vasitəsilə həyata keçirilir.
Belə ki, yaxın ətrafı Rövşən Aslanovun Türkiyədə geniş biznes sahibi olduğunu güman etsə də, əslində o, şirkətlər İsmayıl Vəliyevlə, Fətullah Gülən camaatına yaxın olan Ramazan Kalyonçuya məxsusdur.
Belə iddialar var ki, R.Aslanovun bir missiyası da İ.Vəliyev və R.Kalyonçunun tapşırığı ilə “nurçu”lara aid dini kitabları şirkət vasitəsilə həm Azərbaycanda, həm də Rusiyada yaymaq olub. Bu dini kitablar Gəncədə və ətraf rayonlarda onun vaxtilə bir yerdə işlədiyi əlaltıları tərəfindən, Xızıda qardaşı, rayon icra başçısı Xəzər Aslanov, Neftçalada icra başçısı, qaynı və şəriki İsmayıl Vəliyev, Bakıda Binə Ticarət Mərkəzində şirkətin Azərbaycan nümayəndəsi Natiq, Rusiyada isə şirkətin nümayəndəsi Rahib adlı şəxslər tərəfindən yayılıb.
Ardı var
Araşdırmamız davam edir...
Bəs, Xızı rayon icra başçısı Xəzər Aslanov və Neftçalanın icra başçısı İsmayıl Vəliyevin Türkiyədəki Gülən şəbəkəsi ilə başqa nə kimi əlaqələri olub?
Onlar Azərbaycan dövlətçiliyinə qarşı hansı əməllərə yol veriblər?
Bu və digər şok faktları yaxın günlərdə saytımızda izləyə biləcəksiniz. Növbəti yazımızda onu da biləcəksiniz ki, İsmayıl Vəliyevin yəhudi lobbisi ilə nə kimi təmasları var...
BakuNews.az