“Elçibəy məhkəmədə mənə dedi ki, vaxt gələcək rejim sənin dərini soyub yaman günə qoyacaq…”

24-09-2016, 10:00   
“Elçibəy məhkəmədə mənə dedi ki, vaxt gələcək rejim sənin dərini soyub yaman günə qoyacaq…”

Məni əsgər ölümlərini gizlətməkdə günahlandırırlar…”

Sabiq deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu Moderator.az saytına müsahibə verib.Müsahibəni təqdim edirik.

– Eldar müəllim, oğlunuz Rüfətin həbsi sizi də hədəfə gətirdi. Vaxtilə nümayış etdirdiyiniz siyasi mövqeyə tənqidi yanaşanlar sizi hakimiyyətə yarınmaqda ittiham edirlər. Bununla bağlı nə deyə bilərsiniz ?


– Olan işdi. Bunlar məni həyəcanlandırmır. Yarınmağa gəldikdə isə bunu başa düşmürəm. O zaman indikiləri də həmin cərgəyə daxil edib, hakimiyyətə yarınmaqda suçlamaq mümkündür… Digər tərəfdən hamının eyni cür düşünə bilməməsini də anlayışla qəbul edirəm. Ona görə də əks fikirlərlə çıxış edənləri topa tutmağa vaxt sərf etməyə lüzüm görmürəm. Ancaq bir məsələ vardır ki, bu “həqiqət” carçıları Rüfət birinci dəfə həbs edilərkən, yaxud ev dustaqlığına buraxılarkən nədən belə “dürüstlük” ortaya qoymadılar, 9 il azadlıqdan mərhum ediləndən sonra qələmə güc verdilər. Səbəblər çox ola bilər. Burada məcburi təsirləri, sifarişləri də kənara atmaq qənaətində deyiləm. Məsələn, məni əsgər ölümlərini gizlətməkdə günahlandırırlar. Bununla necə razılaşa bilərəm? MN-də xitmət etdiyim 7 illik bir dövrdə heç bir əsgər ölümünü nə qapalı saxlamış, nə də belə hadisələrə başqa mənalar verməklə həqiqəti gizlətmişəm. Azərbaycan o qədər də böyük ölkə deyil. Hər hansı ciddi bir hadisə dərhal sıçrayışla hər tərəfə yayılır. Bunun üzərində düşünməyi məni hədəf götürənlərə məsləhət görərdim!

– Bəs belədirsə, niyə bu ittihamlar indi ortaya atılır?

– Maraqlı da burasıdır. İndi bəziləri meydançada topu istədikləri istiqamətə ötürmək üçün əlverişli fürsət əldə ediblər. Yeri gəlmişkən, haqqımda arxivlərdən çıxarılaraq bu gün dövriyəyə buraxılan bir məlumatı sizin diqqətinizə çatdırmaq məcburiyyətindəyəm.

Təxminən 20 il əvvəl belə bir hadisə olmuşdur. Əbülfəz Elçibəy prezident Heydər Əliyevi təhqir etdiyinə görə, Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə verilmişdir. O zaman mən Heydər Əliyevin içtimai müdafiəçisi qismində rəsmi olaraq məhkəmə prosesində iştirak edirdim. Məhkəmədə çıxışlarım da olmuşdu. Mən bunları danmıram… Sosial şəbəkələrdə yayılan bu məlumatda müəllif bildirir ki, guya, tez-tez Əbülfəz Elçibəyin çıxışlarını kəsir, ona danışmağa imkan vermirdim. Bax burası tamam uydurmadır. Bir şeyi xatırlatmaq istəyirəm ki, məhkəmədə bir çıxışım zamanı Əbülfəz Elçibəy geri dönərək mənə bu sözləri dedi: “Sabiroğlu hələ ki, alovlu çıxışlar edə bilərsən, buna görə tərifnamələr də almağın mümkündür. Ancaq onu yadında saxla ki, vaxt gələcək rejim sənin dərini soyub yaman günə qoyacaq. Mənim bu sözlərimi qulağında sırğa elə”. Ağır və sərt sözlər idi. Lakin Əbülfəz Elçibəyə söz qaytarmadım. Ürəyimdə isə onun bu ittihamına mənasız və acıqlı münasibət kimi yanaşdım. Bu tarixin bir dərsi idi…

Əlbəttə, çoxdanın bu hadisəsinin indi sosial şəbəkələrdə yayılması təsədüfi deyil. Mənə qarşı tənqidlərin sayını artırmaq, üzərimə Elçibəysevərləri qaldırmaq niyyəti güdülür. Burada başqa məqsədi müəyyən etməyə çətinlik çəkirəm. Lakin bununla belə bir tarixi üzə çıxardığına görə həmin yazara təşəkkür edirəm…

Fürsətdən istifadə edib son olaraq ona bir sual vermək məcburiyyətindəyəm. Bu gün cəmiyyət üçün mən daha təhlükəliyəm, yoxsa satılmışlar, ikiüzlülər, bankları talan edənlər, rüşvəti milyonlarla alanlar və sair və iləaxır… Hörmətli yazardan bunun cavabını xahiş edərdim.

-Eldar müəllim, indi keçək sizi qayğılandıran başqa bir məsələyə. Bu, oğlunuzla bağlıdır. Ondan bir xəbər varmı? Rüfət evlə əlaqə saxlaya bilirmi?

– Təcridxananın daxili qaydalarına görə, onunla həftədə iki dəfə telefonla danışırıq. Vəkili Bəhruz Bayramov – ALLAH ömürünü üzun eləsin, çox əziyyət çəkir, tez-tez Kürdəxanaya gedir, Rüfətin vəziyyəti ilə yaxından maraqlanır. Rüfət bu gün zəng etmişdi. Saxlanma şəraitindən bir narazılığı yoxdur. Hiss etdim ki, əhvalı o qədər də pis deyil.

– Hazırda nə kimi addımlar atmaq fikrindəsiniz?

– Mövcud hüquq qanunvericiliyinə uyğun olaraq bütün imkanlardan istifadə edəcəyik. Apellasiya şikayəti verəcək, bu zaman yenə də ədalətsiz münasibətlə rastlaşsaq, növbəti müraciətimiz Ali Məhkəməyə olacaq. Bu inistansiyadan da əlimiz üzülsə, çarəmiz qalır beynəlxalq hüquq təşkilatlarına müraciət etməyə.

Rüfət sifarişin qurbanıdır. Doğrudur, lap əvvəlcədən onun bu mövqeyi ilə razılaşmasamda, onu tutduğu yoldan döndərə bilmədim. Rüfət qanunsuzluğa və rüşvətxorluğa etiraz əlaməti olaraq vəzifəsindən istefa verdi. Həngamə də bundan sonra başladı. Rüfəti haqsız olaraq rüşvərxorluq maddəsi ilə cinayətə cəlb etdilər. Heç olmazsa cibinə narkotika atıb tutaydınız. Əgər sabiq müstəntiq belə rüşvət həvəskarı idisə, daha niyə işi ilə xudahifizləşirdi, elə qalıb rüşvətini almaqda davam edəydi. Oğlum bu adamlara əl-qol açmaq üçün yaxşı imkanlar verdi.

– Bir qədər açıq danışmağınızı xahış edərdim?

-Rüfətdə də günah var. Gərək dərk edəydi ki, Əli İnsanovu müdafiə etməklə hansı təhlükələrlə üzləşə bilər. O isə müəyyən reallıqları nəzərə almayıb, özünü ciddi problem qarşısında qoydu. Birinci dəfə necə tapşırıqla azadlığa buraxılmışdısa, ikinci dəfə də həmin tapşırıqla 9 il müddətinə zindana atıldı. Artıq keçib, təkrar-təkar bunun söyləməyimin bir faydası yoxdur.

-Eldar müəllim, əvvəl sizinlə əlaqə saxlayanlarla yenidən təmas qurmağa çalışdınızmı?

-Xeyr, nə mənimlə danışan oldu, nə də mən kiminləsə ünsiyyət yaratmağa cəhd etdim. Çünki bunun bir əhəmiyyət kəsb etməyəcəyinə əmin olduğuma görə nə özümə, nə də başqasına əziyyət verməyə lüzüm görmürəm.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar